İyunun 14-də Dövlət Film Fondunda milli teatr səhnəsinin görkəmli nümayəndəsi, Xalq Artisti Amalya Pənahovanın anadan olmasının 74 illiyinə həsr edilən tədbir keçirilib.
Dövlət Film Fondu Azərbaycan mədəniyyətinin böyük sənətkarlarının xatirə axşamları silsiləsinin davamı olaraq təşkil etdiyi növbəti xatirə gecəsinə Amalya xanımın sənət dostları, teatr və kino peşəkarları, onun pərəstişkarları və ailə üzvləri toplaşmışdılar. Tədbirin əvvəlində sənətkarın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev giriş sözündə Amalya Pənahovanın həyat və yaradıcılığından, milli kinomuzun və teatr sənətimizin inkişafındakı xidmətlərindən danışdı.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov qeyd etdi ki, Amalya xanım 55 ildən çox Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində elə iz qoyub, elə incilər yaradıb ki, onun fəth etdiyi zirvələrə nə vaxtsa ucalmaq çətin olacaq. Hörmətli akademik Amalya xanımın Milli Dram Teatrı və son illər yaradıb çalışdığı Bələdiyyə Teatrının səhnəsində oynadığı unudulmaz obrazlar haqqında söz açdı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Amaliya xanım ölməz dramaturqumuz İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan incəsənətində parlaq bir ulduz kimi doğub. Görkəmli dramaturq bir çox pyesini məxsusi Amalya Pənahovanın aktyorluq üslubunu, onun ifaçılıq xüsussiyətlərini nəzərə alaraq yaratmışdır.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, sənətkarın həmkarları, xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, kino aktyoru Elxan Qasımov və başqaları Amalya xanım haqqında xatirələrini bölüşdülər.
Tədbirin sonunda İctimai Televiziyanın Amalya Pənahovaya həsr olunmuş 50-dəqiqəlik televiziya proqramı iştirakçılara tədim olundu.