Dövlət Film Fondu “YAŞAT” düşərgəsinin qonağı oldu

“YAŞAT” Fondu, “ASAN Könüllüləri” və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə 2-ci “YAŞAT” düşərgəsinin 5-ci həftəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün film saatı təşkil olunub. Əvvəlcə ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev və Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov tədbiri açıq elan etdilər. Sonra “Sehrli xalat” və “Bizim Cəbiş müəllim” bədii filmlərindən fraqmentlər nümayiş etdirildi. Tədbir iştirakçıları bu filmlərin nadir eksponatları ilə tanış oldular. Əməkdar mədəniyyət işçisi, “Sehrli xalat” filmində Eldar rolunun ifaçısı olmuş Yusif Şeyxov 58 ildən sonra həmin xalatı yenidən geyinərək uşaqlara bu rola necə seçilməyindən və çəkiliş prosesinin yaddaqalan məqamlarından danışdı. İştirakçıların çoxsaylı suallarını cavablandıran qonaqlar uşaqlara müxtəlif hədiyyələr təqdim etdilər.

Tədbirin sonunda düşərgə iştirakçılarına kinorejissor Əlisəttar Atakişiyevin “Sehrli xalat” filmi nümayiş olundu.