Xalq artisti Süleyman Ələsgərovun (20.06.1915-10.12.1998) anadan olmasından 108 il ötür. Unudulmaz sənətkarın Azərbaycan teatr və kino sənətində xidmətləri danılmazdır. 93 illik ömür payının 65 ilini Gənc Tamaşaçılar Teatrının inkişafına həsr edən aktyor “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan iyirmiyə yaxın filmdə çəkilib, yerli və xarici filmlərin səsləndirilməsində iştirak edib.
Gənc Tamaşaçılar Tearının səhnəsində maraqlı, koloritli rolları ilə diqqət çəkən Süleyman Ələsgərov ilk dəfə kinorejissor Lətif Səfərovun ekranlaşdırdığı “Bəxtiyar” kinokomediyasında klub müdiri rolunda çəkilib. Epizod rolun maraqlı təqdimatından sonra “İstintaq davam edir” detektiv dramında Səlimin atası, “Bir ailəlik bağ evi”ndə ata, “Bizi bağışlayın” filmində Adil, “Dağlarda döyüş” macəra dramında mayor Poladov, “Xatirələr sahili” kinodramında Yusifov, “Qızıl qaz” kinopovestində kənd sakini, “Köhnə bərə” filmində İlyas, “Şahid qız” detektiv dramında Rzayev, “Etiraf” kinodramında Axund Əli və digər rolları filmlərin baxılmasına, ekran hadisələrinin maraqla izlənilməsinə səbəb yaradıb.
Süleyman Ələsgərov xarakterik aktyor idi. Buna görə də ona həvalə olunan hər bir rolun yaddaşlarda qalmasına, filmin aparıcı qüvvəsi kimi qəbul olunmasına nail olurdu. Buna görə də rejissorlar ekran personajlarının daxili mənini, istək və məqsədini dərindən duyan, yaradıcılığında ustalıqla canlandıran aktyorun xətrini çox istəyir, filmlərinə böyük məmnuniyyətlə dəvət edirdilər.
Süleyman Ələsgərova məşhurluğu görkəmli kinorejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Bizim Cəbiş Müəllim” filmində oynadığı Cəbiş müəllim obrazı gətirdi. Rolun fərdi keyfiyyətlərini orijinal, səmimi cizgilərlə canlandıran aktyor mahir ifası nəticəsində tərəf-müqabillərinin bacarığını təsdiqləməklə yanaşı, İkinci Dünya müharibəsi illərində arxa cəbhədə olan insanların çətin, kədərli yaşayış tərzini, dövrün acınacaqlı əhval-ruhiyyəsini dolğun, realist səpkidə təcəssüm etdirməyə nail olub.
İkinci Dünya müharibəsi illərində çətinliklər içərisində yaşayan, lakin hər nə olursa olsun, ailəsini halal zəhmətlə dolandıran, vətənin azadlığını hər şeydən yüksək tutan, bu istiqamətdə də şagirdlərini, övladlarını tərbiyə edən Cəbiş müəllim mənəvi keyfiyyətlərin üstünlüyünü, mədəniyyət etalonu fikrini daşıyan personaj kimi kino tarixində əbədi iz saldı.
Süleyman Ələsgərovun Cəbiş müəllim obrazı üçün tapdığı fərdi cizgilər heyrətamizdir. Tərəddüdlər, düşüncələr, kədər içərisində gəzən, lakin daxili sarsıntılarını, qənaətlərini büruzə verməməyə çalışan, eyni zamanda insanları, ailəsini ruhlandıran, onları sülhün, əmin-amanlığın yaxınlaşdığına inandıran cılız cüssəli insanın möhkəm iradəsi, gözü, könlünün toxluğu, mənəvi dünyasının zənginliyi tamaşaçını hər an düşünməyə, personajın nümunəvi cəhətlərindən qidalanmağa sövq edir.
Cəbiş müəllim rolunu yaddaşlara, qəlblərə yazan, müharibə dəhşətlərinin dözülməzliyini topsuz, gülləsiz mono ifasında təsdiqləyən Cəbiş müəllim obrazı bu mənada bütün dövrlərin tərbiyəçisi, müəllimi kimi nəsillərin sevimli personajı olaraq qalmaqdadır. Süleyman Ələsgərov kinoda heç bir rol oynamasaydı belə, yenə də Cəbiş müəllim rolu ilə kino salnaməmizdə vacib xarakter və fikirlərin daşıyıcı olan bir obrazın yaradıcısı kimi tamaşaçı yaddaşında əbədi iz salacaq, qəlblərdə yaşayacaqdı.
Aktyorun dublyaj fəaliyyətinə nəzər sadıqda isə məxməri səs ahəngi ilə kino personajlarına qazandırdığı növbəti uğurları ilə tanış oluruq. “Uşaqlığın son gecəsi” lirik kinodramında İsmayıl (Ələkbər Seyfi), “Uzaq sahillərdə” filmində Mazelli (Andrey Fayt), “Yenilməz batalyon”da Əlimərdan (Şamil Mahmudbəyov), “Əmək və qızılgül” filmində Pavlov (Konstantin Bartaşeviç), “Telefonçu qız” filmində Mehribanın atası (Gündüz Abbasov), “Möcüzələr adası”nda Polyakov (Leonid Piroqov), “İnsan məskən salır” poetik kinodramında Şirəli (İsmayıl Əfəndiyev), “Torpaq. Dəniz. Od. Səma” filmində həkim (Pyotr Jarikov) və digər personajların həyat mövqeyi, psixologiyası, düşüncə və məqsədi Süleyman Ələsgərovun rollara uyğunlaşdırdığı səs çaları vasitəsi ilə ustalıqla cilalanır, təhlil edilir. Dublyaj sənətinin spesifik keyfiyyətlərini sənət biliciliyi fonunda təsdiqləyən aktyor fərdi istedad və bacarığını dublyaj sahəsində nümayiş etdirməklə yanaşı, səsləndirmənin film çəkilişi qədər vacib və mühüm amil olduğunu sübut edib.
Süleyman Ələsgərovun Azərbaycan Televiziyasında yayımlanan “Komediyalar aləminə səyahət” yumoristik səhnəciklərindəki rolları və televiziya tamaşalarında oynadığı personajlar (“Ağ atlar üçün vals”da Camal ata, “Astana”da ata və s.) da onun yüksək sənətkarlıq keyfiyyətini təsdiqləyib.
Əməkdar artist Loğman Kərimovun sənət dostu haqqında fikirləri yerinə düşür: “Süleyman Ələsgərovla Gənc Tamaşaçılar Teatrında 20 il çalışdım. Mən teatra gələndə Süleyman müəllim artıq tanınmış, məşhur aktyor idi. Bildiyimə görə teatrın səhnəsində 100-dən artıq rolda çıxış etmişdi. Onun tamaşalardakı çıxışlarına heyranlıqla baxırdım və çox şey öyrənirdim. O xarakterlər ustası idi. Azərbaycan teatr, kino sənətində, televiziya tamaşalarında, radioda, dublyajda öz imzasını qoymuşdu.
Ümumiyyətlə, onunla səhnədə tərəf-müqabili olan aktyorlar həmişə ondan razılıq edirdilər. Süleyman müəllim həyatda da, səhnədə də dəqiq bir insan idi. Belə aktyorlarla işləmək daha rahatdır, daha xoşdur.
Onunla bir neçə tamaşada tərəf-müqabili olmuşduq. Eyni zamanda “Ağ atlar üçün vals” televiziya tamaşasında tərəf-müqabili olmaq da mənə nəsib oldu. O, öz rolunu olduqca peşəkar oynayıb.
Sonralar mən teatrda rejissor kimi çalışanda, Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” tamaşasında ona baş rollardan biri olan vəzir rolunu həvalə etdim. Çox dəqiq insan idi. Məşqlərə müntəzəm olaraq gəlirdi, heç vaxt gecikməzdi, rolunu da böyük həvəslə hazırlayırdı.
Təəssüflər olsun ki, premyeraya bir bir neçə gün qalmış bizi tərk etdi. O, Azərbaycan teatrında, kinosunda əvəzsiz xidmətləri olan aktyorlarımızdandır. Onu tez-tez xatırlayırıq. Çalışırıq ki, Süleyman Ələsgərovu və onun kimi fədakar sənətkarlarımızın sənətini və teatrımızın uğurlarını davam etdirək”.
Dövlət Film Fondu