Kinonun ərsəyə gəlməsində mühüm rolu olan sənət adamlarından biri də kino rəssamlarıdır. Ekran əsərlərində obrazlılığı, emosionallığı göstərmək, mövzunun xarakterlərlə olan vəhdətini yaratmaq, kompozisiya qurmaq bilavasitə kino rəssamının üzərinə düşür. Kadrlara kolorit gətirmək, işıq-kölgə effektini vermək çəkiliş vasitələrini konkretləşdirilir, rejissorlara istiqamət verir. Ümumiyyətlə, filmin ilkin komponentləri rəssamın təfəkkürünün məhsuludur.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 60-dan çox filmə rəssam kimi quruluş verən Xalq rəssamı Rafiz İsmayılov da fərdi yaradıcılıq üslubunu əks etdirən, istedad və bacarığını təsdiqləyən dekorativ təsvirlər, natura planları sayəsində filmlərin məna dəyərini, məzmun mahiyyətini artırıb, baxımlı edib. İstedadlı rəssam bu il 85 yaşını (30.03.1939) qeyd edir. Gözəl sənət nümunələri yaratmaqdan yorulmayan, zəngin həyat fəlsəfəsini, fikir və duyğularını əsərlərinə yansıdan Rafis İsmayılova təbriklərimizi çatdırır, möhkəm cansağlığı, nailiyyətlər arzulayırıq.
Kino ssenaridən başlayır. Ssenari maraqlı olanda isə rejissorlar birinci növbədə filmin rəssamına və operatoruna müraciət edirlər. Filmin təsirli, inandırıcı olması üçün rəssamın dünyagörüşünün, bilgisinin çoxluğu tələb olunur. Rəssam birinci tamaşaçı olaraq ssenari ilə tanış olur, hadisələri göz önündə canlandırır. Öz sənətində hər hansı bir dövrün emosionallıqla təsvirini, ssenaridə göstərilən mühitin atmosferini yaradır. Ardıcıl olaraq dekor və natura çəkilişlərində iştirak edir.
Rafiz İsmayılov ilk sənət təhsilini Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb. 1962-ci ildə məktəbi bitirdikdən sonra iki il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bədii filmlər üzrə rəssam assistenti işləyib.
İlk dəfə görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “Yenilməz batalyon” (1965) filmində rəssam assistenti kimi çalışıb. Bu filmdən sonra Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb (1966-1972), professor M.Boqdanovun emalatxanasında kino rəssamının filmdəki rolunu, iş üslubunu dərindən öyrənib, sənət sirlərinə dərindən bələd olub. Vətənə döndükdən sonra böyük həvəs və şövqlə yenidən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, 60-a yaxın müxtəlif janrlı filmdə (“Oxuyur Müslüm Maqomayev” – Nadir Zeynalovla birgə, “1001-ci qastrol”, “Dədə Qorqud” – rekvizit üzrə rəssam kimi, “Dantenin yubileyi”, “Sevinc buxtası”, “Qara gölün cəngavərləri”, “Ölsəm… bağışla”, “Üzeyir ömrü”, “Təhminə” və s.) çalışıb, bilik və bacarığını ekran hadisələrinin uğuruna sərf edib.
Bədii filmlərdən başqa animasiya və sənədli filmlərdə də işləyib. “Danışan işıqlar”, “Xeyir və şər”, “Göyçək Fatma”, “Lağım” və digər animasiya filmləri, “Maestro Niyazi”, “Üzeyir Hacıbəyov”, “Azərbaycan xanlıqları”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” və s. sənədli kinolentlər üzərində işləyib.
Əməkdar mədəniyyət işçisi, film direktoru Nadir Əliyevin həmkarı haqqındakı fikirləri mövzuya aydınlıq gətirir: “Rafiz müəllim öz işinə çox incəliklə yanaşır, çəkiliş meydançasının tərtibi ilə məşğul olur. Onunla çox filmdə işləmişəm, həmişə də zövq almışam. “Təhminə” filmində bəzi məkan çəkilişləri kinostudiyanın pavilyonunda aparılırdı. Rafiz müəllim dekorasiya üzərində çox diqqətlə işləyirdi. Film ekranlara çıxdıqdan sonra tamaşaçılar mənə yaxınlaşıb məkanları harada çəkdiyimizi soruşurdular. Deyirdim pavilyonda çəkilib. Detalların və dekorasiyaların dəqiqliyinə görə mənə inanmırdılar”.
Göründüyü kimi istedadlı rəssam sənət biliciyi sayəsində müəlliflərin ideyalarını, istəklərini yaradıcılığı fonunda dəqiqliklə çatdırır, məkan təsvirlərini məzmunlu şəkildə əks etdirir, kino sənətinə töhfələrini verir, filmlərin baxımlılığını, inandırıcılığını artırırdı.
Çoxşaxəli yaradıclığa malik olan Rafiz İsmayılov kino fəaliyyəti ilə paralel olaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“Gecə döyülən qapılar”, “Tənha iydə ağacı”, “Misir gecələri” və s.), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında (“Natəvan”, “Leyli və Məcnun” və s.) müxtəlif mövzulu tamaşaların quruluşçu rəssamı olub, teatr dekoru sənətinin inkişafına öz töhfəsini verib. Tərtibatını verdiyi bir çox film və tamaşalar Azərbaycan incəsənətinin qızıl fonduna daxil olub.
Dəzgah rəngkarlığı, illüstrasiya və dəzgah qrafikası ilə də məşğul olan rəssam şərq miniatür sənəti ilə yaxından maraqlanıb, bu sahədə də fəal çalışıb. Azərbaycan şairlərinin əsərləri, “Min bir gecə” nağılları mövzusunda miniatürlər çəkib. Kitab qrafikasında bir sıra maraqlı nümunələr yaradıb, “Əfqan nağılları”, “Şah İsmayıl”, “Oliver Tvist”, “Spartak”, “Romeo və Cülyetta”, “Daş qonaq”, “Qaçaqlar” və digər əsərlərə illüstrasiyalar çəkib.
Görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışan, ömrünü kino sənətinin inkişafına həsr edən Rafiz İsmayılov sənətdə göstərdiyi xidmətlərə görə fəxri adlara layiq görülüb. 1978-ci ildə Dövlət mükafatı ilə təltif olunub. 1982-ci ildə Əməkdar rəssam, 2000-ci ildə Xalq rəssamı fəxri adlarını alıb. 2006-cı ildə “Sultan Məhəmməd” mükafatına, 2015-ci ildə “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.
Dövlət Film Fondu