Kinooperator Əsgər İsmayılovun doğum günüdür

“Ekranda demək istədiyini qısa göstərməlisən. Bu, istedadın göstəricisidir”. Əsgər İsmayılov

Kinonun uğur qazanmasında, həyatın inikası kimi qəbul edilməsində kinooperatorların rolu böyükdür. İstedadlı kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılov (1905-1983) da quruluş verdiyi filmlərdə həyatın rəngini, ritmini, dinamikasını göstərib, böyük məsuliyyət və məhəbbətlə seçdiyi peşəsinin fövqündə kinonun həyatımızdakı əhəmiyyətini vurğulayıb.

Əsgər İsmayılov 1905-ci il aprelin 1-də Tbilisi şəhərində dünyaya göz açıb.  Fotoqrafiya və rəssamlıqla hələ uşaq yaşlarından məşğul olmağa başlayıb. Ailəsi Bakıya köçdükdən sonra orta təhsilini fəhlə fakültəsində alıb. 1928-ci ildə Moskvaya gedib, Ali Rəssamlıq-Texniki İnstitutuna daxil olub. İki ildən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna köçürülüb. Burada böyük həvəslə kinooperatorluq sənətinin incəliklərinə yiyələnib, 1936-cı ildə təhsilini başa vurub.  Bakıya qayıtdıqdan sonra “Azərfilm” kinostudiyasında çəkilişinə hazırlıq görülən “Almaz” bədii filminin (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) yaradıcı heyətinə (İvan Frolovla birgə) daxil olub.

Filmin natura çəkilişləri Şamaxıdakı Dədəgünəş kəndində gerçəkləşib. İstər kənd mənzərələri, istərsə də personajların (Almazın, Yaxşının, Hacı Əhmədin, Şərifin, Fatmanisənin, Mirzə Səməndərin) portretləri sənətkarlıqla lentə alınıb.

Operatorun kölgə-işıq effektindən bacarıqla istifadə etməsi, fon, detal çəkilişlərini doğru prizmadan canlandırması hadisələrin reallığına rəvac verib, müxtəlif planlı rakurslar xarakterlərin dolğun təsvirini yaradıb.

Doğru təlimatlandırıldığı sənət istiqaməti, çəkiliş meydançalarında göstərdiyi peşəkarlıq, müvəffəqiyyətlə tapdığı detallar filmlərin təsvir gücünü müəyyənləşdirib, operatorun bir-birinin ardınca digər ekran əsərlərinə dəvət almasına səbəb yaradıb. Rejissorların istək və məqsədlərini dəqiq əks etdirdiyinə,  istedad və bacarığına görə ardıcıl olaraq filmlərə dəvət alıb, 40-dan artıq filmdə çalışıb.

Əsgər İsmayılovun operator kimi quruluş verdiyi növbəti bədii film “Kölgələr sürünür” macəra dramıdır. İsmayıl Əfəndiyev və  Şua Şeyxovun quruluş verdiyi filmdə elmdə həqiqətlərin üzə çıxarılması naminə aparılan mübarizədən və başqalarının əməyini mənimsəməyə çalışan insanların ifşasından bəhs olunub. Macəra janrında olan filmdə təsvir olunan natura, dekorativ, fon, detal çəkilişləri mövzuya uyğun şəkildə ekranlaşdırılıb, personajların şəxsiyyətini müəyyənləşdirən, xarakterlərini, niyyətlərini təhlil edən kadrlar müxtəlif planlı rakurslardan işıqlandırılıb. Azərbaycanın rayonlarında gerçəkləşən filmin natura çəkilişlərində əsrarəngiz təbiət mənzərələri, meşələri, dağları böyük məhəbbətlə lentə alınıb, mövzunun təsvirlə ahəngi tamamlanıb. Operatorun peşəkarlığı onun digər görkəmli kinorejissorlarla çiyin-çiyinə işləməsinə, məzmunlu ekran əsərlərində dəst-xəttini təsdiqləməsinə imkan verib.

Müxtəlif həyat hadisələrinin ekran təcəssümü tapmasında rolu olan, hadisələrin inandırıcılığına rəvac verən Əsgər İsmayılov tanınmış kinorejissorlardan Ağarza Quliyevin ekranlaşdırdığı “Qara daşlar” (oper. X.Babayevlə birgə) kinopovestində, “Bəxtiyar” kinonovellasında, “Səhər” tarixi-inqilabi filmində (II operator), həmçinin H.Seyidzadə və N.Bədəlovun birgə çəkdiyi “Sovqat” filmində (operator Seyfulla Bədəlovla birgə) , Q.Aleksandrovun ekranlaşdırdığı “Bir ailə” kinoalmanaxının bir novellasında, Şamil Mahmudbəyovun quruluş verdiyi “Əyri yolla qazanc” filmində, Şua Şeyxovla “Qəribə əhvalat” kinokomediyasında, R.Təhmasiblə “Səbuhi” kinodramında (II operator), S.Mərdanovla “Kəndlilər” tarixi-dramında (II operator – M.Dadaşovla birgə) işləyib.

Göründüyü kimi Əsgər İsmayılovun çalışdığı müxtəlif dövr və hadisələri  əhatə edən filmlərdə mövzu və janr rəngarəngliyi var. Daim mütaliə ilə məşğul olan, sənət bilgisini artıran, müxtəlif dövrlərin tarixi və mühiti haqqında ətraflı məlumat toplayan, ədəbi əsərlərin ruhunu duyaraq ekrana köçürən operator yaradıcılığında bilik və bacarığını nümayiş etdirib, tamaşaçıları müxtəlif dövrlərin müasirinə çevirməyi bacarıb.

“Səbuhi” tarixi bioqrafik filmində Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundzadənin gənclik illərinin həyat və fəaliyyyətindən bəhs olunur. Səbuhinin Tiflisə gəlməsi, ozamankı Zaqafqaziyanın qabaqcıl adamlarından Bakıxanov, Mirzə Şəfi, Orbeliani və sürgündə olan rus dekabristlərindən Bestujevlə tanış olması, Qafqaz canişini Vorontsovun baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, Tubu xanımla evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və digər hadisələr ekranda müxtəlif məkan və planlarda əks olunub. XIX əsrin sonlarından bəhs edən kinodramda hadisələrin emosional təsir gücünü göstərməyə müvəffəq olan kinooperatorun sənət biliciliyi nümayiş etdirdiyi kadrlarda təsdiqini tapıb.

“Səhər” tarixi-inqilabi filmində 1905-1907-ci illərdə Bakıda baş verən inqilabi hadisələrdən söhbət açılır. Filmdə Əsgər İsmayılov (quruluşçu operator Dmitri Feldmanla birgə) XX əsrin əvvəllərinin Bakısını dövrə müvafiq şəkildə əks etdirib, şəhərin ab-havasını, neft mədənlərinin ovaxtkı görüntülərini, köhnə məhəllələrin, neft mədənlərində çalışan neftçi fəhlələrin etiraz dalğasını inandırıcı, təbii təsvirlərlə göstərib, filmin baxımlılığını təmin edib.

Kinodramlarla yanaşı, kinokomediyalarda da işləmək bacarığını göstərmək imkanı əldə edən operator “Qəribə əhvalat” qısametrajlı filmində bədii ekran əsərinin ruhuna müvafiq şəkildə kadrlar qurub, baş qəhrəmanın, Kefçilovun həyat tərzinin, düşüncə və davranışının tənqid hədəfinə çevrilməsinə səbəb olan amilləri qabarıq şəkildə əks etdirib.

Kefçilov sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, bir sıra xoşagəlməz hadisələrlə qarşılaşır. Xalq artisti Lütfəli Abdullayevin özünəməxsus ştrixlərlə obrazın xarakterinə uyğunlaşdırdığı mizanları operatorla aktyorun birgə uğurlu işi sayəsində maraqla izlənilir, mövzunun mahiyyəti ön plana çəkilir, rejissorun məqsədi tamlıqla əksini tapır, kadrlarda bitkin fikir təmin edilir. Kefçilovun cəmiyyət və ailəsi üçün təhlükə yarada biləcək davranış və hərəkətləri gülüş hədəfinə çevrilir, incə yumor hissi ilə qınanılır.

Əsgər İsmayılovun kino fəaliyyəti, filmlərə gətirdiyi uğurlu yaradıcılıq priyomu haqqında uzun-uzadı danışmaq mümkündür. İstedadlı operator bədii ekran ərərləri ilə yanaşı, bir sıra sənədli (“Bakıdan Göygölədək”, “Sabahın xeyir, Bakı!”, “Sabir” və s.) filmlərdə çalışıb, sənədli kino estetikası ənənələrinə əsasən müxtəlif mövzuları təhlil obyektinə çevirib.

Məsləyini sevən, bədii və sənədli filmlərin ərsəyə gəlməsində şövqlə çalışan, sənət yüksəlişini yaradıcılığının qayəsinə çevirən Əsgər İsmayılov həmçinin, pedaqoji fəaliyyət göstərib, peşəkar  kadrların hazırlanmasında böyük əmək sərf edib. Kinostudiyada dərnək təşkil edib, operatorluq sənətinin sirlərini gənc operatorlara öyrədib. Onun təşəbbüsü və redaksiyası altında alman dilindən rəngli film texnikası üzrə xüsusi dərslik tərcümə olunub, kino işçilərinə kömək məqsədi ilə onların istifadəsinə verilib.

Müharibədən sonra kinostudiyada operator texnikası bazasına, quraşdırma çəkilişləri sexinə rəhbərlik edən Əsgər İsmayılov uzun müddət bədii şuranın məsul katibi olub, bu müddətdə ekranlaşdırılan “Bakının işıqları”, “Bəxtiyar” bədii filmlərində quraşdırma çəkilişləri operatoru kimi işləyib. Ömrü boyu bilik və bacarığını kinomuzun inkişafına sərf edib, məzmunlu filmlərin ərsəyə gəlməsində əlindən gələn köməyi əsirgəməyib. Buna görə sənətini böyük məsuliyyətlə təqdim edən istedadlı operatorun Azərbaycan kino sənətinin inkişafındakı xidmətləri danılmaz, xatirəsi əziz, şəxsiyyəti unudulmazdır.

Dövlət Film Fondu