İlk baxışda asan görünən dublyaj sənətinin sirləri, özəllikləri, incəlikləri çoxdur. Bu sahədə çalışan rejissorların və aktyorların fədakarlığı danılmazdır. Uzun illər dublyaj rejissoru kimi fəaliyyət göstərən, xarici filmlərin ana dilimizdə qüsursuz səsləndirilməsi işinə böyük əmək sərf edən, həmçinin yerli filmlərdə aktyorların ekran obrazlarını qüsursuz səsləndirməsi üçün onlara doğru istiqamət verən peşəkar dublyaj rejissoru, Əməkdar mədəniyyət işçisi Arif Həbibinin 80 illik yubileyidir. Bu gün o, aramızda olmasa da, əziz xatirəsi bizimlədir. İşində peşəkar, həyatda mehriban insan kimi yaddaşlarda iz salan dublyaj rejissorunu dərin hörmətlə yad edirik.
Arif Həbibi 1967-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universitetinin) rejissorluq fakültəsini bitirib, həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. Dublyaj üzrə ali dərəcəli kinorejissor kimi tanınıb, məşhurlaşıb. Az bir müddət ərzində kino ictimaiyyətinin rəğbətini qazanan dublyaj rejissorunun yaradıcılıq uğurunun sirri, həmkarları arasında böyük hörmətə malik olmasının, sevilməsinin başlıca səbəbi sənətinə həddən artıq bağlı olmasında, peşəsinə məsuliyyətlə yanaşmasında idi. Rejissorun dublyaj sahəsinə gəlməsi ilə bağlı xatirələrindən: “Dublyaj sənətinə görkəmli teatr, kino xadimi Adil İsgəndərovun təkidi ilə gəlmişəm. Həmin vaxt kinostudiyada “Mən ki gözəl deyildim” filmi çəkilirdi. Filmin rejissorlarından biri Ağarza Quliyev idi. Bizim də onunla ailəvi dostluğumuz vardı. Kinostudiyaya gedib Adil müəllimə Ağarza müəllimlə həmin filmdə işləmək istəyimi bildirdim. Dedi yox, filmin yaradıcı heyəti artıq təsdiqlənib. Səni dublyajda rejissor assistenti kimi işə götürəcəyəm. Orada üç, dörd ay işlə, sonra rejissor keçirəcəyəm. Bu üç, dörd ay – üç il dörd ay oldu. Bu illər ərzində mən görkəmli kino xadimlərindən Ağarza Quliyevin, Şamil Mahmudbəyovun, Əlisəttar Atakişiyevin, Yusif Yulduzun assistenti işlədim. Elə olurdu ki, bu sənətkarlar film çəkmədikləri müddətdə öz xahişləri ilə dublyajda rejissor kimi çalışır, məvacib alırdılar. Heç yadımdan çıxmaz, dublyajda 6-7 ay işlədikdən sonra Adil İsgəndərovun yanına gedib xahiş etdim ki, məni rejissor ştatına keçirsin. Adil müəllim cavabında: “Qada, mən səni onlara assistent verə bilərəm. Amma o cür sənətkarları sənə assitent verə bilmərəm”, – dedi. Haqlı sözə nə deyə bilərdim ki… Sağollaşıb otaqdan çıxdım. Görkəmli kino rejissorları ilə çalışmağım isə mənim həyatımda, yaradıcılığımda çox böyük rol oynadı”.
Rejissor kimi ilk dəfə 1970-ci ildə 27 yaşında xarici film dublyaj edən Arif Həbibi fəaliyyəti boyu rollara uyğun dəqiq, qulağa xoş gələn səslər seçməklə, istedadlı aktyorları dublyaja cəlb etməklə filmlərin keyfiyyətli səslənməsinə, maraqla baxılmasına imkan yaradıb. Rejissorun bu barədə fikirlərindən: “Aktyorları, adətən, özüm seçirdim. Respublikanın Xalq artistləri Leyla Bədirbəylini, Əminə Yusifqızını, Mirvari Novruzovanı, Amaliya Pənahovanı, Məhluqə Sadıqovanı, Şahmar Ələkbərovu, Məlik Dadaşovu, Həsən Əblucu, Əməkdar artistlərdən Səməndər Rzayevi, Hamlet Xanızadəni və başqalarını dublyaja tez-tez çağırırdım. Dörd saatdan artıq studiyada işləmək ağır idi. Bəzən də təcili təhvil verəcəyimiz filmi bitirmək üçün studiyada səkkiz saat işləməli olurduq.
Filmləri Moskvadan iki nüsxədə (hay-küy, mahnı, danışıqlar olan nüsxə əlavə olurdu) göndərirdilər. Baxmaq üçün başqa, hissələrə bölmək üçün başqa. Bir nüsxəyə baxırdıq, digərini isə mətnə görə müəyyən hissələrə bölüb dublyaj edirdik. Çox həvəslə işləyirdik. Dublyaj etdiyimiz filmər də maraqla baxılırdı, sevilirdi”.
Ədəbiyyatı, doğma dilini yüksək səviyyədə bilən, tərcümə ilə mükəmməl məşğul olan Arif Həbibi aktyorların yaradıcılığı ilə yanaşı, xasiyyətlərinə də yaxından bələd olmağı özünə borc bilirdi. Onlarla olan dostluq münasibəti xarakter və psixologiyalarını, sənət haqqındakı düşüncələrini daha yaxından bilməyə, istəklərinə bələd olmasına imkan yaradırdı. Aktyorları çox vaxt səsləndirəcəkləri rol üçün özü seçib təsdiqləyirdi. Müşahidəsinə istinadən də fərdi cəhətlərinə uyğun rolları seçib onlara həvalə edir, bununla da doğru rol bölgüsü etmiş olurdu. Sənətkarın qeydlərindən: “Tanınmış sənətkarlardan Həsənağa Salayev, Əli Zeynalov, Kamal Xudaverdiyev, Yusif Vəliyev, Hüseynağa Sadıqov, Amaliya Pənahova, Əliabbas Qədirov və çoxları ilə çalışmışam. Akademik Dram Teatrı ilə yanaşı, Gənc Tamaşaçılar Teatrından və Sumqayıt Dövlət Dram Teatrından da dublyaja aktyorlar çağırmışam. Dublyaj etdiyimiz filmər də maraqla baxılırdı və sevilirdi”.
Sənətinin fövqündə duran, taleyinə yazılan 77 illik ömür payının 40 ildən çoxunu dublyaj sənətinin inkişafına həsr edən, daim sözü-söhbəti sənətmeyilli kəlamlardan, sənət adamlarının fərdi yaradıcılığından olan dublyaj ustası Arif Həbibi artıq iki ildir ki, aramızda yoxdur. Amma bu gün də adı çəkiləndə səslərlə, sehrli mühitlə, ülviyyətlə dolu sənəti və məsləyinə olan sonsuz sevgisi yada düşür, şəxsiyyəti xatırlanır, hörmətlə anılır.
Dövlət Film Fondu