Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filmi nümayiş olundu

Mədəniyyət Nazirliyinin dəstəyi və Memarlar İttifaqının təşəbbüsü ilə Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filmi nümayiş olunub. Film Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıq Dadaşov və Mikayıl Useynova həsr edilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təqdimat mərasimində ekran əsəri barədə məlumat verilib.

Tədbirdə çıxış edən filmin rejissoru Şamil Əliyev və ssenari müəllifi Natiq Rəsulzadə qeyd ediblər ki, Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Useynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən ekran əsəri 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub.

Ekran əsəri ilə bağlı fikirlərini bölüşən natiqlər onun çəkiliş prosesi haqqında məlumat veriblər.

Sonra “Yaradanlar” sənədli filmi nümayiş etdirilib.

Film görkəmli memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Useynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

Qeyd edək ki, ideya müəllifi Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynov olan film müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.