Azərbaycan Dövlət Film Fondunda görkəmli kinooperator Xan Babayevin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Tədbirə toplaşanlar Dövlət Film Fondunda açılmış sənətkarın həyat və fəaliyyətindən bəhs edən foto sərgi ilə tanış oldular.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev gecəni açaraq sənətkarın həyat və yaradıcılığından, onun milli kinomuzun inkişafındakı xidmətlərindən danışdı. Operatorluq məktəbinin ən parlaq nümayəndələrindən biri olan Xan Babayevin “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və başqa Azərbaycan filmlərinin quruluşçu operatoru olduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Xan Babayev haqqında xatirələrini bölüşdü. O bildirdi ki, X.Babayev hələ Kinematoqrafiya İnstitutunun tələbəsi olanda 1947-ci ildə dostu, kinooperator T.Axundovla birgə iki sənədli film çəkib. Həmin il istehsala buraxılan “Bakının işıqları” tammetrajlı bədii filmində ikinci operator işləyib.
Çıxış edən tanınmış operatorlar Rafiq Quliyev və Rafail Qəmbərov həmkarları olan Xan Babayevin yaradıcılıq xüsussiyətlərindən danışdılar, onu milli kino sənətində yaddaqalan iz buraxmış ustad kimi dəyərləndirdilər.
Tədbir boyu sənətkarın lentə aldığı filmlərdən fraqmentlər nümayiş etdirildi