Kinorejissor Rüfət Şabanovun doğum günüdür

Həyata fərqli baxışı, insanlara ürək sözü olanlar düşüncələrini, hisslərini sənətdə təcəssüm etdirir, daxili dünyalarının gözəlliklərindən milyonlara pay bölür, fikir, ideya üstünlükləri ilə insanların həyat yoluna işıq, nur saçırlar.

Yaradıcılığında mənəvi dəyərlərin üstünlüyünü, humanist düşüncələrin, xeyirxah əməllərin vacibliyini təbliğ edən, insan psixologiyasını, hiss və duyğularını tədqiq edən, qarşılıqlı münasibətlərin, hörmət və etimadın vacibliyini  vurğulayan tanınmış kinorejissor Rüfət Şabanov da məhz daxili dünyasının gözəlliyini yaradıcılığına yansıtmaq, onu narahat edən məsələləri ekranda canlandırmaq, düşündürmək üçün kinoya gəlib, istedadını, potensialını məsləyində  təsdiqləməklə geniş tamaşaçı auditoriyasının, kino ictimaiyyətinin rəğbətini qazanıb.

Ömür yolu həmkarları, dostları tərəfindən xoş xatirələrlə anılan rejissorun anadan olmasının 101-ci ildönümündə sənət və həyat yoluna qısa nəzər salaraq əziz xatirəsini dərin ehtiramla yad edirik.

Rüfət İsmayıl oğlu Şabanov 1922-ci il iyunun 22-də Bakıda dünyaya göz açıb. Hələ kiçik yaşlarından ədəbiyyata, incəsənətə maraq göstərib. Mütaliəyə çox  üstünlük verib, sənət məbədi olan teatra mütəmadi olaraq üz tutub.

Sənət, səhnə ictimai davranış qaydalarını nizamlamağa, insan münasibətlərini yumşaltmağa, bütünlükdə həyatı gözəlləşdirməyə iddialı olsa da,   bu istiqamətdə bütün bacarıqlarını səfərbər etsə də, bəzi hallarda həyat ziddiyyətləri, gərginliklər qaçılmaz olur. İkinci Dünya müharibəsinin başlanması da həyatın inkişafına mane oldu, insanların arzularının yarımçıq qalmasına səbəb yaratdı.

Gənclik dövrü ağır illərə təsadüf edən 19 yaşlı Rüfət Şabanov da qlobal faciənin, bəşəri bəlanın yaşandığı bir dövrdə digər həmyaşıdları, həmvətənləri kimi orduya çağırılıb, vətənin müdafiəsi üçün cəbhəyə yollanıb. Həmin illərdə bir çox ailələrdə olduğu kimi onun qohumlarından da repressiyaya məruz qalanlar olduğu üçün gənc əsgər cərimə batalyonunda vuruşmağa göndərilib. Çətin dövrün ağır yükü həyata böyük arzularla baxan gəncin həyatından fəsadsız ötüşməyib, bir müddət sonra o, ağır xəstələnib, ordudan tərxis edilib.

Sənətə olan həvəsini qəlbində daim yaşatdığına görə ordudan tərxis olunduqdan sonra 1942-ci ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə düzəlib, köməkçi heyətdə çalışıb. Orada iki il işləyəndən sonra, 1944-cü ildə Bakı kinostudiyasında fəaliyyət göstərib.

Teatrda və kinoda görkəmli sənətkarlarla çalışan, sənətin məsuliyyətini dərindən anlayan Rüfət Şabanov yaxşı başa düşürdü ki, sənətin təcrübi əsasları ilə yanaşı, nəzəri bilgilərinə də yiyələnmək zəruridir. Bu mənada ali kino savadı almağı qarşısına məqsəd qoyub, 1944-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub, kino sənətinin sirlərinə dərindən yiyələnib. Bir müddət sonra ailəsindən aldığı məktubda atasının ağır xəstə olduğunu öyrənən gənc vətənə qayıdıb. Atası dünyasını dəyişdikdən sonra isə təhsilini davam etdirmək üçün Moskvaya qayıtmayıb.

Hər zaman peşəkarlığa, sənətin aliliyinə üstünlük verən Rüfət Şabanov yenidən ali sənət təhsili almağı qarşısına məqsəd qoyub. Sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki ADMİU) verib. İnstitutda görkəmli rejissor, Xalq artisti Mehdi Məmmədovun sinfində təhsil alıb (1945-1951). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Rus Dram Teatrında truppa müdiri, az sonra isə rejissor işləyib (1952-1957). Teatrın səhnəsində “Uşaqların anası”, “Qızıl qartal altında”, “Gözəl qızlar”, “Bədbəxt hadisə” və  başqa pyeslərə quruluş verib.

Teatr hər zaman aktyorların və rejissorların sənət bilgisinin artmasında, təcrübələrinin zənginləşməsində mühüm rol oynayıb. Məhz bu mənada teatrdan kinoya gələn sənət adamlarının zəngin yaradıcılıq potensialı kinoya həmişə uğur gətirib. 1957-ci ildə Bakı kinostudiyasına gələn, 1967-ci ilə kimi burada çalışan Rüfət Şabanov da kinostudiyada əvvəlcə rejissor assistenti, sonradan isə ikinci rejissor və rejissor kimi fəaliyyət göstərib.

Kino fəaliyyətinin ilkin mərhələlərində görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sahillərdə” (1958) filmində ikinci rejissor kimi işləyən Rüfət Şabanov məslək məsuliyyətini təsdiqlədiyinə, peşəsinə böyük sevgi ilə yanaşdığına görə bu filmdən sonra Tağızadə ilə “Əsl dost” (1959) və “Matteo Falkone” (1960) filmlərində birgə çalışıb. Ardınca isə görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” (1961), Şamil Mahmudbəyovun quruluş verdiyi “Romeo mənim qonşumdur” (1963) bədii filmlərində II rejissor kimi işləyib.

1966-cı ildə “Qaraca qız” kinoalmanaxına daxil olan “Liftçi qız” novellası Rüfət Şabanovun rejissor kimi ilk müstəqil quruluş verdiyi bədii filmdir. Yazıçı Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilən filmdə həm əsərdən irəli gələn mühüm ideyalar (həyatın axıcılığına rəvac verən insani hisslər və davranış), həm də rejissor təfəkküründən yaranan fikirlər qabarıq,  inandırıcı şəkildə əksini tapıb, tamaşaçı fikrini formalaşdırıb, zövqünü oxşayıb.

Filmdə baş rol olan Nəriman obrazının ifaçısı Tariyel Qasımovun Rüfət Şabanovla olan iş birliyi haqqındakı fikirləri diqqət çəkir: “Rüfət müəllim insan kimi çox gözəl, səmimi insan idi. Sözügedən filmdə baş rol üçün çox adamı sınaq çəkilişinə dəvət etsə də, məni seçdi. Nəriman roluna 17-18 yaşlı bir gəncin çəkilməsi tələb olunurdu. Həmin vaxtlarda mənim 26 yaşım var idi. Bununla belə Rüfət müəllim: “Bu rola məhz səni çəkəcəyəm”, – dedi. Dedi də, çəkdi də.

Çəkiliş meydançasında o, aktyorlara həmişə sərbəstlik verirdi. Məşq vaxtı da hər şeyi bizə dərindən başa salırdı. Rüfət müəllimin mehriban, səmimi xüsusiyyətinə görə çəkilişlər olduqca rahat keçirdi. Buna görə də film uğurlu  alındı və yüksək səviyyədə qəbul olundu”.

Filmdə Lalə rolunu canlandıran Xalq artisti Xuraman Qasımova da Rüfət müəllimin kinoda kəşfidir. Belə ki, həmin vaxtlarda o, 7-ci sinifdə oxuyurdu. Rejissorun doğru seçimi və sənət təlimatı sayəsində yeniyetmə Lalə obrazı qəlblərə yol tapdı. Aktrisanın kino fəaliyyətində yaddaqalan personajlardan birinə çevrildi.

Rüfət Şabanov “Liftçi qız” lirik-macəra filmindən sonra 1968-1981-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziya kino çəkilişləri redaksiyasında baş rejissor vəzifəsində çalışıb. Burada əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. Onun tərəfindən çox sayda telviziya filmləri çəkilib. “Sovet Azərbaycanının salnaməsi” çoxseriyalı sənədli televiziya filmi Respublika Dövlət mükafatına təqdim olunub.

Bundan başqa Rüfət Şabanova  “Qurultaydan qurultaya”, “Qurultay nümayəndəsi”, “Bakı”, “Şuşa”, “Dostluq və qardaşlıq bayramı”, “Talış meşələri”, “Dənizkənarı bulvar”, “Şüvəlan buketi” kimi maraqlı tammetrajlı və qısametrajlı filmlərin çəkilişləri də həvalə olunub. Onu da qeyd edək ki, rejissorun bütün filmləri ovaxtkı Mərkəzi Televiziya tərəfindən I kateqoriyada qəbul olunub. Həmçinin telestudiyada işlədiyi dövrdə “İnsanı öldürməli” (1978), “Çöl gülləri” (1978), “Nizami Gəncəvi” (1980) və digər televiziya tamaşalarına da quruluş verib.

1982-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yenidən dəvət olunan Rüfət Şabanov 1983-cü ildə “Gəmi saatının sirri” bədii, 1985-ci ildə “On yeddi yaşlı oğlan” bədii televiziya filminə rejissor kimi quruluş verib.

“Gəmi saatının sirri” bədii filmində 10 yaşlı Əlinin həyata baxışı, valideynlərinə olan münasibəti, sevgisi, həmçinin digər üstün xüsusiyyətləri təhlil obyekti olaraq tamaşaçıların ixtiyarına verilib. “On yeddi yaşlı oğlan” bədii filmində isə çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edilib.

Kino və televiziya fəaliyyətindən də göründüyü kimi, Rüfət Şabanov yaradıcılığı boyu həyat məsələlərinin həlli üçün vacib olan mövzuları ekranlaşdırıb, yüksək mənəvi dəyərlərin, müsbət keyfiyyətlərin, etiket qaydalarının təbliğinə üstünlük verib, insan münasibətlərində qarşılıqlı hörmət və ehtiramın vacibliyini vurğulayıb. Yüksək mənəvi dəyərləri təbliğ edən yaradıcılığına, müsbət şəxsi keyfiyyətlərinə görə də sənəti, şəxsiyyəti yoxluğunda belə əziz tutulub, unudulmayıb.

Dövlət Film Fondu