İyunun 5-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı keçirilib.
Filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. O deyib: “Mehmandarovlar nəslinə həsr olunan bu film tarixi-publisistik formada çəkilib. Film özünəməxsusluğu ilə seçilir. Hazırkı vaxtda sənədli film çəkmək çox çətindir. Rejissor burada özünəməxsus tərzdə maraqlı forma tapa bilib. Eyni zamanda, ekran əsərinin simvolik sonluğu var. Əminəm ki, bu film milli kinematoqrafiyada öz layiqli yerini tutacaq”.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov təqdimatdan məmnunluğunu bildirərək, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu gün burada Mehmandarovlar nəslinin nümayəndələri iştirak edirlər. Mən öz ailəm adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Burada həssas məqamlar var, Mehmandarovların Şuşada olan malikanə kompleksi misilsiz və gözəl şəkildə bərpa edilib. Bu, eyni zamanda, bizim gələcək nəsillərə bir töhfədir”.
Sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov, filmin ssenari müəlliflərindən biri, “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev təqdim olunan ekran əsəri və Mehmandarovlar haqqında danışıblar.
Qeyd edilib ki, filmdə Qarabağ hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir: “Mehmandarovlar XIX-XX əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıblar. Filmdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və “Difai” təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır”.
Sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olunub.
Qeyd edək ki, ekran əsərinin çəkilişləri Bakıda və Şuşada aparılıb. Filmin operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.