Firəngiz Şərifova – 100

Xalq artisti Firəngiz Şərifovanın anadan olmasının 100 illiyidir.

Ana və nənə rollarının mahir ifaçısı, tanınmış aktrisa Firəngiz Şərifova Azərbaycan teatr, kino sənətində özünəməxsus çalarlarla maraqlı obrazlar yaradan, tamaşaçıların rəğbətini qazanan sənətkarlarımızdandır. Ömrü boyu sənətinin keşiyində duran, Gənc Tamaşaçılar Teatrının səhnəsində məzmunlu, yaddaqalan obrazlar yaradan aktrisamızın əziz xatirəsi sənətsevərlər üçün həmişə əzizdir.

Firəngiz Şərifovanın sənətkar ailəsində dünyaya gəlməsi onun erkən yaşlarından sənətdə olmasına, teatra həvəs göstərməsinə imkan yaradıb. 1924-cü ilin 6 fevral tarixində, Xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudovanın izdivacından dünyaya göz açan Firəngiz Şərifova orta məktəbi bitirdikdən sonra ailə dostları dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin məsləhəti, valideynlərinin xeyir-duası ilə 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal sinfinə daxil olub. Beş il burada təhsili alaraq soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Hələ səkkiz yaşında səhnəyə çıxan, “Oqtay Eloğlu” tamaşasında Sevər, bir müddət sonra “Sevil”də Gündüz rollarında çıxış edən Firəngiz xanım 1947-ci ildə  Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb. Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb. Tez bir zamanda teatrın aparıcı aktrisalarından biri kimi tanınıb, məşhurlaşıb.

1960-cı ildə Akademik Milli Dram Teatrına işə dəvət olunan Firəngiz xanım  5 il sonra bu sənət ocağını tərk edib, 1965-ci ildə yaradıcılıq taleyini yenidən Gənc Tamaşaçılar Teatrına bağlayıb. Ömrünün sonunadək bu teatrda çalışıb.

Məxməri, həlim səsə sahib olan aktrisa teatrdakı fəaliyyəti ilə yanaşı,  “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən dublyaj studiyasında da çalışıb. Yerli və xarici filmlərin səsləndirilməsində (“Mən mahnı qoşuram” filminin rus dilli versiyasında aktrisa N.Zeynalovanı səsləndirib, həm də mahnıları ifa edib; “Gəlinlərin qiyamı”nda Farmon bibi, “Tülkü həccə gedir”də toyuq və s.) iştirak edib.

Obrazların daxili mənini, fikir və duyğularını dəqiqliklə canlandıran aktrisa bir neçə filmdə yaddaqalan obrazlar yaradıb. Müxtəlif janrlı filmlərdə özünəməxsus ştrixlərlə oynadığı Zaurun anası (“Ən vacib müsahibə”), ana (“Bir ailəlik bağ evi”), nənə (“Bayquş gələndə…”), Fatma (“Gümüşgöl əfsanəsi”), Xalidənin anası (“Xüsusi vəziyyət”), Tükəz (“Qərib cinlər diyarında”), Həsən bəy Zərdabinin arvadı (“Üzeyir ömrü”), Güllü (“Yay günlərinin xəzan yarpaqları”) və digər rolları ilə filmlərin məzmununu tamamlayan, tərəf-müqabillərinin xarakterlərinin açılmasına şərait yaradan obrazlar canlandırıb. Maraqlı, dolğun personajları ilə kinosevərlərin rəğbətini, sevgisini qazanıb.

Aktrisanın “Astana” televiziya tamaşasında oynadığı Andrey Buslayın anası və “Qonşu qonşu olsa…” televiziya tamaşasında yaratdığı qonşu qadın rolları xüsusi ilə diqqət çəkir. Göründüyü kimi dramatik və komik rolların öhdəsindən məharətlə gələn aktrisa rolların həyat mövqeyinə, sosial durumuna uyğunlaşdırdığı jest və davranışları, üslub və tərzi ilə yaradıcılıq qismətinə düşən personajları tamaşaların aparıcı qüvvəsinə çevirib, müəlliflərin fikir və məqsədini dəqiqliklə çatdırıb.

İstedad və bacarığına görə Azərbaycan teatr, kino sənətində özünəməxsus iz qoyan aktrisa səhnə mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə 1960-cı ildə respublikanın Əməkdar, 1969-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Dövlət Film Fondu