Həyata fərqli baxışı, insanlara ürək sözü olanlar düşüncələrini, hisslərini sənətdə təcəssüm etdirir, daxili dünyalarının gözəlliklərindən milyonlara pay bölür, fikir, ideya üstünlükləri ilə insanların həyat yoluna işıq, nur saçırlar.
Yaradıcılığında əsasən insan mənəviyyatını, hiss və duyğularını tədqiq edən, qarşılıqlı hörmət və etimadın vacib olduğunu vurğulayan istedadlı kinorejissor Rüfət Şabanov da məhz daxili dünyasının gözəlliyini yaradıcılığına yansıtmaq, onu narahat edən məsələləri ekranda canlandırmaq, düşündürmək üçün kinoya gəlir, istedadını, potensialını təsdiqləməklə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanır.
Unudulmaz rejissorun anadan olmasının 100 illiyində fürsətdən istifadə edib sənət və həyat yoluna qısa da olsa nəzər salır, əziz xatirəsini dərin ehtiramla yad edirik.
Rüfət İsmayıl oğlu Şabanov 1922-ci il iyunun 22-də Bakıda dünyaya göz açıb. Hələ kiçik yaşlarından ədəbiyyata, incəsənətə maraq göstərib. Buna görə də mütaliəyə sevgisi çox olub, həmçinin mütəmadi olaraq sənət məbədi olan teatra üz tutub.
Sənət, səhnə böyük səylə ictimai davranış qaydalarını nizamlamağa, insan münasibətlərini yumşaltmağa, bütünlüklə həyatı gözəlləşdirməyə iddialı olsa da və bu istiqamətdə bütün bacarıqlarını səfərbər etsə də, bəzi hallarda həyat ziddiyyətləri, gərginliklər qaçılmaz olur. İkinci Dünya müharibəsinin başlanması da həyatın inkişafına mane, insanların arzularının yarımçıq qalmasına səbəb oldu.
Gənclik dövrü ağır illərə təsadüf edən 19 yaşlı Rüfət Şabanov da qlobal faciənin yaşandığı bir dövrdə digər həmyaşıdları, həmvətənləri kimi orduya çağırılır, vətənin müdafiəsi üçün cəbhəyə yollanır. Həmin illərdə bir çox ailələrdə olduğu kimi onun qohumlarından da repressiyaya məruz qalan şəxslər olduğu üçün gənc əsgər cərimə batalyonunda vuruşmağa göndərilir. Çətin dövrün ağır yükü həyata böyük arzularla baxan gəncin həyatından fəsadsız ötüşmür, bir müddət sonra o, ağır xəstələnir və ordudan tərxis edilir.
Sənətə olan həvəsini qəlbində yaşatdığına görə ordudan tərxis olunduqdan sonra 1942-ci ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə düzəlir, köməkçi heyətdə çalışır. Burada iki il işləyəndən sonra, 1944-cü ildə Bakı kinostudiyasında fəaliyyət göstərməyə başlayır.
Teatrda və kinoda görkəmli sənətkarla çalışan, sənət mühitinin məsuliyyətini dərindən anlayan Rüfət Şabanov yaxşı başa düşür ki, sənətin təcrübi əsasları ilə yanaşı nəzəri bilgilərinə də yiyələnmək zəruridir. Bu mənada ali kino savadı almağı qarşısına məqsəd qoyur, 1944-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur, kino sənətinin sirlərinə dərindən yiyələnir. Bir müddət sonra ailəsindən aldığı məktubda atasının ağır xəstə olduğunu öyrənən gənc tələbə vətənə qayıdır. Atası dünyasını dəyişdikdən sonra isə təhsilini davam etdirmək üçün Moskvaya qayıtmır.
Hər zaman peşəkarlığa, sənətin aliliyinə üstünlük verən Rüfət Şabanov yenidən ali sənət təhsili almağı qarşısına məqsəd qoyur. Sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki ADMİU) verir. İnstitutda görkəmli rejissor, Xalq artisti Mehdi Məmmədovun sinfində təhsil alır (1945-1951). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Rus Dram Teatrında truppa müdiri, az sonra isə rejissor işləyir (1952-1957). Teatrın səhnəsində “Uşaqların anası”, “Qızıl qartal altında”, “Gözəl qızlar”, “Bədbəxt hadisə” və başqa pyeslərə quruluş verir.
Teatr hər zaman aktyorların və rejissorların sənət bilgisinin artmasında, təcrübələrinin zənginləşməsində mühüm rol oynayıb. Məhz bu mənada teatrdan kinoya gələn sənət adamlarının zəngin yaradıcılıq potensialı kinoya həmişə uğur gətirib. 1957-ci ildə Bakı kinostudiyasına gələn, 1967-ci ilə kimi burada çalışan Rüfət Şabanov da kinostudiyada əvvəlcə rejissor assistenti, sonradan isə ikinci rejissor və rejissor kimi fəaliyyət göstərib.
Kino fəaliyyətinin ilk mərhələlərində görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Uzaq sahillərdə” (1958) filmində ikinci rejissor kimi işləyən Rüfət Şabanov məslək məsuliyyətini təsdiqlədiyinə, peşəsinə böyük sevgi ilə yanaşdığına görə bu filmdən sonra Tağızadə ilə “Əsl dost” (1959) və “Matteo Falkone” (1960) filmlərində də birgə çalışır. Ardınca isə görkəmli kinorejissorlardan Əlisəttar Atakişiyevin çəkdiyi “Bizim küçə” (1961), Şamil Mahmudbəyovun quruluş verdiyi “Romeo mənim qonşumdur” (1963) bədii filmlərində II rejissor kimi işləyir.
1966-cı ildə “Qaraca qız” kinoalmanaxına daxil olan “Liftçi qız” novellası Rüfət Şabanovun müstəqil rejissor kimi quruluş verdiyi ilk bədii filmdir. Yazıçı Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilən filmdə həm əsərdən irəli gələn mühüm ideyalar (həyatın axıcılığına rəvac verən insani hisslər və davranış), həm də rejissor təfəkküründən yaranan fikirlər qabarıq, inandırıcı şəkildə əksini tapıb. Tamaşaçı fikrini formalaşdırıb, zövqünü oxşayıb.
Filmdə baş rol olan Nəriman obrazının ifaçısı Tariyel Qasımovun Rüfət Şabanovla olan iş birliyi haqqındakı fikirləri diqqət çəkir: “Rüfət müəllim insan kimi çox gözəl, səmimi insan idi. Sözügedən filmdə baş rol üçün çox adamı sınaq çəkilişinə dəvət etsə də, məni seçdi. Baxmayaraq ki, Nəriman roluna 17-18 yaşlı bir gəncin çəkilməsi tələb olunurdu. Mənim isə 26 yaşım var idi. Bununla belə, Rüfət müəllim mənim saçlarımı qırxdırdı, özü də qeyd etdi ki, bu rola məhz səni çəkəcəyəm. Dedi də, çəkdi də.
Filmdə Lalə rolunu canlandıran Xuraman Qasımova da Rüfət müəllimin kinoda kəşfidir. Belə ki, həmin vaxtlarda o, 7-ci sinifdə oxuyurdu. Məktəbli olsa da, Rüfət müəllim doğru seçim edərək onu kinoya gətirdi və çəkdi.
Çəkiliş meydançasında həmişə aktyorlara sərbəstlik verirdi. Məşq vaxtı da hər şeyi bizə dərindən başa salırdı. Rüfət müəllimin mehriban, səmimi xüsusiyyətinə görə çəkilişlər olduqca rahat keçirdi. Buna görə də, film uğurlu alındı və yüksək səviyyədə qəbul olundu.”
Rüfət Şabanov “Liftçi qız” lirik-macəra filmindən sonra 1968-1981-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində televiziya kino çəkilişləri redaksiyasında baş rejissor vəzifəsində çalışıb. Burada əvvəlcə “Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub. Onun tərəfindən çox sayda televiziya filmləri çəkilib. Çoxseriyalı “Sovet Azərbaycanının salnaməsi” sənədli televiziya filmi Respublika Dövlət mükafatına təqdim olunub.
Bundan başqa Rüfət Şabanova “Qurultaydan qurultaya”, “Qurultay nümayəndəsi”, “Bakı”, “Şuşa”, “Dostluq və qardaşlıq bayramı”, “Talış meşələri”, “Dənizkənarı bulvar”, “Şüvəlan buketi”, “Nizami Gəncəvi” kimi maraqlı tammetrajlı və qısametrajlı filmlərin çəkilişləri də həvalə olunub. Onu da qeyd edək ki, rejissorun bütün filmləri o vaxtkı Mərkəzi Televiziya tərəfindən I kateqoriyada qəbul olunub. Həmçinin telestudiyada işlədiyi dövrdə “İnsanı öldürməli” (1978), “Çöl gülləri” (1978) və digər televiziya tamaşalarına da quruluş verib.
1982-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yenidən dəvət olunan Rüfət Şabanov 1983-cü ildə “Gəmi saatının sirri” bədii və 1985-ci ildə “On yeddi yaşlı oğlan” bədii televiziya filminə rejissor kimi quruluş verib.
“Gəmi saatının sirri” bədii filmində 10 yaşlı Əlinin həyata baxışı, valideynlərinə olan münasibəti, sevgisi, həmçinin digər üstün xüsusiyyətləri təhlil obyekti olaraq tamaşaçıların ixtiyarına verilib. “On yeddi yaşlı oğlan” bədii filmində isə çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edilib.
Kino və televiziya fəaliyyətindən də göründüyü kimi Rüfət Şabanov yaradıcılığı boyu həyat məsələlərinin həlli üçün vacib mövzuları ekranlaşdırıb, yüksək mənəvi dəyərlərin, müsbət keyfiyyətlərin, etiket qaydalarının təbliğinə üstünlük verib, insan münasibətlərində qarşılıqlı hörmət və ehtiramın vacibliyini vurğulayıb. Yüksək mənəvi dəyərləri təbliğ edən yaradıcılığına, həmçinin müsbət şəxsi keyfiyyətlərinə görə Rüfət Şabanovun sənəti və şəxsiyyəti yoxluğunda belə əziz tutulur, xatirəsi ehtiramla yad edilir.
Dövlət Film Fondu