Bərpa olunmuş “Bir cənub şəhərində” filmi Nizami Kino Mərkəzində təqdim olundu

Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filminin bərpa olunmuş formatda nümayişi olub.

Filmin bərpası Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Nümayişdən əvvəl çıxış edən rejissor Vahid Mustafayev filmin bərpa işlərindən söhbət açıb. Bildirib ki, “Balans” Milli Rəqəmsal Bərpa Studiyası bugünədək 4 filmi bərpa edib.

Kinoşünas Aydın Kazımzadə bildirib ki, hər filmin nümayişi, tək kino işçiləri üçün deyil, milyonlarla kinosevərlərin bayramıdır: “Bu filmə hamı baxsa da, zal yenə də doludur. Bu bayramı bizə bəxş edənlərə təşəkkür edirəm”.

Filmin tarixçəsilə bağlı danışan A.Kazımzadə bildirib ki, film çəkiləndə ekranlara buraxılmadı: “Buna səbəb SSRİ-də rüşvətin olmasını göstərən kadrlar idi. Mövzu ilə problemin əlaqəsi bu filmdə əyani şəkildə əks olunub. Bu mənada “Bir cənub şəhərində” bədii filmi Azərbaycan kinosunun dönüş nöqtəsidir”.

Xalq artisti Oqtay Mirqasımov Eldar Quliyevin yaradıcılığı barədə danışıb. Bildirib ki, onun “Bir cənub şəhərində” filmi Azərbaycan kinosu tarixinə qızıl hərflərlə yazılıb: “Bir cənub şəhərində” filmi tarixdir. Tarix olduqca əsaslı bir platformadır. Onun üzərində gündəlik həyat, yeniliklər, axtarışlar baş verir. Keçmişi olmayan millət uğurlu gələcək inşa edə bilməz”.

Xalq artisti Fəxrəddin Manafov Eldar Quliyevlə bağlı xatirələrini bölüşüb: “Mən Eldar Quliyevi ilk dəfə canlı görəndə onu italyan hesab etmişdim. O, hər dəfə kinostudiyada məni görəndə deyirdi ki, bizim filmimiz hələ qabaqdadır. Çox istərdim, Eldarın yaşıdları burada olsun. Təəssüf ki, dünya gəlimli-gedimli dünyadır. Yaxşı ki, Aydın Kazımzadə, Rasim Balayev və Eldarla birlikdə çalışan digər insanlar buradadır”.

Vaxtilə “Debüt” studiyasında rejissorla işləmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Eldar Quliyevin təvazökar bir insan olduğunu söyləyib: “Sağlığında onu tərifləsəydim, mütləq məni tənbeh edərdi. Ancaq indi haqqında demək istədiklərimi çəkinmədən söyləyirəm”.

Elnarə Mahmudova təmsil etdiyi “Santral” şirkətinin fəaliyyəti ilə bağlı danışıb. Bildirib ki, şirkət dövlət layihələrində dəfələrlə iştirak edib, idman, mədəniyyət sahələrində öz köməyini əsirgəməyib. Bu dəfə də filmin bərpası işlərinə dəstəyini verib.

Sonra film nümayiş olunub.

Xatırladaq ki, “Balans” studiyası bundan əvvəl Tofiq Tağızadənin “Matteo Falkone”, Həsən Seyidbəylinin “Nəsimi” və Ağarza Quliyevin “Ulduz” filmlərini rəqəmsal formatda bərpa edib.