Bərpa olunmuş “Əbədiyyətə qovuşan ömür” filminin təqdimatı keçirildi

Fevralın 3-də Azərbaycan Dövlət Film Fondunda bərpa olunmuş “Əbədiyyətə qovuşan ömür” sənədli filminin təqdimatı keçirilib.

Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirib ki, ekran əsəri Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər, ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. Filmin rejissoru Cahangir Zeynallı Rahib Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi üçün SSRİ Ali Soveti Rəyasət Heyətinə müraciət etməsi haqqında xatirələrini söyləyib. Sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elxan Mahmudov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru, R. Məmmədovun qardaşı Sahib Məmmədov çıxış edərək, filmin bərpa edilməsində iştirak edənlərə təşəkkürlərini bildiriblər.

“Əbədiyyətə qovuşan ömür” filmi 1987-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin ssenari müəllifi və rejissoru Cahangir Zeynallı, operatorları Tofiq Sultanov və Azər Salayev, bəstəkarı Firəngiz Əlizadədir.