Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubileyi qeyd edildi

Yanvarın 11-də Beynəlxalq Muğam Mərkəzində tanınmış fotoqraf-rəssam, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubileyinə həsr olunan gecə keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə reallaşmış tədbirdə tanınmış kino xadimləri yubilyar haqqında ürək sözlərini bölüşüblər.

Əməkdar mədəniyyət işçisi Rahib Azərinin aparıcılıq etdiyi tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək yubilyarı təbrik edib, onun gördüyü işlərdən danışıb.

Diqqətə çatdırılıb ki, sənətkarın üç dəfə sərgisi təşkil edilib. 2013-cü ildə “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgi böyük maraqla qarşılanıb. O, “Azərbaycanfilm”in, Dövlət Film Fondunun, Naxçıvan Muxtar Respublikası Film Fondunun foyesinin tərtib edilməsində yaxından iştirak edib. Dövlət Film Fondunda keçirilən yubiley tədbirlərində stendlərin hazırlanmasında onun çəkdiyi fotoşəkillərdən istifadə edilir. Lentə aldığı fotolar kinoya həsr olunmuş kitab və jurnallarda, kataloqlarda, eləcə də “Kino ensiklopediyası”nda yer alıb.

Qeyd edilib ki, Pərviz Əsəd oğlu Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olub. 1961-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında laborant, daha sonra fotorəssam, usta-fotoqraf kimi çalışıb. 1967-ci ildən kinostudiyada foto sexinə rəhbərlik edib. Dəfələrlə keçmiş SSRİ məkanında keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizi tərənnüm edən fotostendlərin tərtibatçısı olub. 50-dən artıq bədii, sənədli və elmi-kütləvi filmlərə fotoqraf-rəssam kimi tərtibat verib. Azərbaycan Dövlət Film Fondunun fotoarxivinin əsas hissəsini fotoqrafın işləri təşkil edir. Kinostudiyanın arxivində qorunan “Bakının işıqları”, “Kəndlilər”, “Sevil”, “26 komissar”, “Gilan qızı”, “Hacı Qara”, “Arşın mal alan”, “Fətəli xan” və digər filmlərin neqativlərini də fonda Pərviz Quliyev təqdim edib.

Tədbirdə Pərviz Quliyevin sənət dostları, kino xadimləri çıxış edib, incəsənət ustalarının ifasında Azərbaycan kinofilmlərindən musiqilər təqdim olunub.