Bu gün yaddaşımızda yüksək mənəvi keyfiyyəti, duzlu-məzəli söhbəti, incə yumoru, mehriban münasibəti ilə əbədiləşən, olduğu mühitdə xoş əhval-ruhiyyə yaradan, maraqlı sənət söhbətləri ilə kino ailəsi haqqında düşüncələrimizi formalaşdıran, zənginləşdirən, istedadlı kinorejissor, kinoaktyor, Əməkdar artist Elxan Qasımovun doğum günüdür.
Ünsiyyətcil cəhətinə, insansevərliyinə görə kinosevərlərin dostu olan Elxan Qasımov haqqında təəssüflər olsun ki, bu gün keçmiş zamanda danışırıq və yaradıcılıq yoluna onsuz nəzər salırıq. Bir yaz günündə dünyaya gələn (24.04.1945), taleyinə yazılan ömür payının 78-ci baharında dünyasını dəyişən (29.05.2023) kino xadiminin xatirəsi onu tanıyanlar, dost və tanışları, həmkarları üçün həmişə əzizdir.
“Kinostudiya mənim üçün doğma yerdir”, – deyən rejissor ömrünün 50 ildən çoxunu ikinci evi bildiyi məkanda keçirdi, həyatını bütünlüklə sevib-seçdiyi məsləyinə həsr etdi.
Naxçıvanda dünyaya göz açan Elxan Qasımov hələ kiçik yaşlarından sənətə böyük maraq göstərib. Orta məktəbdə oxuduğu illərdə pionerlər evində rəqs dərnəyinə gedib. Paralel olaraq basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Rəqs sənətini daha çox sevdiyinə görə məktəb illərində müxtəlif tədbirlərdə çıxış edib, Bakıda festival laureatı olub. Hətta bir müddət sonra Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas kimi (il yarım) çıxış edib.
Orta məktəbi bitirdikdən sonra kinoya olan hədsiz sevgisinə görə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmağa qərar verib. 1962–1966-cı illərdə institutun aktyorluq fakültəsində təhsil alıb. Daha sonra Leninqrad DTMKİ-nin rejissorluq fakültəsində (1973–1978) oxuyub, kino sənətinin sirlərinə dərindən bələd olub.
Elxan Qasımovun bəxti onda gətirib ki, tale onu görkəmli teatr, kino xadimi Adil İsgəndərovla rastlaşdırıb. Müəlliminin zəngin təfəkküründən, dünyagörüşündən bəhrələnib, onun doğru təlimatları nəticəsində sənətdə tanınıb, məşhurlaşıb.
1963-cü ildə Adil İsgəndərovun quruluş verdiyi “Əhməd haradadır?” kinokomediyasında sürücü Əhməd roluna çəkilib. Elxan Qasımovun film haqqındakı düşüncələrinə istinad edirik: “Əhməd haradadır?” filmi bir film kimi orta səviyyəli filmdir. Ancaq görkəmli sənətkarlar Sabit Rəhman, Adil İsgəndərov, Rauf Hacıyev, Məmməd Hüseynov birləşdilər və belə gözəl film ərsəyə gətirdilər. Peşəkar rəqqas Əlibaba Abdullayev Yaşıl Teatrda o cür gözəl rəqs quruluşları vermişdi. Hamı film üzərində böyük sevgi ilə işləyirdi. Nəticədə də baxılan, sevilən bir film yarandı”.
Əhməd rolu ilə məşhurlaşan gənc aktyor bəlkə də, başlanğıcda tərəddüdlə çıxdığı çətin, keşməkeşli sənət yolunda bir çox nailiyyətlərə, uğurlara imza atdı, bir müddət sonra rejissor kimi fəaliyyət göstərdi.
“Azərbaycanfilm” kinostudiyasının sevimli sakini olan, sənət bilgisini gənclərə tədris edən Elxan Qasımov ömrünün sonunadək kinostudiyada çalışdı, bir sıra filmdə aktyor kimi çəkildi. Özünəməxsus tərzdə, orijinal üslubda bir sıra maraqlı, xarakterik obrazlar canlandırdı. Müxtəlif janrlı filmlərdə oynadığı Seyfi (“Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən…” novellası), Vəli (“Axırıncı aşırım”), qədeş (“Ürək… Ürək…”), Rauf (“Otel otağı”), sakin (“İnsan məskən salır”) və digər rolları ilə yaddaşlarda iz saldı, filmlərin baxımlılığına zəmin yaratdı. Elxan Qasımovun kiçikplanlı rollarına münasibətinə diqqət edək: “Evdə hansısa rolumun kiçik olması haqqında gileylənəndə anam tez deyirdi ki, bəs sən kiçik olanda deyirdin ekranda bircə dəfə görünsəm bəsdi… Ailədən də çox şey asılıdır. Evdəkilər mənə həmişə dayaq olublar. Mənim mütaliəmin çox olmasında, sənət adamı kimi formalaşmağımda ailəmin böyük rolu olub”.
Az müddət ərzində geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan aktyor rejissorluq fəaliyyəti dövründə bədii (“Köhnə bərə”, “Biz qayıdacağıq”, “Qocalar, qocalar…”), sənədli (“Nizami Gəncəvi”, “Böyük anda sadiqik” və s.) filmlərlə yanaşı, “Mozalan” satirik kinojurnalı üçün bir sıra süjetlər (“Ay çox, il çox…”, “Atası yandı”, “Cavabsız sual”, “Cərimə yolları”, “Məhəbbətin familiyası” və s.) ekranlaşdırdı. Elxan Qasımovun filmləri haqqındakı qeydlərindən: “Mənim çəkdiyim üç filmdən üçü də müasir həyatdandır. Ancaq bu filmələri mənə təqdim olunan ssenari əsasında çəkmişəm. Hisslərə toxunmayan filmləri çəkmək olmur. Mən düşünürəm ki, məhsuldar işləməmişəm. Amma daha məhsuldar ola bilərdim. Arxaya dönüb baxanda çox sevinməsəm də, xəcalət də çəkmirəm”.
Kollektiv sənət növü olan kinoda yaradıcı qrupla birgə işləmək bacarığını, təşkilatçılıq xüsusiyyətini təsdiqləyən rejissor onu narahat edən məsələləri cəmiyyətin diqqətinə çatdırmaqla yanaşı, ictimai fəaliyyətinin bir hissəsi kimi “Azərbaycanfilm” kinostudiyasında Həmkarlar İttifaqının sədri vəzifəsini də icra edib. Elxan Qasımov kinoya vurğunluğunu belə xarakterizə edib: “Həyatımın əsas hissəsi, 50 ildən çoxu kinostudiyada keçib. Xoşbəxtlikdən evim də kinostudiyaya yaxın olub. Buna görə vaxtımın çoxu burada keçib.
Mənə doğma olan bu məkanda müxtəlif insanlarla tanış olmuşam. 18 yaşımda gəlib bu aləmə düşdüyümə görə istər-istəməz hər bir söz-söhbəti dinləmək istəmişəm. Əgər formalaşmış bir sənətkar kimi bura gəlsəydim, mənim öz aləmim olardı və söhbətlərə bu qədər həssas yanaşmazdım. Amma erkən yaşlarımdan burada olduğum üçün tanış olduğum hər bir insana xüsusi diqqətlə, hörmətlə yanaşmışam. Söylədikləri xatirələri, gördükləri işləri yaddaşıma yazmışam”.
Elxan Qasımovun maraqlı ekran obrazlarından biri də “Əlavə təsir” detektiv filmindəki polkovnik Şəmsəddin Babayev roludur. Film kimyəvi məhlul hazırlayan alimin (Eldar Tağıyev – aktyor Şamil Süleymanlı) ixtira etdiyi kimyəvi məhluldan və bu məhlulun müsbət-mənfi nəticələrinin araşdırılmasından, həmçinin ondan neqativ işlərdə istifadə etmək məqsədi güdən cinayətkarların qanun keşikçiləri tərəfindən zərərsizləşdirilməsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elxan Cəfərovun sənət dostu haqqındakı fikirləri yerinə düşür: “Elxan Qasımovu 1973-cü ildən tanıyırdım. Əvvəlcə onu sürücü Əhməd kimi qəbul etmişdim. Çünki həmin illərdə ən çox nümayiş olunan və sevilən bu film idi. O, bu rolla çox məşhurlaşmışdı. Bununla yanaşı, bizimlə bir binada qalırdılar. Ailəsi ilə çox yaxın idik. Övladlarını, oğlu Samiri yaxşı tanıyırdım. Onunla yaxın dost idim. Təəsüflər olsun ki, Samir gənc yaşlarında faciəvi şəkildə dünyasını dəyişdi. Allah ona rəhmət eləsin.
Elxan əmi tək mənə yox, kinostudiyadakı bütün gənclərə, ümumiyyətlə, həmkarlarına yaxın insan olub. Biz gənclərə həmişə vacib məsləhətlər verirdi. Böyüyümüz, ağsaqqalımız idi. Hərdən maraqlı zarafatları olurdu. Həmişə məni görəndə zarafatla deyirdi ki, iki Elxanın başı bir studiyada qaynamaz.
Kinostudiyaya mənim yanıma kimsə gələndə gözətçilərə: “Elxanın yanına gəlmişəm”, – deyirdilər. Onlar da soruşurdu ki, balaca Elxanın, yoxsa böyük Elxanın?.. Mən kiçik, Elxan əmi isə böyük Elxan idi. Bizim aramızda hörmətli, doğma münasibət vardı.
Biz onunla “Əlavə təsir” filmində işlədik. Onu filmimdə çəkmək arzum idi. Rejissor-aktyor münasibətində çox yaxşı əlaqəmiz oldu. Çəkiliş meydançasında bir-birimizi gözəl başa düşdük. Mənə yaxın insan olduğu üçün haqqında danışmaq o qədər də asan deyil. Mehriban insan, gözəl sənət dostu kimi yeri həmişə görünür. Allah ona rəhmət eləsin”.
Dövlət Film Fondu