Kinorejissor Gülbəniz Əzimzadənin doğum günüdür

Ədiblərimiz haqlı olaraq: “İncəsənətin vəzifəsi həqiqəti təsirli şəkildə təqdim etməkdir”, – deyirlər. Əslində bu sözləri kinoya da şamil etmək olar. Çünki reallıqları əks etdirən, ekran qəhrəmanlarının daxili aləmini emosionallıqla çatdıran, hadisələri inandırıcı təqdim edən təsirli filmlər baxılır, düşündürür, həyat üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə də müəlliflərini xatırladır. Heç də təsadüfi deyil ki, yaradıcılığının təfsirində ətraf mühitə, müxtəlif həyat hadisələrinə münasibətini bildirən, müasirlərinin həyatına biganə qalmayan, mühüm həyat şərtlərini ekranlara gətirən sənətkarların yaradıcılığı diqqət çəkir, sevilir.

Azərbaycan kino sənətində özünəməxsus dəst-xəttinə görə seçilən tanınmış kino rejissorlarımızdan biri də Əməkdar incəsənət xadimi Gülbəniz Əzimzadədir. Çəkdiyi filmlərdə aktual mövzuları qabardan, məzmunlu və məntiqli həyat səhnələri ilə tamaşaçını düşündürməyə vadar edən rejissorun anadan olmasından 77 il ötür. Fürsətdən istifadə edib qəlbi daima yaradıcılıq eşqi ilə döyünən, maraqlı və məzmunlu filmləri ilə düşüncələrimizdə iz salan rejissorun həyat və yaradıcılığına qısa nəzər salırıq.

Gülbəniz Əzimzadə 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam olub. Daim sənət söhbətləri gedən bir mühitdə böyüyən uşaqda sənətə həvəs hələ erkən yaşlarından başlayıb. Buna görə də səkkizinci sinfi bitirdikdən sonra o, sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verib, 1963-1968-ci illərdə burada oxuyub. Kinoya olan marağına görə isə Moskvaya (1969-1974) gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb. Professor İ.Talankinin emalatxanasında kinonun sirlərinə yaxından bələd olub.

Gülbəniz Əzimzadə diplom işini müdafiə edərkən heç də sadə mövzu seçmir, dağılmış ailədən, ana himayəsində böyüyən uşağın atası ilə bir günlük görüşündən bəhs edən “Nəğmə dərsi” filmini çəkir.

Filmdə atanın (aktyor Əliabbas Qədirov) oğlu ilə olan dialoqunda xarakterini, düşüncəsini, psixologiyasını əks etdirən incə məqamlara, vacib nüanslara aydınlıq gətirilir. Ailə dəyərlərinin qorunmasının vacibliyi filmin leytmotivini təşkil edir. 1974-cü ildə “Ömrün səhifələri” kinoalmanaxına daxil olan novella kompozisiya tamlığına, aktyor ifasının inandırıcılığına, hadisələrdəki ab-havanı hiss etdirdiyinə, emosional təsir gücünə görə bu gün də maraqla baxılır, sevilir.

Kino fəaliyyətinin ilkin mərhələsində insan amilini, psixologiyasını yaradıcılığının qayəsinə çevirən Gülbəniz Əzimzadə ali kino məktəbini bitirdikdən sonra vətənə qayıdıb, “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib (1974-1998), 10-dan artıq (bədii, sənədli) müxtəlif mövzulu ekran əsərləri ərsəyə gətirib. “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”, “Qətl günü”, “Müqəddəs oda yanaram” (Hafiz Fətullayevlə birgə), “İmtahan” (Şahmar Ələkbərovla birgə), “Ümid” və digər filmlərə quruluş verib.

Gülbəniz xanımın baxımlı filmlərindən biri də yazıçı-rejissor Anarla birgə quruluş verdiyi “Dantenin yubileyi” kinodramıdır. Sənətə hədsiz sevgi göstərən,  böyük məhəbbətlə xidmət edən qocaman aktyor Feyzulla Kəbirlinskinin (aktyor Həsən Turabov) həyatından bəhs edən filmdə aktyor sənətinin incəliklərindən, teatr aləminin iç üzündən, sənət mühitinin çətinliklərindən danışılır.

Yaşına və təmkinli davranışına görə teatrda Kəbirlinskiyə daim epizod rollar təqdim olunur, bəzən isə həmkarları onu bacarıqsız hesab edirlər. Mülayim, təvazökar, sadə və səmimi xüsusiyyətə malik olan Kəbirlinski ailədə həyat yoldaşı, işdə isə həmkarları tərəfindən daim danlanır. Həyat yoldaşının deyingənliyindən bezməyən, iş yoldaşlarının tənə və qınağını onların çılğın xüsusiyyəti, zarafatı kimi qəbul edən Kəbirlinskini ətrafındakılar heç bir nailiyyətə malik olmayan zəif insan adlandırırlar. Əslində isə böyük mədəniyyətə, təmkinə sahib olan bu qocaman aktyor səhnə sənətinin yarandığı ilkin mərhələdən etibarən görkəmli aktyorlarla çiyin-çiyinə çalışıb, kəndbəkənd, şəhərbəşəhər gəzərək ağır, çətin illərdə səyyar tamaşalar göstərərək insanların maariflənməsi istiqamətində mühüm işlər görüb.

Kəbirlinskinin evində qoruyub saxladığı teatrla və aktyorlarla bağlı olan şəkillər teatr salnaməsinin inkişaf mərhələsini təsdiqləyən qiymətli arxivdir, fotosənədlərdir. Onun evinə gələn, sənət dostları, həyatı haqqında məlumat əldə edən jurnalistə keçmişi haqqında məlumat verən yaşlı Kəbirlinskinin sənətindən bəhs edərkən kövrəldiyini, həmçinin nikbin əhval-ruhiyyə, böyük şövqlə teatr xadimlərindən bəhs etdiyini görürük. Tamaşaçıya ardıcıllıqla təqdim olunan ekran hadisələrinin finalında Kəbirlinskinin sadəlövh, bacarıqsız olmadığı, sadəcə mühitinin onu dəyərləndirmədiyi, şəxsiyyətini qiymətləndirmədiyi məlum olur. Əslində isə böyük sənət yolu, məktəbi keçən aktyorun, sənətə bağlı adamın əsl ziyalı, şəxsiyyət olduğu təsdiqini tapır.

Gülbəniz Əzimzadənin digər filmlərində də insan amilinin önəmli olduğu fikri önə çəkilir, qəhrəmanların davranış və psixologiyaları incəliklə təhlil edilir.  Bu isə rejissorun cəmiyyətə ötürmək istədiyi mesaj və nəsihətləri sənəti vasitə ilə çatdırmaq istəyindən yaranırdı. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülən rejissorun yaradıcılığı məhz bu mənada maraqlıdır, baxımlıdır. 

Filmlərində ekran qəhrəmanlarının xarakterini açan, həyat mövqelərini, missiyalarını tamaşaçıya göstərən Gülbəniz Əzimzadənin quruluş verdiyi filmlər mühüm əhəmiyyət kəsb edir. Müxtəlif dövrlərə bələdçilik edən ekran əsərləri bu gün də maraqla izlənilir, izlənildikcə də yaradıcılığı lentlərdə, xatirəsi qəlblərdə əbədiləşir.

Dövlət Film Fondu