Tofiq Tağızadənin adı Azərbaycan kinosu tarixinə qızıl hərflərlə yazılıb

 

Azərbaycan Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun dəstəyi ilə Muzey Mərkəzində görkəmli kinorejissor, ssenarist, aktyor, xalq artisti Tofiq Tağızadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əməkdar incəsənət xadimi Ayaz Salayev tədbiri açaraq istedadlı rejissorun həyat və yaradıcılığından danışıb. O diqqətə çatdırıb ki, Tofiq Tağızadə milli kinomuzun “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və bir sıra başqa sevimli filmlərimizin müəllifi olub. “Tofiq Tağızadə əsl peşəkar idi, o, tarixi, macəra, komediya və vestern kimi janrlarda filmlərə quruluş verib. Bununla yanaşı, o, ssenari yazır, bəzi ekran əsərlərində rollara çəkilirdi. Böyük rejissorun xatirəsi əbədi yaşayacaq”, – deyə A.Salayev bildirib.

Mədəniyyət Nazirinin müavini Vaqif Əliyev çıxışında qeyd edib ki, “Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, 2019-cu ildə görkəmli rejissorun yubileyinə həsr edilən çoxsaylı tədbirlər keçiriləcək. Bu, dövlət tərəfindən istedadlı şəxsiyyətlərin fəaliyyətinə ayrılan böyük diqqətdən xəbər verir. Tofiq Tağızadə öz sənətinin mahir ustası idi. Onun adı Azərbaycan kinosu tarixinə qızıl hərflərlə yazılıb”, – deyə V.Əliyev əlavə edib.

Əməkdar artist Elxan Qasımov da həyatını çəkiliş meydançasından kənarda təsəvvür etməyən görkəmli kino xadimi barədə xatirələrini bölüşüb. “Tofiq Tağızadə təkcə hərtərəfli istedadlı rejissor deyildi, o, həm də gözəl insan, etibarlı dost və müdrik ustad idi” – deyə E.Qasımov bildirib.

Görkəmli kino xadimlərindən Əbdül Mahmudov, Cəmil Quliyev, Mərahim Fərzəlibəyov sənətkarın şəxsi keyfiyyətlərindən, onun gənclərə göstərdiyi diqqət və qayğısından danışıblar.

Sonra görkəmli rejissorun zəngin həyat yolunu əks etdirən sənədli film nümayiş etdirilib.