Aprelin 4-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun 110 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Muxtar Avşarovun həyat və yaradıcılığı haqqında məlumat verdi, onunla birgə “Azərbaycanfilm” kinostudiyasında əməkdaşlığını xatırladı. Sonra Xalq artistləri Rasim Balayev, Rafiq Əzimov, Əbdül Mahmudov, Nurəddin Mehdixanlı, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri İlham Rəhimli, Rafiq Sadıqov və Əməkdar artist Əfqan Soltanov M.Avşarov haqqında xatirələrini bölüşdülər. Sonda sənətkarın ailə üzvləri adından qızı Sevər Abbasova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
Tədbir boyu sənətkarın teatr yaradıcılığını özündə əks etdirən videoçarx, M.Avşarovun Dövlət Film Fondunda keçirilmiş 100 illik yubileyində Xalq artisti Amaliya Pənahovanın çıxışı və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.