Ssenarist Əhmədağa Muğanlının doğum günüdür

Bədii keyfiyyəti yüksək olan ssenarlər filmlərə uğurlu ekran taleyi bəxş edir, yaradıcı heyətə hörmət qazandırır. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında ssenarist, redaktor kimi çalışan, Dövlət mükafatı laureatı (1986), Əməkdar mədəniyyət işçisi (1991) Əhmədağa Muğanlının kino fəaliyyəti də milli kinomuzun inkişafına təkan verib. İstedadlı yazıçının ssenari müəllifi kimi çalışdığı, redaktoru olduğu filmlər uğurlu ekran həllini tapıb, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Əhmədağa Muğanlı Azərbaycan kinosunda 30-a yaxın filmdə, o cümlədən “Alagöz yaylağında”, “Nizami”, “150 il. Mirzə Fətəli Axundov”, “Mən sərhədçiyəm”, “Vətənin keşiyində” və digər sənədli filmlərdə ssenari müəllifi kimi çalışıb. Filmlərdə əks olunan Azərbaycanın tarixinin keçmişi və bu günü, onun igid oğulları, kənd həyatı, bərəkətli torpağı, Vətənin sərhədlərini qoruyan sərhədçilərin, Azərbaycan ədəbiyyatı klassiklərinin, tanınmış əmək və elm adamlarının həyatı dolğunluğu ilə əks olunub.

İnsan mənəviyyatının gözəlliyini, üstünlüyünü yaradıcılığının qayəsinə çevirən ədib bir sıra filmin, o cümlədən, “Dağlarda döyüş”, “Od içində”, “Qocalar, qocalar…”, “Qanlı zəmi”, “Doğma sahillər” ekran əsərlərinin ssenarisini yazıb. Müxtəlif janrlı filmlərdə sərhədçilərimizin çətin, şərəfli işlərindən, vətən qarşısında xidməti borclarını sədaqətlə yerinə yetirmələrindən, müasir kənd əməkçilərinin gündəlik işlərindən və qayğılarından, arzu və istəklərindən, xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yolundan,  xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərindən məhəbbətlə söhbət açıb.

Yüksək sənətkarlıq keyfiyyətinə, nəcib, mehriban insani xüsusiyyətlərə malik olan, həmkarları, doğmaları tərəfindən hörmətlə xatırlanan kino xadiminin həyat yoluna qısa nəzər salaq.

Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Azərbaycanın Biləsuvar rayonunun Əliabad kəndində anadan olub, ibtidai təhsilini orada, orta təhsilini isə Xırmandalı kənd məktəbində alıb.

İkinci Dünya müharibəsi illərində şəhər və kəndlərimizdə müəllim çatışmadığından 9-cu sinifdə oxuyan Əhmədağa Muğanlını əlaçı olduğu üçün dörd aylıq kursa göndəriblər və pedaqoji fəaliyyətə cəlb ediblər. Hələ orta məktəbdə oxuyarkən o, Xırmandalı kənd məktəbində baş pioner dəstə rəhbəri olub, lakin 10-cu sinifdə oxuyarkən səfərbərliyə alınıb. 1944-1946-cı illərdə ordu sıralarında əsgəri xidmətini yerinə yetirib. Ordudan tərxis olunduqdan sonra təhsilini başa vurub, orta məktəbi gümüş medalla bitirib.

Əhmədağa Muğanlı 1947-1952-ci illərdə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə “Bakı kommunisti” qəzetində müxbir kimi başlayıb.

Ədəbi fəaliyyətə 25 yaşında başlayan Əhmədağa Muğanlının 1951-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 10-cu nömrəsində “Biz qol çəkirik ki…” hekayəsi dərc olunub. Dövri mətbuatda vaxtaşırı çıxışlar edib. 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”,“Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ dağa söykənər”, “Tikanlı məftillər”, “Çobanbayatı”, “Ömürdən yeddi yarpaq” və digər əsərləri çap olunub.

1953-cü ildə Bakı kinostudiyasında işə qəbul olunan nasir təqaüdə çıxana kimi (1993) kinostudiyada çalışıb. 40 il ərzində ssenari şöbəsinin redaktoru, Xronikal-Sənədli və Elmi-Kütləvi Filmlər Birliyinin baş redaktoru vəzifələrində işləyib, ssenari-redaksiya kollegiyasının üzvü olub.

Kinostudiyada işlədiyi dövrdə onlarla bədii və sənədli (“Kölgələr sürünür”, “Xoşbəxtlik qayğıları”, “İstintaq”, “Qəm pəncərəsi”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qızıl uçurum” və s.) filmin, dövri kinojurnalların redaktoru olub.

Həyat hadisələrini əsərlərində müdrikcəsinə şərh edən, müasirlərinin davranış və düşüncələrini şəxsi müşahidələrinin süzgəcindən keçirən, bədii yaradıcılığının qayəsinə çevirən, qəhrəmanlarının həyat mövqeyini, psixologiyasını tədqiq edən Əhmədağa Muğanlı yaradıcılıqla dolu dünyasını 2001-ci il avqustun 4-də dəyişib.  Fərdi yaradıcılıq üslubuna, təəssübkeş vətəndaşlıq mövqeyinə görə yaddaşlarda iz salıb, xatirəsi daim əziz tutulub, unudulmayıb.

Dövlət Film Fondu