Şahmar Ələkbərovun doğum günüdür

Çətin və məsuliyyətli kino aləmini əslində elə sənət cəbhəsi adlandırmaq olar. Çünki fərdi yaradıcılığına görə diqqət çəkən sənətkarların qazandıqları uğurlar məsləklərinə olan hörmətdən əlavə, vətəninə, elinə, insanlara göstərdikləri böyük sevgi və ehtiramın təcəssümündən qaynaqlanır. Görkəmli kinoaktyor, respublikanın xalq artisti Şahmar Ələkbərovun da bütün dövrlər üçün aktual və qəbuledilən yaradıcılıq toplusunda vətən sevgisi, həmvətənlərinə olan hörməti öndə durur.  

Hələ tələbəlik illərindən müəllim və tələbə yoldaşlarının hörmətini qazanan Şahmar Ələkbərovun institutda müəllim assistenti kimi saxlanılması heç də təsadüfi deyildi. Çünki böyük  potensiala sahib olan istedadlı gənc auditoriyanı ələ almaq bacarığını həmin illərdən təsdiqləmişdi. Aktyor sənətindən dərs deyən (1965-1986), Azərbaycan Dövlət Dram Teatrının aktyoru olan sənətsevər (qısa fasilələrlə, 1963-1972) həmçinin, böyük kinoda rol almaqla ölkəmizdə və ümumittifaq məkanda geniş tamaşaçı auditoriyasını orijinal, koloritli  yaradıcılığı ətrafına toplamağı bacardı.

Şahmar Ələkbərovun əhəmiyyətli yaradıcılığı bütünlükdə cəmiyyətə ünvanladığı ürək sözü, eləcə də vətəni, ətraf mühiti, insanlar üçün olan böyük nigarançılığının təzahürü idi. Bunu aktyorun yaradıcılıq üslubuna uyğunlaşdırdığı sənət taktikasında, özünəməxsus şəkildə şərh etdiyi təhlillərində, obrazlarına hopan müdrik yanaşma tərzində görmək mümkündür.

1967-ci  ildən başlayaraq Azərbaycan kinosunda, 30-a yaxın filmdə bir-birindən maraqlı ekran obrazları yaradan aktyorun yaradıcılıq qismətinə daha çox insanların xoşbəxtliyi, əmin-amanlığı naminə mübarizə aparan cəsur, vətənpərvər, əzmkar xarakterli rollar düşüb.

“Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmində Fərrux, “İntizar” lirik kinodramında oğul, “Yeddi oğul istərəm”də Qəzənfər, “Axırıncı aşırım”da İman, “Skripkanın sərgüzəşti”ndə Davud, “Qatır Məmməd”də Qatır Məmməd, “Bakıda küləklər əsir”də Azad, “Arxadan vurulan zərbə”də Gündüz Kərimbəyli, “Babək”də Cavidan, eləcə də  digər  ictimai həyatla bağlı olan ekran qəhrəmanları, tarixi obrazlar fikir və qənaətlərinə əsasən ictimai-siyasi hadisələri, sosial problemləri şərh edən mühüm mövqeli prototiplərdir. Bu və ya adları çəkilməyən digər personajların tipik xüsusiyyətləri bilavasitə aktyorun yüksək mənəvi dünyasından, ziyalı təfəkküründən, həyata olan dəqiq baxışından, məntiqli yanaşmasından yaranıb, orijinallığına, özünəməxsusluğuna görə sevilib, yadda qalıb.     

Aktyorun istər sosial məsələlərlə bağlı, istərsə də tarixi-inqilabi mövzulu filmlərdə oynadığı rollarının həcm və məntiqini nəzərə alsaq, böyük ictimai məsələlərin həllini, eləcə də mühüm hadisələrin mahiyyətini dərindən çatdırmaq üçün müxtəlif yaradıcılıq priyomlarından, üslub və metodlardan istifadə etdiyini, daha doğrusu özünü rolun öhdəsindən bacarıqla gələ bilmə prinsipinə köklədiyini görərik.  

Vətənpərvərlik prinsipi Şahmar Ələkbərov yaradıcılığının ana xəttini təşkil edir. Aktyorun rolların həyat mövqeyinə uyğunlaşdırdığı mizanlarda nəzərəçarpan kamillik zirvəsi tamaşaçını sözün əsl mənasında valeh edir, insanlıq üçün mühüm olan faktorlar ekran əsərlərinin mahiyyətini, dəyərini artırır. Təbii ki, mühüm mövqeli rolları dolğun, bitkin xarakter olaraq çatdırmasında aktyorun tamaşaçını mütəəssir edən məxməri səsinin də rolu böyükdür. Şahmar Ələkbərovun məxməri, məlahətli səsinin xüsusi bir sehri, qəlbəyatımlığı vardı. Səsin müdrik çalarları, diksiyanın müdhiş qüsursuzluğu obrazların şəxsi mövqeyindən əlavə hiss və duyğularını tamamilə aydın və səlis ifadə etməsinə imkan yaradırdı. Nadir səsə malik olduğuna görə onu bədii filmlərlə yanaşı, sənədli filmlərin oxunuşuna da dəvət edir, yerli filmlərimizlə yanaşı, xarici filmlərin səsləndirilməsinə də çağırırdılar.    

Azərbaycan kinosu üçün əsl tapıntı olan Şahmar Ələkbərov hələ kino karyerasının ilkin mərhələsindən etibarən kino obrazını dillər əzbəri etdi. Fərruxun (“Dağlarda döyüş”), Gündüz Kərimbəylinin (“Arxadan vurulan zərbə”), Məzahirin (“Mən ki gözəl deyildim”), Qatır Məmmədin (“Qatır Məmməd”), Cavidanın (“Babək”), Azadın (“Baıkada küləklər əsir”), Qəzənfərin (“Yeddi oğul istərəm”), eləcə də başqa rolların tamaşaçı qəlbində kök salmasının başlıca səbəblərindən biri də məhz onların nümunəvi həyat mövqeyinin, şəxsiyyət tamlığının olmasıdır. Rolların xarakterləri cilalandıqca vətənpərvərlik hissini bütün hiss və duyğulardan öndə tutan personajların ətraf mühitə olan həssas münasibəti, səmimiyyəti, etibarı, sədaqəti insanlığa və ali ideyalara zidd gedən ədalətsizliyi, özbaşınalığı aradan qaldırmağa qadir olan qəhrəmanlara çevirir, milyonlara sevdirir.

Aktyorun ədəbi əsərlərin ideyasını dərindən qavraması, başa düşərəkdən (rolun təfsirində) izah etməsi, hadisələri və personajları öz dövrlərinin məhsulu kimi qiymətləndirməsi hər hansı bir prototipin neytral mövqedə qalmamasına səbəb yaradır, yaradıcığını Azərbaycan kinosunda mühüm mərhələyə çevirirdi. Məhz buna görə də Şahmar Ələkbərovun müsbət rolları qədər məharətlə təqdim etdiyi mənfi obrazları da (Feyzi-“Firəngiz”, İbrahim-“Atları yəhərləyin”, Saleh-“Sevinc buxtası”) filmlərin aparıcı qüvvəsi olaraq kollektiv sənət növünə (kinoya) uğur qazandırırdı.

Rejissor kimi də fikir və duyğularını kinoda təsdiqləməyə çalışan Şahmar Ələkbərov rejissor debütünü “İmtahan” (kinorejissor Gülbəniz Əzimzadə ilə birgə) bədii televiziya filmi ilə etdi. Rejissorluq fəaliyyətində də mühüm mövzulara toxunaraq cəmiyyəti narahat edən məsələlərə aydınlıq gətirməyə çalışdı, müxtəlif dövrlərin ədalətsiz qanunlarına qurban gedən (bəzi) ekran personajlarının mənəvi-əxlaqi iflasını şəxsi prizmadan mənalandırdı. Müstəqil olaraq quruluş verdiyi “Sahilsiz gecə” və “Qəzəlxan” (həm də ssenari müəllifi) kinodramları tamaşaçılar tərəfindən birmənalı qarşılanmasa da, sosial problemlərin kökünü mümkün qədər üzə çıxaran, mühakimə edən ciddi ekran əsərləri olaraq diqqət çəkdi. 49 illik ömür payının 25 ilini milli kinomuzun inkişafına həsr edən Şahmar Ələkbərov kinostudiyaya ayaq basdığı müddətdən etibarən fədakar, məsuliyyətli kino işçisi olaraq sağlam düşüncəsini, zəhmət və fəaliyyətini cəmiyyətin mənən ehtiyac duyduğu dəyərli məhsula çevirdi. Böyük maraqla izlənilən yaradıcılığına görə də yoxluğunda belə sevildi, unudulmadı, böyük hörmət hissi ilə də xatırlandı.  

Dövlət Film Fondu