Aktyor Bahadur Əliyevin 90 illik yubileyi qeyd olundu

Fevralın 24-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kino aktyoru Bahadur Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olundu.

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Bahadur Əliyevin Azərbaycan kinosundakı fəaliyyəti haqqında məlumat verdi. Tədbirin aparıcısı kinorejissor, Əməkdar artist Elxan Qasımov aktyorla ilk dəfə “Əhməd haradadır?” filminin çəkilişlərində tanışlığından və uzun illər “Azərbaycanfilm” kinostudiyasında bərabər çalışmasından danışdı. Sonra Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, aktrisa Xalidə Quliyeva, Əməkdar artistlər Çingiz Əhmədov və Rəhman Rəhmanov aktyor haqqında xatirələrini bölüşdülər.

Tədbirdə Bahadur Əliyevin yaradıcılığını özündə əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.