Rafail İmanov – 75

Kino kollektiv əməyin məhsuludur. Çoxşaxəli imkanları olan sehrli aləmin ərsəyə gəlməsində, ictimaiyyətə çatdırılmasında yaradıcı heyətlə yanaşı, texniki işçilər də böyük əmək, zəhmət sərf edir. Kinonun təşkili və təbliği istiqamətində böyük xidmətlər göstərən kino mühəndislərinin əməyi danılmazdır. Onların bilavasitə iştirakı və məsuliyyətli iş prinsipi əsasında kinoteatrlar kino qurğuları ilə təhciz olunur, standartlara cavab verən keyfiyyəti nümayiş təmin edilir.

Uzun illər kino mühəndisi kimi fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi Rafail İmanov da kino sənətimizin yayımı istiqamətində mühüm işlər görüb.  Təcrübəli kino mütəxəssisi olaraq filmlərin təbliği və texniki avadanlıqların təhcizatı məsələlərində fəal çalışıb.

Məsuliyyətli işinə görə həmkarların hörmətini qazanan kino veteranı bu il yubiley yaşını qeyd edir. Fürsətdən istifadə edib praktik və nəzəri biliklərini bu gün də gənc nəslə ötürən, dəyərli məsləhətlərini əsirgəməyən kinomana həmkarları və əməkdaşlarımız adından möhkəm cansağlığı, nailiyyətlər arzulayırıq, kino fəaliyyətinə qısa nəzər salırıq.

Rafail İmanov 1948-ci ildə sentyabr ayının 17-də Ağdamda anadan olub. 3 yaşı olanda ailəsi Bakıya köçüb. Burada 2 saylı texniki peşə məktəbinin kinomexanik şöbəsini bitirib (1963-1965). Sənət məktəbini bitirdikdən sonra Ağdam rayonuna təyinat alıb, Göytəpədə kinomexanik kimi fəaliyyətə başlayıb. Sonra isə Bakıda “Cəfər Cabbarlı” və “Vətən” kinoteatrlarında birinci dərəcəli mexanik kimi çalışıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb, Almaniya Demokratik Respublikasında vətənə olan xidməti borcunu yerinə yetirib. Ordudan tərxis olunduqdan sonra ADR-in Şverin şəhərində yerləşən hərbi qarnizonun zabitlər evində mülki baş kinoradiomexanik vəzifəsində işləyib. 2 il orada işlədikdən sonra Bakıya qayıdıb, “Bilik” kinoteatrında texniki rəhbər vəzifəsində, sonra isə “Bakı” və “Sevinc” kinoteatrlarında baş mühəndis  işləyib. Bir müddət sonra Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin nəzdində “Kombinat Ekran”da 6-cı dərəcəli kinomontajçı-nizamlayıcı kimi çalışıb.  Kino bilgisini artırmaq məqsədi ilə paralel olaraq Rusiyanın Kalininqrad şəhərinə gedib, orada  4 illik “Sovetski” kino texnikumunu bitirib. Kino avadanlığı və onun istismarı üzrə kinotexnik ixtisasına yiyələnib (1983-1988).

“Azərkinovideo” İstehslat Birliyində texniki şöbə rəisi, baş mühəndis vəzifəsində bir müddət (1989-2001) fəaliyyət göstərdikdən sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin (indiki ARMN) kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi, 2002-2006-cı illərdə kino işləri baş idarəsində kinoyayım sektorunun böyük məsləhətçisi vəzifələrində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsində filmlərin istismarı və təbliği sektorunun aparıcı məsləhətçisi olub. 2015-ci ildən Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində işləyib. Kino sahəsində göstərdiyi xidmətlərə görə Respublikanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb (2009).

Hazırda təqaüddə olan, kinoya böyük rəğbət bəsləyən Rafail İmanovu yubiley yaşı münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edirik, nailiyyətlər arzulayırıq.     

Dövlət Film Fondu