Nazim Əliverdibəyov-95

Kino musiqisi ekran hadisələrinin açılmasında, obrazların daxili məninin tanıdılmasında mühüm rol oynayır. Bu mənada kino bəstəkarlarının yaradıcılığı vizual hekayələrin, kinematoqrafik təsvirlərin güclü təsir bağışlamasında böyük rol oynayır.  Azərbaycan kinosunda müxtəlif janrlı filmlərə bəstələnən, hadisələri müşayiət edən kino musiqiləri də geniş tamaşaçılar tərəfindən qəbul edilib, sevilib. Fərqli təfəkkürünün məhsulunu fərdi dəsti-xəttinə yansıdan, 10-a yaxın filmə musiqi yazan Nazim Əliverdibəyovun kino musiqiləri də bu mənada maraqlıdır, diqqətçəkəndir. İstedadlı bəstəkarın anadan olmasının 95-ci ildönümündə sənət dünyasına qısa nəzər salaraq, xatirəsini böyük ehtramla yad edirik.

1926-cı il avqust ayının 24-də Rusiyanın Kislovodsk şəhərində anadan olan Nazim Ağalar oğlu Əliverdibəyov musiqiyə hələ kiçik yaşlarından həvəs göstərib. Arzularının ardınca sənət məktəbinə, Azəbaycan Dövlət Konservatoriyasına üz tutub.  Buradakı təhsilini başa vurduqdan sonra Bülbül adına orta ixtisas musiqi mәktәbindә və Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas musiqi mәktәbinin direktoru vəzifəsində çalışıb. Çoxşaxəli yaradıcılığa malik olan bəstəkar dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirib, “Leyli və Məcnun” (1983) və “Koroğlu” (1985) operalarının partituralarının redaktoru olub. “Cırtdan” (1978) operasının, vokal-instrumental əsərlərlərin,  musiqili komediyanın (“Nazxanım naz eləyir” – Məhərrəm Əlizadə ilə birgə)  müəllifi olan bəstəkar 1966-cı ildən başlayaraq kinofilmlərə musiqi yazıb.

İlk dəfə kinorejissor Mirzə Mustafayevin ekranlaşdırdığı “Göllərin tacı” sənədli filminə musiqi yazan bəstəkar Azərbaycanın gözəl guşələrindən olan Göygölün əsrarəngiz gözəlliyini, sevərək yazdığı melodiyaların müşayiəti ilə bir daha vəsf edib, lirik musiqiləri ilə mənzərə filminin təsvir dilini zənginləşdirib. Film 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin “Prometey-67” zona kinofestivalında Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomuna layiq görülüb. Mirzə Mustafayevlə növbəti yaradıcılıq tandemində bəstəkar sərt təbiətdə böyümüş zəhmət adamına,  qoca balıqçının həyatından bəhs edən “Mənim Xəzərim”  bioqrafik sənədli filminə musiqi bəstələyib.

Kinoda mühüm dramatik funksiyanı yerinə yetirən amilləri (personajların daxili mənini, istək və duyğularını, hadisələrin ritmini, təsvirin poetikasını) mənimsəyən bəstəkar iki il sonra bədii kinoda yaradıcılıq imkanlarını bir daha sınayır.

Tanınmış kinorejissor, respublikanın xalq artisti Tofiq İsmayılovun quruluş verdiyi dörd filmə musiqi yazan Nazim Əliverdibəyovun bədii kino ilə ilk tanışlığı 1972-ci ilə təsadüf edir. Həmin ildə “Gilas ağacı” filminə musiqi yazan bəstəkar Azərbaycanın ucqar kəndlərinin birində cərəyan edən dramatik hadisələri, insanların psixologiyasını, hadisələrin gedişatını təhlil edən musiqi və mahnılar lirik və ritmik əhval-ruhiyyədə bir-birini əvəzləyir.

İkinci Dünya müharibəsi illərində atalarını, qardaşlarını cəbhəyə yola salan uşaqların fərəhsiz həyat tərzi filmin leytmotividir. Qulam kişinin həyətində yetişən gilas ağacı uşaqların aclığını qismən də olsa aradan qaldıran güman yeridir. Dramatik hadisələrin mərkəz xəttində duran uşaqların gilas ağacı ilə bağlı davranışları, kənd sakinlərinin hadisələrə münasibəti musiqinin müşayiəti ilə xarakterizə olunur. İnsanların zəhmətə sarılması, kəndin oğullarının, ərənlərinin ön cəbhəyə yola salınması, arxa cəbhədə ana və bacıların ağır əmək fəaliyyəti, filmin baş qəhrəmanları olan Müşərrəf nənə və Qulam babanın çarəsizliyi kədərli, ciddi, simfonik musiqi parçalarında xarakterizə edilir. Bəstəkar bu filmdən sonra Tofiq İsmayılovun quruluş verdiyi digər üç filmə (“Bizim küçənin oğlanları”, “Çarvadarların izi ilə”, “Vulkana doğru”) musiqi yazır. 

Bəstəkar yaradıcılığının mürəkkəb mərhələsini təşkil edən kino musiqisi ekran kompozisiyasının tamlığı üçün professional yanaşma, məntiqi dramaturji təfəkkür tələb edir. Nazim Əliverdibəyov da dəvət aldığı filmlərə bəstələdiyi melodiyalarda bütöv və ardıcıl kompozisiya yaradıb, hadisələrə uyğunlaşdırılan musiqilər tematik materialın aydın şərhinə imkan verib.  

“Çarvadarların izi ilə” filmində hadisələr Azərbaycanın kəndlərindən biri olan Lahıcda baş verir. Kəndin maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırlarlarla gedərək yeni yollar çəkirlər. Dövrünün mühüm məsələlərindən olan yol abadlığının vacibliyi, həmçinin   zəngin tarixi abidələrimizin üzə çıxarılaraq qorunması, mühafizə edilməsi rejissor tərəfindən incə və həssas ştrixlərlə işlənilib. Mürəkkəb münasibətləri və bəzi məqamlardakı gərginlikləri müşayiət edən musiqi parçaları isə obrazların həyat mövqeyi, hadisələrin rəvan axıcılığı üçün şərait yaradır. Simfonik orkestrin müşayiəti ilə xalq çalğı alətlərinin, həmçinin muğamın sintezi hadisələrin məzmununa bilavasitə müdaxilə edir, təsəvvürlərimizi dəqiqləşdirir.

Sənədli və bədii filmlərlə yanaşı “Münəccimin şagirdi” animasiya filminə musiqi yazan bəstəkar personajların xarakteri və nağıl təsvirlər üçün filmin epizodlarını fərqli bir ifadədə tamamlayır. Kardarxası mətnlə (səsləndirən Şahmar Ələkbərov) təqdim olunan söz və təsvirlər baməzə, maraqlı musiqi parçaları ilə müşayiət olunur. Musiqi parçalarının emosional təsiri nağıl qəhrəmanlarının əhval-ruhiyyəsini, komik situasiyaları kiçik yaşlı tamaşaçılara incəliyinə qədər təhlil edir. Bu isə kinodramaturgiyanı dərindən duyan, ədəbi əsərə, filmin müəlliflərinə, tamaşaçılara dərin hörmət və ehtiram göstərən bəstəkarın sözün əsl mənasında peşəkarlığından, sənətinə, kinoya olan böyük sevgi və hörmətindən qaynaqlanır. 

Dövlət Film Fondu