Mayın 25-də Nizami Kino Mərkəzində Xalq rəssamı Fuad Əbdürrəhmanova həsr olunan “Monumental həyat” sənədli filminin təqdimatı olub. Təqdimatdan əvvəl foyedə heykəltaraşın işlərindən ibarət sərgiyə baxış keçirilib.
Təqdimatda çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov görkəmli sənətkarla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycan incəsənət tarixindən, xüsusilə də heykəltaraşlıq sənətindən söhbət düşəndə ilk növbədə Fuad Əbdürrəhmanovun adı çəkilir. Buna səbəb onun Azərbaycan milli heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltaraş olmasıdır.
Fuad Əbdürrəhmanovun hər zaman gərgin yaradıcılıq axtarışlarında olduğunu bildirən F.Xəlilov diqqətə çatdırıb ki, hazırda Azərbaycanın görkəmli şəxsiyyətlərinin – ədəbiyyat, incəsənət xadimlərinin, sərkərdələrin, qəhrəmanların paytaxtımızı bəzəyən heykəlləri F.Əbdürrəhmanovun yaradıcılığının məhsuludur. Onun monumental abidələrinə misal olaraq Nizami Gəncəvinin, Səməd Vurğunun, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Düşənbədə Rudəkinin, Buxarada İbn Sinanın ucaldılmış abidələrini göstərmək olar.
Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına nəzər salıb. Vurğulayıb ki, F.Əbdürrəhmənov qısa bir zaman ərzində keçmiş SSRİ məkanında tanınan ən məşhur heykəltaraşlardan birinə çevrilib. Onun sənəti dünya miqyasında tanınıb.
F.Əbdürrəhmanov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya biçimini, həndəsi kəsişmələrin estetik tutumunu, plastika dolğunluğunu və surətlərin mənəvi-daxili aləmlərini qabartmaq bacarığını və digər xüsusiyyətləri qeyd etmək olar.
F.Əbdürrəhmanovun yaradıcılığına ümumi nəzər yetirsək, görərik ki, sənətkarın Şərq ədəbiyyatına, Şərq fəlsəfəsinə xüsusi bir sevgisi olmuşdur. Onun daha çox orta əsr Şərq mütəfəkkir şairlərinin və alimlərinin yaddaqalan obrazlarını yaratması da bu fikrimizi təsdiqləyir. F.Əbdürrəhmanov Azərbaycanla yanaşı, Orta Asiyada milli heykəltaraşlıq məktəbinin formalaşmasında mühüm xidmətlər göstərib. Bu barədə özbək sənətşünası Abdulla Umarov belə yazıb: “Özbəkistan və Tacikistanın monumental heykəltaraşlığının formalaşmasında Azərbaycan heykəltaraşlarının, xüsusilə də F.Əbdürrəhmanovun böyük təsiri olmuşdur”.
Bildirilib ki, F.Əbdürrəhmanov həyatı boyu daim yüksək sənət amallarına sadiq qalaraq, yaratdığı sənət nümunələri ilə Azərbaycan milli heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi kimi öz adını incəsənət tariximizə əbədi həkk edib.
Sonra görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən “Monumental həyat” sənədli film nümayiş olunub.
Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə rejissor Samir Kərimoğlu tərəfindən çəkilib. Filmin Azərbaycan çəkilişləri Bakıda, Gəncədə və Şəkidə, daha sonra Sankt-Peterburq, Moskva, Düşənbə və Brüsseldə aparılıb. Filmin çəkilişləri zamanı Azərbaycan Dövlət Film Fondunun, Dövlət Arxiv İdarəsinin və Azərbaycan Dövlət Televiziyasının arxivlərindən istifadə olunub.