Qəlbləri riqqətə gətirdiyinə, insan ruhunun, düşüncələrinin dərinliklərinə nüfuz etdiyinə görə musiqi bəşəri sənətdir. Cəmiyyətin təfəkkürünün zənginləşməsində, dünyagörüşünün formalaşmasında mühüm rolu olan musiqinin kino sənəti ilə üzvi surətdə birləşməsi, kompozisiya təşkil etməsi ekran hadisələrinin emosionallığının artmasını, kino dilinin yumşalmasını təmin etdi, filmlərin baxımlılığını artırdı. Məhz buna görə də filmlərin uğur qazanmasında kino bəstəkarlarının xidmətləri böyükdür, danılmazdır.
Parlaq istedada, geniş yaradıcılıq potensialına malik olan görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun müxtəlif janrlı ekran əsərlərinə yazdığı musiqilər və mahnılar da filmlərin ekran həllinin uğurlu alınmasına, maraqla izlənilməsinə imkan yaradıb. Kino musiqisinin spesifik qanunlarına ustalıqla riayət edən bəstəkar ekran hadisələrini dərindən duyaraq hər bir epizoda uyğun musiqi parçaları bəstələyib, cərəyan edən situasiyaların məzmun dərinliyini, personajların əhval-ruhiyyəsini həssaslıqla qavramağımıza səbəb yaradıb.
Azərbaycan musiqi mədəniyyətinin böyük simalarından olan, Bakıda dünyaya göz açan Arif Məlikovun ailəsində həmişə söz-sənət, musiqi adamlarına böyük hörmət olub. Anası Püstə xanım ədəbiyyat müəlliməsi olsa da, kamançada gözəl ifalar edib. Ailə dostlarından birinin ona tar bağışlaması balaca Arifin musiqiyə olan marağını daha da artrıb. Sonralar o, Azərbaycanın görkəmli tarzənlərdən Adil Gəray Məmmədbəylidən, Mirzə Mansurovdan sənət dərsləri alıb. Beləcə, bütün varlığı ilə musiqiyə bağlanıb. İstedad və bacarığını Azərbaycan musiqi sənətinin inkişafına, təbliğinə həsr edən bəstəkar xalq musiqisinə, muğamlarımıza olan sonsuz sevgisini simfonik əsərlərində də bacarıqla istifadə edib, məzmunlu kompozisiyalar ərsəyə gətirib.
Azərbaycan musiqi xəzinəsinə dəyərli töhfələr verən Arif Məlikov musiqi tariximizdə silinməz iz qoyub. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — “Məhəbbət əfsanəsi” baleti ona dünya şöhrəti qazandırıb. Yaradıcılığı dövründə baletlər (“Ölümdən güclü”, “Yer üzündə iki nəfər” və s.), müxtəlif simfonik əsərlər (səkkiz simfoniya, simfonik poemalar, Xalq Çalğı Alətləri orkestri üçün əsərlər, “Azərbaycan” balladası və s.), kamera-instrumental əsərləri (prelüdlər, süitalar), romanslar, mahnılar (“Güllərim”, “Çıx yaşıl düzə” və s.), fortepiano silsilələri, operetta və dram tamaşalarına musiqi yazan bəstəkar, eləcə də 30-a yaxın filmin mövzu və janrına müvafiq orijinal musiqilər bəstələyib.
Arif Məlikov kinoda ilk dəfə görkəmli kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “Sehrli xalat” (1964) müasir nağıl filmində çalışıb. Rejissorla yaradıcılıq tandeminin uğurunu filmdə cərəyan edən hadisələrin, müasir dövrlə orta əsrlər tarixinə aid hekayənin dəqiq şərhinə ünvanladığı möhtəşəm əsərləri ilə təsdiqləyib. Bu filmdən sonra “İyirmialtılar”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında”, “İşarəni dənizdən gözləyin”, “Doğma sahillər”, “Gecə qatarında qətl” və digər bədii, sənədli ekran əsərlərinə, həmçinin “Qız qalası əfsanəsi”, “ Kitabi Dədə Qorqud. Səkrəyin dastanı” animasiya filmlərinə musiqi bəstələyib, filmlərin ideya məzmununun açılmasında mühüm rol oynayıb.
Müxtəlif janrlı musiqi əsərləri ilə milyonların qəlbini fəth edən bəstəkar yerli filmlərlə yanaşı, “Mosfilm” kinostudiyasının istehsalı olan “Ürək məsələləri”, “Tacikfilm” kinostudiyasının çəkdiyi “Rüstəm və Söhrab”,“Siyavuş haqqında dastan”,Maksim Qorkiadına kinostudiyanın istehsalı olan “Əlində ildırım çaxan atlı” filmlərinə də musiqi yazıb. Bir neçə filmə (“İyirmialtılar”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s.) mahnı bəstələyib.
Arif Məlikovun müxtəlif janrlı filmlərə bəstələdiyi musiqilər və mahnılar filmlərdən sonra dillər əzbərinə çevrilib, fərdi repertuarlara köçüb. Xarakter və psixologiyaları incəliklə cilalayan musiqilər, bəzən lirik-poetik, bəzənsə ritmik melodiyalar hadisələri daha dərindən qavramağımıza, obrazlarım daxili mənini, hiss və duyğularını anlamağımıza imkan yaradıb.
Müsahibələrində “filmlərə yazılan musiqilər ciddi olmalıdır” deyən bəstəkar, filmlərin kadrlarını musiqi dili ilə ustalıqla şərh edib, vəziyyətdən yaranan dramatik, komik, lirik, romantik münasibətlərin aydınlıqla çatdırılmasına nail olub. Hadisələrin, davranış və münasibətlərin emosional şərhini verən melodiyalar, müxtəlif musiqi parçaları epizodların təsir gücünü artırıb, məna dəyərini, məzmun tamlığını təsdiqləyib.
“Sehrli xalat” filmində sehrbaz İo-Kionun uşaqlarla söhbəti, uşaqlara hədiyyə etdiyi xalatın sehrli qüvvəsini qaytarması, müxtəlif zamanlara keçid, orta əsr dövrünün, mühitinin gərginliklə dolu ab-havası, pionerin saray əyanlarının əlindən qaçmağa çalışması, xanın yuxuya getməsi, müasir dövrdə məktəblilərdən qaçma cəhdi, pionerlər sarayında gizlənməsi, uşaqların təlaşla xanı axtarması, pionerlərin gələcəyə səyahəti, eksponatlarla tanışlığı, ayda gəzintiləri, filmin final səhnəsinin təntənəli təqdimatı və digər kadrlar hər biri ayrı-ayrılıqda filmin ideya məzmununu obrazlı şəkildə ifadə edən musiqilərin müşayiəti ilə təqdim olunur, hadisələrin emosional təsir gücü daha qabarıq şəkildə təsdiqini tapır, maraqla izlənilir.
Arif Məlikovun kino musiqiləri ekran hadisələrinin dərinliyinə sirayət edir, daxili inkşafını təmin edir, münasibətləri incələyir, ifadəliliyini artırır. Əsərin məzmun dərinliyini təlqin edən, insan ruhuna, düşüncəsinə bilavasitə təsir edən musiqilər orijinal üslubda təqdim olunur, filmlərə baxımlılıq gətirir. Bəstəkarın istər Ümumittifaq Radio və Televiziyasının elektromusiqi alətləri ansamblının, istərsə də simfonik orkestrin ifasında səslənən kino musiqilərində, həmçinin xalq çalğı alətlərinin müşayiəti ilə səsləndirilən mahnılarında milliliyə önəm verdiyi mütləq şəkildə hiss olunur.
Xeyirlə şərin mübarizəsindən, evinə, yurduna sahib çıxmağın, zəhmətlə yaşamağın vacibliyindən bəhs edən “Qərib cinlər diyarında” filmində “Gəldi bahar”, “Torpaq əkini”, “Xoş gəlib”, “Sənin üçün” mahnılarını bəstəkar vəziyyət hadisələrinə uyğunlaşdıraraq təqdim edib. Filmin mahnı və melodiyaları, təsvirlərin təsir gücünü artırıb (əcinnə Zərrinin rəqs musiqiləri, Zərrinin Qəribə sui-qəsd hazırlaması, Riqdasın Akşadla mübarizəsi və s.), nağıl personajlarının daxili keyfiyyətlərinin, müsbət-mənfi cəhətlərinin, bəzilərinin hiyləgər, bəzilərinin isə insanpərvər düşüncələrinin rəvan, aydın şəkildə çatdırılmasına, filmin ideya məzmununun tamlıqla qavranılmasına imkan yaradıb.
Ekran əsərlərinin dramaturji xəttini, kadrların təsvir məzmununu orijinal üslubda müşayiət və təhlil edən bəstəkara kino musiqiləri böyük şöhrət qazandırıb, dinləyici auditoriyasını daha da genişləndirib, xalq sevgisi ilə əhatələyib.
Şəxsiyyəti böyük ehtiramla yad edilən bəstəkarın incəsənət sahəsindəki çoxşaxəli, səmərəli xidmətləri Dövlət tərəfindən də yüksək qiymətləndirilib, orden və medallarla təltif olunub. Azərbaycanın Əməkdar incəsənət xadimi (1965), Xalq artisti (1978), SSRİ Xalq artisti (1986) fəxri adlarını alıb. “Şərəf nişanı” (1971), “İstiqlal” (1998), “Heydər Əliyev” (2013), “Şöhrət” (2018) ordenlərinə, Dövlət mükafatına (1986), Heydər Əliyev mükafatına (2009), Nizami Gəncəvi adına Qızıl medala (2015) layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub (2002).
Dövlət Film Fondu