Kollektiv sənət növü olan kinonun ərsəyə gəlməsində zəhməti olan kinematoqrafçılar arasında film direktorlarının əməyi böyükdür. Azərbaycan kinosunda 30-a yaxın filmdə işləyən, filmlərin hazırlıq işlərinin öhdəsindən bacarıqla gələn film direktorlarımızdan biri də əməkdar mədəniyyət işçisi Rimma Abdullayevadır. İstedad və bacarığı ilə həmkarlarının, müsbət şəxsi keyfiyyətləri ilə dostlarının, doğmalarının hörmətini qazanan tanınmış kino xadiminin anadan olmasının 90-cı ildönümündə ömür yoluna nəzər salmağı özümüzə borc bilirik.
Rimma Abdullayeva 1931-ci il 24 oktyabr tarixində Ağdam şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Alı Məmməd oğlu Abdullayev Şuşada doğulub. Əslən şuşalı olan Alı kişi böyüyüb boya-başa çatdığı şəhərdə orta təhsilini bitirdikdən sonra arzusunda olduğu Tibb İnstitutuna qəbul olub, sevdiyi həkimlik peşəsinə yiyələnib. İnstitutu bitirdikdən sonra Ağdam Şəhər Hərbi Hospitalında hərbi həkim, sonra isə baş həkim işləyib. Həyat yoldaşı milliyyətcə rus olan (Stavropolda doğulan) Anna Lukinova isə evdar qadın olub. Onlar ailə qurduqdan sonra Ağdama köçüblər. Orada dünyaya göz açan Rimma Abdullayeva orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) sənədlərini verib, 1953-cü ildə oranı bitirib. Respublika Bankında iqtisadiyyatçı kimi əmək fəaliyyətinə başlayıb. İki il ərzində (1953-1955) orada işlədikdən sonra kinostudiyaya dəvət alıb. Kinostudiyada iqtisadiyyadçı kimi çalışmağa başlayan Rimma xanım 1966-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun film direktoru ixtisası üzrə kursa qəbul olub, 1968-ci ildə həmin kursu bitirib. Bakıya qayıtdıqdan sonra film direktoru kimi ilk olaraq kinorejissor Eldar Quliyevin debüt filmi olan “Biri vardı, biri yoxdu…” filmində film direktoru kimi çalışıb. Bundan sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərdiyi 40 il ərzində 30-a yaxın (“Avqust gələndə”, “Bir cənub şəhərində”, “Dantenin yubileyi”, “Qaladan tapılan mücrü”, “Üzeyir ömrü” və s.) filmdə uğurlu fəaliyyət göstərib.
Onu da qeyd edək ki, kinematoqrafiya sahəsində çətin peşə sayılan film direktoru vəzifəsinin öhdəsindən bacarıqla gələn Rimma Abdullayeva daima ətrafı və həmkarları üçün nümunəvi həyat yolu olan insan kimi yadda qalıb. Rimma xanımın ömür yoluna daha yaxından bələd olmaq, haqqında daha dolğun məlumat əldə etmək üçün onu yaxından tanıyan doğmalarının, onunla bir yerdə işləyən həmkarlarının fikirləri ilə tanış olaq.
Rimma xanımın gəlini, uzun illər Gənc Tamaşaçılar Teatrında aktrisa, ikinci rejissor kimi çalışan Reyhan Abdullayeva: “Rimma xanım məsləyinə bağlı insan idi. Onu sənətsevərliyinə, işgüzarlığına görə sevir, bu kimi xüsusiyyətlərinə görə də ən çətin çəkilişləri olan filmləri ona tapşırırdılar. Hansı ki, həmin filmlər ya xaricdə, ya da bölgələrdə çəkilməli idi. Çünki bilirdilər ki, Rimma xanım tapşırılan işin öhdəsindən bacarıqla gələcək, filmlərin çəkilişləri asanlıqla həyata keçəcək. Onun üçün “yoxdur” sözü yox idi. “Olmalıdır” və “var” sözü vardı.”
Həmişə danışırdı ki, işlədiyi filmlər içərisində ən çətin başa gələn filmlərdən biri “Qətldən yeddi gün sonra” filmi idi. Filmin böyük bir hissəsi Moskvada çəkilib. Orada filmin çəkilişləri üçün lazım olan rekvizit və əşyaları, maşınları olduqca əziyyətlə əldə edirmiş. Bunun üçün də bu film onun üçün xüsusi əhəmiyyət kəsb edirdi. Həm də bu film onun son filmlərindən biridir. On ilə yaxın “Mozalan” satirik kinojurnalında direktor kimi də çalışıb. O, özü təqaüdə çıxdı. Kinostudiyada buna narazılıq etsələr də, razılaşmadı. Zamanında təqaüdə çıxmağı məsləhət bildi.
Oğlu Teymur Abdullayev də incəsənət sahəsindədir. Uzun illərdir ki, səs rejissoru kimi fəaliyyət göstərir: bədii, sənədli, animasiya filmlərinin səsyazması ilə məşğuldur. İki nəvəsi aktyorluq peşəsini seçib, bu çətin peşənin ardınca gedirlər. “Rimma xanım ailədə də olduqca səmimi, mehriban idi. Bir gün halı pisləşdi, 20 dəqiqənin içində bizi tərk etdi. 2017-ci il yanvarın 24-də dünyasını dəyişdi. Çox mehriban qadın idi. Onu həmişə sevgi hissi ilə xatırlayacağam. Allah ona rəhmət eləsin”.
Respublikanın əməkdar incəsənət xadimi, qrim rəssamı Elbrus Vahidov: “Rimma xanımla cəmi bir filmdə – “Qətldən yeddi gün sonra” filmində işləmişəm. İş prosesində çox ciddi, həyatda isə mehriban xanım idi. Onu da əlavə edim ki, film direktoru peşəsi çox çətin bir peşədir. Rimma xanım işinə məsuliyyətlə yanaşdığına görə öhdəsindən bacarıqla gəlirdi. Filmin çəkilişlərinə, bütünlüklə heyətə nəzarət edirdi. Sözügedən filmlə bağlı iki ay Moskvada olduq. Həmin vaxtlarda Rimma xanım filmin çəkilişlərinə lazım olan nə vardısa, hamısını vaxtlı-vaxtında tapıb yerbəyer edirdi. Lazım olan maşınlar və yaxud digər avadanlıqlar, rekvizitlər hamısı vaxtında yerində olurdu. O, iş prosesində çox ciddi idi. Bu da başadüşüləndir. Çünki elə olmasaydı çəkilişlər gedən müddətdə nizam-intizam elə güclü olmazdı. Rimma Abdullayevanı həmişə işgüzar, peşəsini sevən əsl kino xadimi kimi xatırlamışam.”
Respublikanın əməkdar mədəniyyət işçisi, bir çox filmdə film direktoru kimi çalışmış Nadir Əliyev: “Rimma xanımla bağlı ancaq xoş xatirələr danışmaq mümkündür. Çox işgüzar və mehriban xanım idi. Onunla iki filmdə (“Alma almaya bənzər”, “Ürək… Ürək…”) işləmişəm. O, sözügedən filmlərin direktoru, mən isə müavini idim. İşini yüksək səviyyədə icra edən savadlı film direktoru idi. Baxmayaraq ki, bu peşəni insanlar ancaq kişi peşəsi kimi qəbul edirlər, amma dünya kino təcrübəsində, həmçinin keçmiş SSRİ məkanında da bu peşədə çalışan qadınlar çox idi. Bu baxımdan Rimma xanımın bu işlə məşğul olmağı təəccüblü gəlməməlidir. O, hər şeydən əvvəl məsləyini çox sevirdi və peşəkarlıqla da öhdəsindən gəlirdi. İş prosesində çox ciddi olurdu. Nizam-intizama riayət edirdi, bunu da çəkiliş qrupundan tələb edirdi. Kino istehsalının incəliklərini dərindən bildiyinə görə rejissorlarla münasibəti həmişə yüksək səviyyədə olurdu.
Mənim kino məktəbim bir neçə tanınmış fim direktorlarının iş təcrübəsi idi ki, onlardan biri də Rimma xanımdır. Mən onların peşəyə yanaşma tərzindən, yaradıcılıq metodundan bəhrələnir, nümunəvi cəhətlərindən örnək alırdım. Bu peşəni gərək görüb-götürəsən, işləyə-işləyə yaxşı məqamları hafizənə yazıb gələcəkdə iş prosesində istifadə edəsən.
Rimma xanımla ilk tanışlığım “Alma almaya bənzər” filminin hazırlıq prosesi zamanı olub. Həmin vaxtı mən kinorejissor Oqtay Mir-Qasımın “1001-ci qastrol” (1974) filmində baş inzibatçı işləyirdim. Filmlə bağlı məsələləri həll etmək üçün Kiyevə ezam olunmuşdum. Çəkilişlərimiz Dovjenko adına studiyada aparılırdı. Təsadüfən Kiyevdə Rimma xanımla görüşdüm. O, mənim orada nə işlə məşğul olduğumu soruşdu. Filmdə çalışmağım haqqında ona məlumat verdim. Onda o, “Bəs, bu filmdən sonra nə edəcəksən?” deyə sual verdi. Mən dedim ki, hələlik ki, bu filmdə işləyirəm, sonra baxarıq görək nə olur. O, məni “Alma almaya bənzər” (1975) filmində film direktorunun müavini kimi işləməyə dəvət etdi. Mən Bakıya gələndən sonra bir müddət “Alma almaya bənzər” filminin hazırlıq dövründə işlədim. Rekvizitləri, filmdəki bütün süni alma və armudları, digər bitkiləri xalq rəssamı Mayis Ağabəyovla birlikdə Moskvada Rimma xanımın sifariş verdiyi rekvizit hazırlayan fabrikdən gedib gətirdik. Rimma xanımla birlikdə filmə lazım olan nə vardısa təşkil etdik.
Rimma xanım həm maliyyə məsələlərinə, həmçinin hazırlıq prosesindəki bütün təşkilati işlərə cavabdeh idi. Əsasən filmə aid olan məsələləri həll edir, lazım olan əşya və rekvizitlərin hazırlanması üçün onları istehsal edən fabriklərin yerini müəyyənləşdirir, biz isə tapşırıqları icra edirdik. Onu da qeyd edim ki, həmin vaxtlarda film direktorlarının üzərinə böyük məsuliyyət düşür, filmin hazırlıq dövrünə aid məsələlərin hamısı film direktorlarına həvalə edilirdi. Rimma xanım da film direktoru olaraq işinin öhdəsindən ustalıqla gəlirdi. İşini yüksək səviyyədə bildiyinə görə də kinostudiyada hamı onu dəyərləndirir, sevirdi.”
Göründüyü kimi ömür illərlə yox, əməllərlə ölçülür. Rimma Abdullayevanın kinodakı yüksək xidmətləri, mehriban, səmimi keyfiyyətləri də həmkarları, tanışları tərəfindən məmnunluq hissi ilə xatırlanır, xatirəsi əziz tutulur.
Dövlət Film Fondu