Eldəniz Zeynalov – 85

Ədiblərimiz haqlı olaraq teatrı və kinonu həyat məsələlərinin həlli üçün ən yaxı vasitə adlandırıblar. Sənətə gələn, həyat haqqında düşüncələrini, təfəkkürünü, dünyagörüşünü səhnə və ekran vasitəsilə bizlərə çatdıran, çoxşaxəli yaradıcılıq nümayiş etdirən sənətkarlarımızın yaradıcılıqları məhz bu mənada ibrətamizdir, unudulmazdır.

Görkəmli gülüş ustası, Respublikanın Xalq artisti Eldəniz Zeynalov da bədii kinoda, televiziya tamaşalarında, həmçinin “Mozalan” satirik kinojurnalının süjetlərində bənzərsiz yaradıcılıq nümayiş etdirib, rəngarəng, özünəməxsus üslubda təqdim etdiyi yaradıcılığında tənqid hədəfinə çevirdiyi personajlara tamaşaçıları ürəkdən güldürüb, məntiqli, mənalı gülüşü fonunda da düşündürüb.  Sənəti və şəxsiyyəti hər bir zaman əziz tutulan sənətkarımızın anadan olmasının 85-ci ildönümündə (01.01.1937-05.11.2001) xatirəsini dərin ehtiram hissi ilə yad edirik.

Sənətə hələ uşaq yaşlarından həvəs göstərən Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də Bakıda yuxarı dağlı məhəlləsində, Abdulla Şaiq küçəsində hərbçi ailəsində dünyaya gəlib. Xalq şairi Səməd Vurğun təsadüf nəticəsində onların ailəsində qonaq olub. Yeni doğulan körpəyə Eldəniz adını verirb. Gələcəyin məşhur aktyorunun sənətə olan sevgi qaynağı isə qohumu, Respublikanın Xalq artisti Həsənağa Salayevin yaradıcılığı olub.

Eldəniz Zeynalovun xatirələrindən: “Mənim sənətdəki bütün müvəffəqiyyətlərimin əsas səbəbkarı Azərbaycanın Xalq artisti Həsənağa Salayevdir. Hər dəfə dayımın teatr sənəti haqqındakı söhbətlərinə qulaq asanda sanki sehrlənirdim. Mən evdə onun rol üzərində necə işlədiyinə heyranlıqla tamaşa edirdim. Sən demə, o da ürəyimdən keçənləri duyubmuş. Bir dəfə dayım məni yanına çağırıb dedi ki, Eldəniz, sənə bir rol tapşırsaq, öhdəsindən gələ bilərsənmi? Gözləmədiyim bu sual məni bərk çaşdırdı. Nə deyəcəyimi bilmədim. Lakin bir neçə gündən sonra mən artıq teatrda idim.”

Sənət vurğunu olan aktyor teatr fəaliyyətinin ilk illərindən etibarən səhnə korifeylərindən M.A. Əliyev, S. Ruhulla, M. Davudova, Ə. Ələkbərov kimi aktyorlarla səhnəyə çıxıb, onlarla tərəf-müqabil olub. “Sevil” tamaşasında Gündüz, “Türkiyədə” tamaşasında qəzet satan oğlan rollarında çıxış edib. Bu kiçik rollar onun həyatında unudulmaz hadisəyə çevrilib və məslək seçimində dəqiq qərar verməsinə səbəb olub.

Xalq artisti Ağadadaş Qurbanov Dəmiryolçular klubunda dram dərnəyinə rəhbərlik etdiyi vaxtlarda Eldəniz Zeynalov da bir çox tanımış sənət adamları kimi həmin dərnəyin üzvü olub, ustad sənətkarın peşə sirlərindən bəhrələnib. Sonrakı çoxşaxəli yaradıcılığında dərindən bələd olduğu məslək sirlərinə ilkin olaraq burada yiyələnib. 1961-ci ildə o, sənədlərini M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) aktyorluq fakültəsinə verib və qəbul olunub. Burada görkəmli səhnə ustası, SSRİ Xalq artisti Adil İsgəndərovun sinfində təhsil alıb.

Tələbəsinin bacarığını görən sənət müəllimi (Adil İsgəndərov) onu dram teatrına işə dəvət edib. Gənc aktyor teatrdakı fəaliyyəti dövründə 100-dən artıq tamaşada çıxış edib. Kinoda debüt rolu isə “Əhməd haradadır?” musiqili komediyasındakı rəngsaz Əhməd obrazıdır.

Nikbin əhval-ruhiyyəli rolun xarakterinə uyğunlaşdırdığı gülüşü, danışıq tərzi, baməzə jest və mimikaları rola uğur gətirir, filmin axıcılığına, hadisələrin dinamikliyinə şərait yaradır. Filmin rejissoru Adil İsgəndərov müsahibələrində bildirib: “Bu kino əsərində Eldənizin öz yeri var. O, verdiyimiz mizanın öhdəsindən bacarıqla gəlib. Mən “Əhməd haradadır?” filmini Eldənizsiz təsəvvür etmirəm”.

Bu filmdən sonra aktyorun kinoda davamlı və uğurlu fəaliyyəti başlayır. 30-dan artıq filmdə, həmçinin “İyirmialtılar” tarixi-inqilabi filmində komissar Vəzirov, “Yaşamaq gözəldir, qardaşım” romantik kinopovestdə Mustafa Sübhi, “O qızı tapın” detektiv filmində Səyavuş, “Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasında Eldəniz, “Mən mahnı qoşuram” uşaq filmində sədr, “Qızıl uçurum” melodramında Nuru bəy və digər filmlərdə irili-xırdalı maraqlı obrazlar yaradıb. Kinoda ilk böyük rolu isə “Bir cənub şəhərində” sosial kinopovestində Tofiq obrazı olub.

Mürəkkəb mövzulu, kəskin süjetli filmlərdə obrazlarını sənətkarlıqla yaradan aktyor “Bizim Cəbiş müəllim” hərbi kinopovestində Qulam rolunu oynayır. Rol kiçik həcmli olsa da, Eldəniz  Zeynalovun ifasında təbii, canlı, koloritlidir. Ümumiyyətlə, aktyorun istedad və zəhmətinin, sənət bilgisinin məhsulu olan bütün rolları inandırıcıdır, yaşarıdır, dolğundur.

Aktyor “Yeddi oğul istərəm” tarixi-inqilabi filmində kəndli Kazımı, “Həyat bizi sınayır” kinopovestində Məsini, “Yol əhvalatı” kinokomediyasında şikayətçini, “Babamızın babasının babası” kinokomediyasında həkimi, “Əzablı yollar” kino-nağılında divi böyük həvəs və fərqli çalarlarla yaradıb. Kinoda əsasən komik rollara dəvət alan istedad sahibi teatrda oynadığı dramatik rolların da öhdəsindən ustalıqla gəlib, fərqli xarakterli obrazları böyük şövq və coşqu ilə yaradıb.

Azərbaycan teatr, kino sənətində özünəməxsus dəst-xəttinə, fərdi yaradıcılıq üslubuna görə sayılıb-seçilən sənətkarımızın ruhuna bir daha Allahdan rəhmət diləyir, yaradıcılığı fonunda milyonlara tanıdıb sevdirdiyi şəxsiyyəti unudulmaz, xatirəsi daim əzizdir deyirik. 

Dövlət Film Fondu