Hər bir kinorejissor kinoya öz nəfəsini, dəst-xəttini gətirir, müəyyən bir dövrün bələdçisinə çevrilir, təmsil edir. Həyata baxışını, hadisələrə münasibətini təfəkkürünün süzgəcindən keçirərək təqdim edir, kinonun salnaməsini yaradır.
Tanınmış kinorejissor Oqtay Mir-Qasım da müxtəlif həyat hadisələrinə, mövzulara şəxsi prizmadan yanaşaraq təhlil edib, ekran hadisələri fonunda izləyicinin düşünməsinə, nəticə çıxarmasına imkan yaradıb.
Kinonun müxtəlif sahələrində (sənədli, bədii, “Mozalan”) bacarığını nümayiş etdirən, humanistliyi, xeyirxahlığı təbliğ edən, insanlığa, bəşəriyyətə qayğının vacibliyi ideyalarını yaradıcılığına yansıdan, filmlərində bəyan edən rejissor 60-dan çox filmdə çalışıb, rejissor kimi sənədli-bədii filmlər ekranlaşdırıb, həmçinin həmkarlarının quruluş verdiyi bir neçə filmdə aktyor kimi çəkilib.
1943-cı ilin 12 iyun tarixində Bakıda, alim-cərrah Mirəsədulla Mirqasımovun ailəsində dünyaya göz açan gələcəyin tanınmış rejissoru kinoya 60-cı illərin əvvəllərindən gəlib. Həmin illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb, görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Əmək və qızılgül” (1962) filmində rejissor köməkçisi kimi işləyib. Bir müddət sonra ali kino təhsili almaq məqsədi ilə Moskvaya gedib, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1968). İnstitutu bitirdikdən sonra Bakıya – “Azərbaycanfilm” kinostudiyasına qayıdıb. Yaradıcılığının ilkin mərhələsində müxtəlif mövzulu sənədli filmlər (“Dəniz”, “Azərbaycan haqqında etüd”, “Tatarıstanda Azərbaycan günləri”, “Gənclər festivalı”, “Bakı haqqında 10 dəqiqə” və s.) ekranlaşdırıb.
Sənədli kinoda mövzulara fərdi yanaşma üslubunu tədiqləyən, fikir və münasibətini bildirən rejissor, həmçinin “Mozalan” kinojurnalında çalışıb, bir sıra (sənədli və bədii) satirik kinosüjetlər çəkib (“Məğlubedilməzlər”, “İşgüzar adamlar”, “777 №-li sexdə”, “Günlərin bir günü…”, “777 №-li müəssisədə” və s.), məzmunlu süjetlər vasitəsi ilə ictimaiyyəti narahat edən vacib məsələlərə toxunub, qəribə xüsusiyyətlərinə görə ətrafdakıların qınaq obyektinə çevrilən tipajları, qeyri-normal hadisələrə səbəb olan davranışları, vəziyyətləri cəmiyyətin mühakiməsinə verib.
Kinonun müxtəlif sahələrində aktiv fəaliyyət göstərən rejissor, həmçinin, bir sıra filmlərdə aktyor kimi çəkilib (“Dantenin yubileyi” kinodramında Yalçın, “Əgər bir yerdəyiksə” filmində Arif Hümbətov, “ De ki, məni sevirsən!” detektiv dramında rayon prokuroru və s.), müxtəlif xarakterli ekran personajlarının fərdi cəhətlərini mövzuya, rola yanaşma üslub və tərzi ilə təhlil edib.
Oqtay Mir-Qasımın rejissor kimi bədii kinoda debüt işi Vaqif Səmədoğlunun ssenarisi əsasında, 1974-cü ildə çəkdiyi “1001-ci qastrol” filmidir. Musiqili film dünya şöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Filmdə əsl istedada malik insanı məhv etməyin, yolunda əngəl olmağın mümkünsüzlüyü vurğulanır.
Bundan sonra rejissor “Anlamaq istəyirəm”, “Gümüşü furqon”, “Cin mikrorayonda”, “Şeytan göz qabağında”, “Ovsunçu”, “Günaydın, mələyim!”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” və digər filmlərə quruluş verib.
Kinoda çoxşaxəli fəaliyyət göstərən, filmləri ümumittifaq respublikalarda keçirilən beynəlxalq kinofestivallarda mükafatlar qazanan Oqtay Mir-Qasım 1992-2001-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb, paralel olaraq rejissorluq fəaliyyətini davam etdirib.
Nəcib əməllərin, gözəl xüsusiyyətlərin, etik davranış və münasibətlərin vacibliyini yaradıcılığının qayəsinə çevirən, ziddiyyətlərin daim toqquşduğu, xeyirlə şərin qarşı-qarşıya durduğu bir dünyada humanistliyin insanlığı, bəşəriyyəti xilas edəcəyi ideyasını təbliğ edən rejissor bilik və zəhmətinin məhsulu olan filmləri ilə milli kinomuzun inkişafına təkan verib. Peşəkar mizan və quruluşları, aktyorlara verdiyi düzgün sənət təlimatları böyük bir aktyor nəslinin sənətdə püxtələşməsinə, potensialının artmasına imkan yaradıb, rejissor-pedaqoq kimi onların sənət imkanlarını genişləndirib.
İstedad və bacarığına, kino sənətində göstərdiyi xidmətlərə görə, Oqtay Mir-Qasım 2000-ci ildə Xalq artisti fəxri adını alıb, 2015-ci ildə “Cəfər Cabbarlı” mükafatına layiq görülüb, 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.
Qocaman kino ustasını yubiley yaşı münasibəti ilə təbrik edirik, ona cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu