Ekran hadisələrinin inandırıcı olmasını təmin edən peşəkar aktyor ifası filmlərin ekran ömrünü uzadır, baxımlılığını artırır. Belə olan halda müxtəlif dövr hadisələrinin ekran şərhini izləyən tamaşaçı kinonu inikas olaraq qəbul edir, düşünür, nəticə çıxarır. Bəli, ekran hadisələrinin realist təqdimatı bilavasitə aktyor ifası ilə bağlıdır. Məhz bu baxımdan kamera qarşısında yüksək sənətkarlıq nümunələrinin labüdlüyü şərtdir.
Azərbaycan kinosunda 6 filmdə rol alan istedadlı aktrisa, RSFSR Xalq, Azərbaycanın Əməkdar artisti Tamilla Ağamirava da özünəməxsus üslubda oynadığı ekran obrazları ilə geniş tamaşaçı rəğbəti qazanıb, bacarıq və istedadı ilə filmlərin uğurunda mühüm rol oynayıb.
Maraqlı, xarakterik ekran obrazlarına görə sevilən istedadlı aktrisa 93 illik ömür payının 70 ilini sənətə həsr edib. 1952-ci ildən “Romen” Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisalarından olan Tamilla Ağamirova az müddət ərzində tamaşaçıların sevimlisinə çevrilir, çox keçmir ki, fimlərə dəvət alır. 1957-ci ildə sovet kinorejissoru Qriqori Kozinsevin quruluş verdiyi “Don Kixot” kinodramında Altisidora rolunda çəkilir.
Bu filmdən sonra Azərbaycan kinorejissorlarının dəvəti ilə bir neçə filmdə çəkilir.
Azərbaycanın görkəmli kino rejissorlarından Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Əjdər İbrahimov və Kamil Rüstəmbəyov quruluş verdikləri müxtəlif janrlı ekran əsərlərində aktrisaya baş rol həvalə etməklə onun böyük potensiala malik olduğunu bir daha sübut etdilər.
Aktrisanın istedad və bacarığını təsdiqləyən ekran obrazlarından Səmayə – “Onun böyük ürəyi”, Bilqeyis – “Əsl dost”, Cüzeppa – “Matteo Falkone”, Alagöz – “Koroğlu”, Mariya – “Zəncirlənmiş adam”, Xavər – “Yenilməz batalyon” obrazları kinosevərlərin sevərək xatırladığı ekran personajlarıdır. Yaddaqalan kino rollarının təfsirində böyük nailiyyətlər əldə edən, oynadığı personajların həyat mövqeyini, düşüncə və psixologiyasını incəliklə cilalayan aktrisa ona həvalə olunan hər bir rolun daxili dünyasına sirayət edib, mürəkkəb münasibətlərin səbəblərini, vəziyyətlərdən yaranan problemlərin səbəb və nəticələrini orijinal ştrixlərlə şərh edib. Fərdi yaradıcılıq üslubu, dəst-xətti çəkildiyi ekran əsərlərinin nailiyyətinə bilavasitə təsir göstərib.
Əjdər İbrahimovun iri metallurgiya və kimya mərkəzi olan Sumqayıtın inşaatçılarına həsr etdiyi “Onun böyük ürəyi” filmindəki Səmayə obrazı İkinci Dünya müharibəsi illərində, həmçinin müharibədən sonrakı vaxtlarda Azərbaycan qadınının əzmkar, mərd, cəfakeş xüsusiyyətlərini təsvir edir. Rolun xarakterik və çoxplanlı (tələbkar, ciddi, qayğıkeş) xüsusiyyəti, çoxillik səhnə təcrübəsinə malik aktrisanın yaradıcılığında dəqiqliklə cilalanır. İradəli və mübariz qadın obrazının təfsirində personajın hadisələrə münasibəti açıqlanır, digər obrazların fərdi cəhətləri, həyat mövqeləri şərh olunur.
Mürəkkəb həyat hadisələri, insan münasibətləri bir çox hallarda kinoda psixoloji dramlarda şərh olunur. “Əsl dost” sosial-psixoloji dramında da uşaqlıq dostu olan Fərmanla Əsədin həyat hekayəsindən bəhs edilir. Filmdəki hadisələrin kəskinləşməsinə səbəb yaradan mürəkkəb xüsusiyyətli personajlardan biri də Bilqeyisdir. “Mən həmişə ürəyimin yox, ağlımın səsinə qulaq asıram” fikri ilə yaşayan Bilqeyisin səhv qərarları, bəzənsə çılğınlığı, qısqanclığı xoşbəxtliyini itirməsinə, əzab çəkməsinə səbəb olur. Şan-şöhrət, var-dövlət sahibi olmaq arzusu ilə yaşayan Bilqeyis cılız düşüncəsinə, zəif mənəviyyatına qurban gedir, həyatın sınaqlarından alnı açıq çıxa bilmir. İstedadla zəhmətini bir araya gətirən, daima ali səviyyədə təqdim etdiyi sənətini milyonlara sevdirən aktrisanın ekran personajları dolğundur, baxımlıdır.
Tamilla Ağamirovanın sənət bilgisinin təzahürü olan zəngin yaradıcılıq metodu rolların fərdi xüsusiyyətlərinin açılmasına, hadisələrin məzmununun çatdırılmasına imkan yaradıb. Aktrisanın bu və ya digər personajları ekran hadisələrinin inandırıcı, baxımlı olmasına, filmlərin uğurlu alınmasına hesablanıb. Müxtəlif həyat həqiqətlərini bənzərsiz mizanlarda yaradıcılığında səciyyələndirən aktrisa ekran personajlarının fonunda sənətin həyat üçün vacibliyini dəfələrlə vurğulayıb, ziyalı, istedadlı sənətkar mövqeyinin cəmiyyət üçün əhəmiyyətli, gərəkli olduğunu göstərməyə nail olub.
Dövlət Film Fondu