Xalidə Quliyeva – 70

Bənzərsiz yaradıcılığına görə tamaşaçıların rəğbətini qazanan, sevimlisinə çevrilən Xalq artisti Xalidə Quliyeva yubiley yaşını (24.09.1952) qeyd edir. Kinosevərlər və həmkarlarımız adından yaradıcılığında bənzərsizlik nümayiş etdirən istedadlı aktrisamızı ürəkdən təbrik edir, yeni yaradıcılıq sevincləri arzulayırıq. Kino fəaliyyətində 20-dən artıq filmə çəkilən aktrisa Azərbaycan qadınının tipik xüsusiyyətlərini ekran obrazlarında bacarıqla əks etdirib, personajların həyat mövqeyi və düşüncə tərzini dolğun, məzmunlu ifası ilə təqdim edib.

1952-ci il sentyabrın 24-də Bakıda anadan olan Xalidə Quliyeva orta təhsilini Bakının Nizami rayonundakı 62 nömrəli orta məktəbdə alıb. Məktəbin fəal şagirdlərindən biri olub. Hələ ibtidai sinifdə oxuyarkən musiqiyə, rəqsə, teatra, kinoya maraq göstərib. Gələcəyin tanınmış aktrisası hələ o vaxtlarda başa düşüb ki, incəsənət onun daxili dünyasının əksidir və o, məhz incəsənətin ardınca getməlidir. Elə buna görə də məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik illərindən institutun nəzdindəki “Səda” Tədris Teatrında çalışır, sənət müəllimləri olan Azərbaycanın görkəmli teatr və kino rejissoru Adil İsgəndərovdan, Xalq artisti Elmira Şabanovadan sənətin sirlərini öyrənir.

Kinoda debüt rolu görkəmli kinorejissor Tofiq Tağızadənin 1972-ci ildə çəkdiyi “Qızıl qaz” filmindəki Validə obrazıdır. Bir il sonra isə o, tanınmış kinorejissor Həsən Seyidbəylinin Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə ekranlaşdırdığı tarixi-bioqrafik filmdə Fatimə roluna çəkilir. Peşəkar rejissorların quruluş verdiyi kinodramlarda iri həcmli rollar oynayan aktrisa üçün “Bakıda küləklər əsir” (rejissor Muxtar Dadaşov; 1974) filmində yaratdığı Solmaz obrazının fərdi cəhətlərini göstərmək o qədər də çətin olmur. Aktrisa filmdə II Dünya müharibəsində Bakı neftinə can atan alman faşistlərinin məkrli niyyətlərinə qarşı mübarizədə fəal iştirak edən, ön cəbhədə döyüşən azərbaycanlı qızının – Solmazın mərd obrazını yaradır.

Bundan sonra o, görkəmli kinorejissor və kinodramaturq Həsən Seyidbəylinin məzmunlu filmlərindən olan “Xoşbəxtlik qayğıları” filmində Xalidə rolunu oynayır. Aktrisanın ifasında dəqiq xarakterizə olunan personaj filmdə təsdiqini tapan rejissor ideyasının əyani təzahürüdür. Bu obrazı müəllif məxsusi olaraq onun üçün yazır, obrazı da elə Xalidə xanımın adı ilə adlandırır. Sonralar sənətdə çox uğurlar əldə edən aktrisa bu şansın onun üçün böyük xoşbəxtlik olduğunu vurğulayır.

Xalidə Quliyevanın geniş yaradıcılıq diapazonu rolların məramını, məqsədini dəqiq göstərir. Aktrisanın məhsuldar yaradıcılığı ekran hadisələrini real həyat faktı kimi qəbul etməyimizə səbəb olur.

Xalidə Quliyevanın kino aktrisası kimi püxtələşməyində korifey kinorejissorlardan Tofiq Tağızadənin, Muxtar Dadaşovun, Şamil Mahmudbəyovun, Rasim Ocaqovun böyük rolu var. Aktrisanın filmin mövzusunu, mövcud vəziyyəti təhlil edən peşə bilgisi onun belə böyük sənətkarlarla işləməsinə imkan yaradıb.

Xalidə xanımın Azərbaycan kinosunda yaratdığı yaddaqalan və geniş  tamaşaçı rəğbəti qazanan rollarından biri də “Tütək səsi” filmindəki Milli obrazıdır. II Dünya müharibəsi illərində arxa cəbhədə insanların ağır həyat şəraitini əks etdirən filmdə Milli kəndin poçtalyonudur. Atalarını, ərlərini və oğullarını ön cəbhəyə yola salan qız-gəlinlər onların da yerinə işləyib, sidq-ürəklə əzizlərinin qayıdacağına və müharibədə qələbə çalacaqlarına inanırlar. Milli kəndə gələn bütün qara kağızları gizlədir. Onun fikrincə, həmin illərdə hər bir ailənin qapısını döyən bu bəlanın açıqlanması onsuz da aclıqdan və böhrandan əziyyət çəkən insanların ruh düşkünlüyünə, hətta ölümünə səbəb ola bilər. Odur ki, o, çantasında gəzdirdiyi pünhan məktublarda sanki bütün kəndin yükünü daşıyır. Milli gənc olsa da, mətindir, mərddir. O, ölüm xəbərini deməməklə müharibəyə, hətta ölümə qalib gəldiyini zənn edir.

“Azərbaycanfilm” kinostudiyasında istehsal edilən filmlərdə yaratdığı Sona müəllimə (“Asif, Vasif, Ağasif”), Nazlı (“Qoca palıdın nağılı”), Bənövşə (“Çətirimiz buludlardır”), Əsli (“Qocalar, qocalar”), Xalidə (“Əlavə təsir”) və başqa obrazlar Xalidə Quliyevanın uğurlu ekran personajlarıdır.

Aktrisanın istedadı İran kinematoqrafçılarının da diqqətindən yayınmayıb. İran kinorejissoru Həsənağa Nəcəfi çəkdiyi iki filmdə (“İtkin pay”, “Səkkizinci göy”) Xalidə xanıma baş rol olan ana obrazlarını həvalə edib. Onu da qeyd edək ki, “Xoşbəxlik qayğıları” filmindəki Xalidə obrazından sonra “Səkkizinci göy” filmindəki ana obrazı da məxsusi olaraq Xalidə Quliyeva üçün yazılmışdır.

İstedadı və bacarığı sayəsində tamaşaçıların sevgisini qazanan aktrisa kinoda göstərdiyi xidmətlərə görə 2008-ci ildə Əməkdar artist, 2019-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Dövlət Film Fondu