Kollektiv sənət növü olan kinematoqrafiyanın inkişaf etdirilməsində, baxımlılığının artmasında, təmin edilməsində kino rəssamların əməyi, zəhməti böyükdür. Onların fantaziya və təfəkkürləri filmlərə ikiqat uğur gətirir. Azərbaycan kinosunda 20-ə yaxın bədii, bir neçə sənədli filmdə quruluşçu rəssam kimi çalışan, yaradıcılığının təfrisində müəlliflərin ideyasını təsdiqləyən, ekran əsərlərinin ideya-bədii fikrini tamamlayan böyük istedad sahibi, Əməkdar rəssam Cəbrayıl Əzimovun məhsuldar yaradıcılığı da Azərbaycan bədii kinosunun inkişafında xüsusi rol oynayıb. Filmlərə quruluş verdiyi rəsmlər kino istehsalı prosesində kadrların obrazlı həllini tapmasına, kinematoqrafik görüntünün təkmilləşməsinə xidmət edib.
1926-cı ilin 7 may tarixində Bakıda, neftçi ailəsində dünyaya göz açan Cəbrayıl Əzimov rəssamlığa hələ uşaq yaşlarından həvəs göstərib. 1941-ci ildə (7-ci sinfi bitirdikdən sonra) Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. Burada oxuduğu müddətdə kitablara illüstrasiyalar çəkib, rəssamlıq sənətinin sirlərinə dərindən bələd olub. Məktəbi bitirdikdən sonra “Od gəlini” rəngkarlıq işini diplom kimi müdafiə edib. Bacarıqlı rəssam kimi püxtələşən gənc, istedad və bacarığını uşaqlıqdan vurulduğu kinoya həsr etməyi qət edib. Buna görə də, 1947-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunun filmin təsvir-dekorasiya tərtibatı fakültəsinə daxil olub. Burada sovet kinosunun görkəmli rəssamları Fyodor Boqorodskinin, Yuri Pimenovun sənət təcrübəsindən bəhrələnib, kino rəssamlığının incəliklərini öyrənib. Tələbələk illərində rəngkarlıq əsərləri ilə bir sıra sərgilərdə iştirak edib, müvəffəqiyyət qazanıb. Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin eyniadlı əsəri əsasında çəkdiyi “Döyüşən şəhər” tablosunu diplom işi kimi komissiyaya təqdim edib, əla qiymətə layiq görülüb. 1953-cü ildə institutu bitirdikdən sonra Bakı kinostudiyasında kino rəssamı kimi fəaliyyətə başlayıb.
İstedadlı rəssam fərdi istedadını, özünəməxsusluğunu çalışdığı filmlərdə təsdiqləyib. “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “İnsan məskən salır”, “Leyli və Məcnun”, “Qanun naminə” və digər ekran əsərlərində tərtib etdiyi mövzuya uyğunlaşdırılmış natura və dekorasiya çəkilişləri filmlərin ideya-bədii həllini tapmasında mühüm rol oynayıb. Rəssamın kinoda ilk işi olan “Doğma xalqıma” (rəssam Elbəy Rzaquliyev, A. Freydinlə birgə) rəngli bədii-sənədli filmi potensial zənginliyini təsdiqləyib, növbəti filmlərə dəvət almasına səbəb olub. Çalışdığı filmlərdəki bədii tərtibatın yüksək sənətkarlıqla verilməsi ekran kompozisiyasının tamlığını təmin edib. Eskizləri əsasında (mövzuya uyğun) qurulmuş dekorasiyalar, düzgün seçilmiş (natura çəkilişləri üçün) məkanlar rejissorların ideyasını dolğun, əhatəli təsvir edib, ekran əsərlərinin baxış hüdudlarını, coğrafiyasını genişləndirib.
Rəssamın müxtəlif dövr və məkana aid olan tərtibatları filmin ideyasına uyğun dəqiq müəyyənləşdirilib. Sənət biliciliyinə görə filmlərdə həmçinin geyim rəssamı kimi də fəaliyyət göstərib. Məsələn, “Əmək və qızılgül” filmində istər film qəhrəmanlarının, istərsə də baş rol iştrakçısı məşhur çeçen rəqqası Mahmud Esambayevin (Mahmud) səhnə üçün tikilmiş əlbəsələri mühit və fikir ölçülərini təsdiqləyir. Ciddi məzmunlu kadrlar ictimai baxışın ekran hadisələrinə münasibətini dəqiqləşdirir, formalaşmış (filmə və yaradıcı heyətə olan) düşüncələrini şərtləndirir, kinonun həyat üçün vacibliyini vurğulayır.
Cəbrayıl Əzimovun rəssam kimi quruluş verdiyi “Sehrli xalat” nağıl-filminin dekorasiya çəkilişləri nəinki respublika, hətta ümumittifaq məkan tamaşaçılarının böyük marağına səbəb oldu. Sözügedən filmdə uşaq rollarından birini, Eldar obrazını canlandıran, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun xatirələri Cəbrayıl Əzimovun portretini göz önündə canlandırır: “Sehrli xalat” filmində gördüyümüz kosmik gəminin, xan sarayının, uşaqların gələcəyə səyahət edərkən kəşf etdikləri məkanların təsvirini, həmçinin ay səthi üzərini əks etdirən digər müxtəlif dekorasiyalar Cəbrayıl Əzimovun tərtibatında (Məmməd Hüseynovla birgə) böyük ustalıqla qurulmuşdu. Həmin vaxtlar yeniyetmə olduğumuzdan, iştirak etdiyimiz və bu gün də əfsanəyə çevrilən məşhur filmin yaradıcılarının əməyinin böyüklüyünü o qədər də dərk etmirdik. Filmdə çəkildiyimə, çəkilişlərin canlı şahidi olduğuma görə tez-tez mənə müraciət edir, xanın, həmçinin pionerlərin bəzədiyi sarayın harada yerləşdiyini soruşurlar. Mən insanları inandıra bilmirəm ki, həmin saray kinostudiyanın pavilyonunda qurulmuş dekorasiyalardır. Bu özü də Cəbrayıl Əzimovun peşəkar rəssam olduğunu bir daha təsdiqləyir”.
Filmin uğur qazanmasında yaradıcı heyətin düzgün seçilməsi şərtdir. Ədəbi əsərlərin mövzuya uyğun tərtibatda ekranlaşdırılmasında kino rəssamlarının əməyi böyükdür. Əsərə uyğun (zaman və məkan) çəkilişlərin düzgün müəyyənləşməsində rəssam işinin qüsursuzluğu əvəzsizdir. Cəbrayıl Əzimov da rəssam kimi quruluş verdiyi filmlərdə dövrə aid olan natura, dekorasiya çəkilişlərinin qüsursuz təqdimatına zəmin yaradıb, kadrların mövzu ilə uzlaşmasına, inandırıcı, dolğun alınmasına səbəb olub.
Rəssamın “O olmasın, bu olsun” filmindəki tərtibatı (Nadir Zeynalovla birgə) xüsusi diqqət çəkir. 1910-cu ildə Bakıda cərəyan edən hadisələr çərçivəsində iki gəncin – Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) məhəbbətindən, saf niyyətli gənclərin dövrün müəyyən haqsızlıqlarına, meşşan və pulgir insanların hiyləgər xüsusiyyətlərinə, çirkin məqsədlərinə qalib gəlmələrindən bəhs olunur. Maraqlı səhnələrlə zəngin olan film mövzuya uyğun kadrlarla boldur. Yaxın keçmişə aid natura və fon çəkilişləri, dekorasiyalar mövzunun mahiyyətini, təsvirlərin məntiqi dəyərini öz-özlüyündə şərh edir. Rüstəm bəyin evi, Məşədi İbadın dükanı, Rza bəyin iş yeri, şəhər hamamının təsviri və digər məkanların interyerləri filmin ideya məzmununu tamamlayır, koloritini artırır, müəlliflərin məqsəd və istəklərinin tam, aydın şəkildə təqdim olunmasına zəmin yaradır.
“Görüş” kinokomediyasında böyük həvəslə çalışan (Elbəy Rzaquliyevlə birgə) rəssam işinin peşəkarlığı, sənətinə böyük məhhəbtlə yanaşması filmin hər bir kadrında nəzərə çarpır, mövzunun ab-havasını yaradan məkan təsvirlərinin fonunda təsdiqini tapır. Filmdəki natura çəkilişləri, dekorasiyalar, iş otaqları, mənzillər və hər birinə aid olan mebellərin dəqiq seçimi ekran qəhrəmanlarının xarakterləri ilə yanaşı, həyat şəraitlərini, həmçinin əhval-ruhiyyələrini dəqiq ifadə edir. Filmin bədii tərtibatı ekran hadisələrinin, prototiplərin inandırıcılığına imkan yaradır. Göründüyü kimi filmlərin baxılmasında və sevilməsində böyük əməyi olan ustad sənətkarın yaradıcılığı örnəkdir, sənəti məktəbdir.
Dövlət Film Fondu