Kinonu həyatın inikasına çevirən bütün varlığı ilə kinoya bağlı olan insanlardır. İllərini, istedad və bacarığını kino sərf edənləri də kino öz növbəsində məşhurlaşdırır, sevdiklərinin əhatəsində sənət nailiyyəti sevinci ilə yaşadır. Tanınmış kinoaktyor, kinorejissor Novruz Axundov da ömrü boyu sevərək seçdiyi sənətinə sadiq qalıb, kinonun sevilən sakinlərindən birinə çevrilib.
Novruz Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda dünyaya göz açıb. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Onlar əvvəl Kürdəxanıda, sonra isə Pirşağıda yaşayıblar. Həmin vaxtlarda Pirşağıda məktəb olmadığına görə o, orta məktəbi Kürdəxanıda oxumalı olub. Orta məktəbdə oxuya-oxuya qardaşları ilə birgə kəndlərində olan dərnəklərə gedib. Orada hazırlanan tamaşalarda aktyor kimi çıxış edib. Tədricən sənətin sehrinə qapılan gənc aktyor taleyini bu sahəyə bağlamağı qərara alsa da, tale elə gətirib ki, pul qazanmaq üçün ticarətlə məşğul olub. Lakin qəlbinin dərinliklərində kök salan sənətə məhəbbəti onu rahat buraxmayıb, yenidən sənətə üz tutmasına onu vadar edib.
1962-ci ildə sənədlərini Mədəniyyət və İncəsənət İnstitutuna verən Novruz Axundov “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub, Xalq artisti Adil İsgəndərovun kursunda təhsil alıb. Ustad sənətkarın sənətə olan böyük sevgisi və bilgisi gənc tələbənin təfəkküründə dərin iz salıb, onu sənətə daha da yaxınlaşdırıb.
Arzuladığı peşəyə qovuşan sənətsevər çox keçmir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor kimi işə başlayır. Kinostudiyanın nəzdində fəaliyyət göstərən dublyaj şöbəsində uzun müddət “əla” dərəcəli rejissor kimi fəaliyyət göstərir. Adil İsgəndərovun kinoya və dublyaj sənətinə olan diqqəti, qayğısı nəticəsində peşəsini daha püxtələşdirir, keyfiyyətli filmlərin dublyajına nail olur. Orada görkəmli sənətkarlarla yanaşı, gənc aktyorların da səsini yazan yazan, onların potensialını üzə çıxaran dublyaj rejissoru rollara uyğun doğru səs (aktyor) seçimi ilə diqqət çəkir, uğurlu dublyaj fəaliyyəti müddətində 500-dən artıq yerli və xarici filmlərin Azərbaycan dilinə dublyajına rejissorluq edir.
Aktyorluq sənətinin incəliyinə dərindən bələd olan Novruz Axuundov rejissorluq fəaliyyəti ilə paralel olaraq “Mozalan” satirik kinojurnalında silsilə rollarda da çəkilir, həmçinin “Mozalan” süjetlərinin xarici dillərə tərcüməsində də rejissor kimi çalışır.
Aktyorun kinoda debüt rolu görkəmli aktyor, rejissor Adil İsgəndərovun quruluş verdiyi “Əhməd haradadır?” filmindəki Oqtay obrazdır. Həmin illərdə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan film digər iştrakçılar kimi ona böyük şöhrət qazandırır.
Filmin baş qəhrəmanı Əhmədin dostlarından biri olan Oqtay ilk görünüşdə tənbəl, sakit təbiətli insan təsiri bağışlayır. Lakin dialoqlar əsasında hadisələrə diqqətlə yanaşan, vəziyyəti düşünərək təhlil edən, qiymətləndirən obraz olduğu məlum olur. Əhmədə daim doğru yol göstərən, dostunun bəzi çılğın, səbirsiz hərəkətlərini qınayan Oqtay sonda onun xoşbəxtliyinə səbəb olan dost kimi yadda qalır.
Filmin baş qəhrəmanı Əhməd ailə qurmasına etiraz edərək valideynlərinin yanından qaçır. Bakıda işlədiyi tikintinin yataqxanasına qayıdır. Onun kənddən qaçmasına səbəb olan, evlənməkdən boyun qaçırdığı qızın – Leylanın müsbət cəhətlərini (səliqəsini, zəhmətkeşliyini, təhsil almaq istəyini, mədəni davranışını) görən Oqtay isə “heç adam da belə qızdan qaçar?” ifadəsilə dostunu qınayır, onu düşünməyə, səhv qərarlarına son qoymağa vadar edir. Bununla da sağlam düşüncəli, dəqiq xarakterli insanların nümunəvi cəhətlərinin ətrafındakılar üçün vacib olması fikri filmdə incə ştrixlərlə vurğulanır. Oqtay obrazının köməkçi yox, əsas personajlardan biri kimi süjetə daxil olması faktı təsdiqini tapır.
“Əhməd haradadır?” filmindəki Oqtay obrazından sonra aktyor “Yenilməz batalyon” tarixi kinodramında işçi, “İstintaq davam edir” detektiv filmində Oqtay, “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Rəqiblər” novellasında pivə içən, “Gözlə məni” tarixi kinodramında Mirzə bəy və digər rollarda, həmçinin “Mozalan” süjetlərində çəkilib. “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən” novellasında film direktoru kimi çalışıb.
Dövlət Film Fondu