Atamoğlan Rzayev – 110

Ədiblərimiz haqlı olaraq sənəti həyat məsələrinin həlli üçün ən yaxşı vasitə adlandırıblar. Cəmiyyəti intellektual, dünyanı sülh içində görmək istəyən dünyagörüşü, təfəkkürü zəngin, əməyin, zəhmətin səmərəsini təbliğ edən insanlar da daim yaradıcılıqlarında zəngin mənəviyyatı təbliğ ediblər, ətrafdakı qeyri-normal hadisələrə fərdi münasibətlərini bildiriblər. Aydın fikir istiqaməti ilə başqalarının hələ müşahidə etmədiklərini, edə bilmədiklərini ətraf mühitin gözəlliyini, insan zəkasının məna dərinliyini yaradıcılıqlarına yansıdıb, ali ideya və məqsədləri önə çəkməyə, ictimaiyyətin  zövqünü formalaşdırmağa çalışan sənət adamlarının xatirəsi məhz bu baxımdan unudulmazdır, əzizdir.  

XX əsrin əvvəllərində sənətə üz tutan, aktyorluq sənətinin mühüm cəhətlərini yaradıcılığında əks etdirən tanınmış teatr, kino aktyoru, Respublikanın Əməkdar artisti Atamoğlan Rzayev də həyat mübarizəsinin bələdçisi kimi ömrünün sonuna kimi dünyagörüşündən, mənəvi üstünlüyündən rollarına pay bölüb, müxtəlif xarakterli obrazların təfsirində həyat üçün vacib olan mənəvi üstünlüklərin vacib prinsiplərini təbliğ edib. İstedadlı aktyorun anadan olmasının 110 (09.01.1912 – 02.12.1966) illiyində əziz xatirəsini hörmətlə anırıq.

Peşəkarlığına, bilik və bacarığına əsasən teatr ictimaiyyətinə yaxşı tanış olan Atamoğlan Rzayevin kino ilə tanışlığı 1937-ci ildən başlayıb. Həmin ildə “Lenfilm” kinostudiyasının istehsalı olan “19-cu il” bədii filminə çəkilən aktyor, bundan başqa  “Kəndlilər” (1939), “Səbuhi”  (1941), “Mahnı belə yaranır” (1957), “Koroğlu” (1960) filmlərinə dəvət alıb, qismətinə düşən irili-xırdalı ekran obrazlarını yaşarı təqdim etməklə kinosevərlərin də qəlbinə yol tapıb. Ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərən sənət fədaisinin teatra sevgisi hələ uşaq yaşlarından yaranıb. 1912-ci ildə Bakının Əmircan qəsəbəsində dünyaya gələn gələcəyin tanınmış aktyoru qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub, sonra isə  Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Sənətə olan bağlılığına görə sənədlərini Bakı Teatr Texnikumuna verib, 1932-ci ildə oranı bitirib. İlk sənət müəllimi Azərbaycan  teatr və kinosunun tanınmış xadimi, Respublikanın Xalq artisti İsmayıl Hidayətzadə  olub.

Əmək fəaliyyətinə Bakı Türk İşçi Teatrında başlayan aktyor daha sonra, 1935-ci ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında (indiki Azərbaycan Akademik Milli Teatrı) çalışıb. Burada əsasən faciə, dram janrlı tamaşalarda koloritli obrazlar yaradıb, geniş tamaşaçı auditoriyasının hörmət və rəğbətini qazanıb. Bir müddət filarmoniyada, mədəniyyət nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1957-ci ildən yenidən Milli Dram Teatrına qayıdıb, ömrünün sonuna kimi bu teatrda fəaliyyət göstərib. Kino yaradıcılığında xüsusi yer tutan Dəli Həsən (“Koroğlu”) obrazı aktyor kimi şöhrətini daha da artırıb.

1960-cı ildə ekranlara çıxan tarixi-bioqrafik janrlı filmdə əsas personajlardan biri  Dəli Həsənin xarakterik cəhətlərini, döyüşkən, mürəkkəb xüsusiyyətlərini dolğun, yaşarı əks etdirən aktyor rolun daxili məninə, həyat şəraitinə, düşüncə və psixologiyasına uyğun jest və hərəkətlərlə tarixi personajın uğurlu prototipini yaradıb, görkəmli kinorejissor Hüseyn Seyidzadənin mövzu ilə bağlı ideyalarını təsdiqləyib, filmin baxımlılığına səbəb yaradanlardan biri kimi tanınıb.

Atamoğlan Rzayev kinoda digər filmlərə çəkilməsəydi belə, yenə də Dəli Həsən rolu ilə tanınacaq, tamaşaçı yaddaşında iz salacaqdı. Yaradıcılığının böyük hissəsini teatral fəaliyyəti təşkil edən aktyor kinoda az çəkilsə belə, peşəkar sənət nümunələri ilə gənc nəslə örnək olan yaradıcılıq nümayiş etdirmiş, klassik sənət ənənələrini fərdi iş üslubunda davam etdirmişdir.

Ekran yaradıcılığında sənət biliciliyini, məsləyinə olan sevgisini böyük şövqlə nümayiş etdirən, aktyor sənətinin ölməzliyini yaradıcılığında təsdiqləyən Atamoğlan Rzayevin xatirəsi bu baxımdan unudulmazdır, əzizdir.

Dövlət Film Fondu