“Əlvida, cənub şəhəri” filminin nümayişi baş tutub

Avqustun 20-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Əlvida, cənub şəhəri” filminin nümayişi olub.

Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (“Rossotrudniçestvo”) ilə birlikdə təşkil olunan tədbirdə filmin mövzusu,  müraciət olunan mövzunun öz dövrü üçün aktuallığı kimi məsələlər müzakirə olunub.

Yeri gəlmişkən, Qarabağ müharibəsinin başlanması nəticəsində paytaxt Bakıya üz tutmaq məcburiyyətində qalan, istəmədən qaçqın həyatı yaşayan insanlarımızın paytaxt sakinləri ilə münasibətlərindən bəhs olunan film adından da göründüyü kimi, 1969-cu ildə çəkilən “Bir cənub şəhərində” filminin məntiqi davamı kimi düşünülüb.

2006-cı ildə ekranlaşdırılan “Əlvida, cənub şəhəri” filmi 2007-ci ilin fevralında Berlin Film Festivalında, həmin ilin iyulunda Çexiyanın Uherske-Hradişte şəhərində keçirilən beynəlxalq film festivalında, sentyabr ayında isə Qazaxıstanda IV beynəlxalq “Avrasiya” kinofestivalında nümayiş etdirilib.

Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissoru Oleq Səfərəliyev, quruluşçu operatoru Murad Əliyev, quruluşçu rəssamları Mayis Ağabəyov və Əziz Məmmədov, bəstəkarı Səyavuş Kərimidir.