Ağahüseyn Kərimov – 115

Əməkdar mühəndis, səs operatoru Ağahüseyn Kərimovun 115 illik yubileyidir.

Kollektiv əməyin məhsulu olan kinonun ərsəyə gəlməsində səs operatorlarının da rolu var. Nəzərə alsaq ki, kino hisslərin təntənəsi ilə yanaşı, texniki nailiyyətin cəmidir, onda texniki heyətdəki peşəkarların yaradıcılığı mütləq şəkildə göz önündə canlanır, əməyi, zəhməti diqqət çəkir. Tanınmış səs operatoru Ağahüseyn Kərimov da “Azərbaycanfilm” kinostudiyasında uzun illər səs operatoru kimi işləyib, həmçinin bir sıra filmdə yaddaqalımlı rollar yaradıb.

Ağahüseyn Əşrəf oğlu Kərimov 1909-cu il yanvarın 1-də anadan olub.  Kənd Təsərrüfatı İnstitutunu bitirib. Təhsilini başa vurduqdan sonra dostları – Kərim Əmirov və Əziz Şeyxovun dəvəti ilə “Azərfilm” kinostudiyasına gəlib. Kinostudiyada çəkilişinə hazırlıq görülən “Bakılılar” (1938) tarixi-inqilabi filmində səs operatoru assistenti kimi işləyib. Bu filmdə ilk sənət təcrübəsi keçən A.Kərimov səs operatorları  İ.Ozerski və P.Pavlovdan sənət sirlərini öyrənib. Bundan sonra 1939-cu ildə “Kəndlilər” tarixi-inqilabi filmində mərhum kinorejissor Səməd Mərdanovla birgə işləyib. 50-dən çox filmdə, o cümlədən,  “Səbuhi”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Romeo mənim qonşumdur”, “Torpaq. Dəniz. Od. Səma”, “Qocalar, qocalar…”, “Tənha narın nağılı” və digər bədii, “Vətən uğrunda”, “Arazın o tayında”, “Gədəbəyin sərvəti”, “Xəzər neftçiləri”, “Odla təkbətək döyüş” və başqa sənədli filmlərdə səs operatoru kimi işləyib. Peşəkar kino rejissorlarından Viktor Turin, Lətif Səfərov, Rza Təhmasib, Nikolay Leşşenko, Aleksandr Zarxi, İosif Xeyfis, Roman Karmen, Hüseyn Seyidzadə, Ağarza Quliyev, Həsən Seyidbəyli, Sergey Yutkeviç və digərləri ilə çiyin-çiyinə çalışıb. Məşhur aktyorlardan Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Nikolay Oxlopkov, Nikolay Kryuçkovla dostluq edib.

Uzun illər dublyajda fəaliyyət göstərən, filmlərin səs yazılışlarının ərsəyə gəlməsində xidmətləri olan Ağahüseyn Kərimovu həmkarları və dostları mülayim,  mehriban insan kimi xarakterizə edirlər. Ünsiyyətcil xarakterinə görə kinostudiyada hörmət sahibi olan səs operatoru həmkarları arasında qazandığı hörmətə, xoş münasibətə görə daha çox nailiyyət əldə edirdi. Belə ki, onun səmimi keyfiyyətlərini bilən, tanıyan, sənətə olan sevgisini, həmçinin fərdi bacarığını duyan rejissorlar məqam düşdükcə filmlərinə dəvət edir, aktyorluq keyfiyyətinin üzə çıxmasına imkan yaradırdılar.

Ağahüseyn Kərimov ilk dəfə görkəmli kinorejissor Həsən Seyidbəylinin dəvəti ilə “O qızı tapın” detektiv filmində baş rollardan birini, Emin Şirinov obrazını canlandırıb. Bundan sonra kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Ad günü” filmində Eldarın atası rolunda çəkilib. Gülbəniz Əzimzadənin “Qaladan tapılan mücrü” filmində zərgər, rejissor Eldar Quliyevin “Gümüşgöl əfsanəsi” filmində xalçaçılıq muzeyinin direktoru, rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində baba rollarında iştirak edib. Sözügedən obrazlar forma və məzmun etibarilə böyük olmasa da, həyat mövqelərinin tanıdılması, məqsəd və məramlarının çatdırılması baxımından diqqət çəkib, kinosevərlərin rəğbətini  qazanıb.

Ağahüseyn Kərimovun kinoya yad olmadığı, hər bir işini ustalıqla ərsəyə gətirməyə iddialı olduğu məsuliyyətindən və kinoya sevgisindən irəli gəlirdi. Bir çox yüksək keyfiyyətlərə malik olması isə, xatirəsini əziz tutmağa, dərin ehtiramla yada salmağa səbəb yaradır.

Dövlət Film Fondu