Azərbaycan teatr, kino sənətində yaratdığı məzmunlu, bənzərsiz rolları ilə sənətsevərlərin qəlbində əbədi iz qoyan görkəmli sənətkar Ələsgər Ələkbərovun milli mədəniyyətimizin inkişafında rolu əvəzsizdir. Aktyor müxtəlif dövrlərə aid ekran hadisələrinin inandırıcı, dolğun çatdırılmasında mühüm rol oynayıb, kinomuzun səssiz dövründə kamera qarşısındakı sərbəst davranış və təqdimatına görə tərəf-müqabillərinin yaradıcılığına stimul verib, filmlərin uğurlu alınmasına zəmin yaradıb.
Ələsgər Ələkbərov Akademik Dram Teatrının sütunu, romantik, realist aktyor məktəbinin yaradıcılarından biridir. Yaradıcılıq eşqi ilə çırpınan qəlbini incəsənətə kiçik yaşlarından verən gələcəyin məşhur aktyoru hələ orta məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəklərinə gedib, sənətin incəliklərinə erkən yaşlarından bələd olub. Bu səbəbdən də 17 yaşından teatra, 18 yaşından isə kinoya qədəm qoymağa, yaradıcılığını təsdiqləməyə müvəffəq olub.
Kinoda debüt rolunu “Vulkan üzərində ev” (1928) filmində ifa edən aktyorun kino yaradıcılığı ilk mərhələdən uğurlu alınıb. Səssiz filmdə aparıcı rollarından biri olan Əhməd obrazının təfsirində dövrünün (XX əsrin əvvəllərində) reallığından irəli gələn səbəblərdən çətin həyat şəraiti yaşayan, ibtidai üsulla, min bir əziyyətlə neft hasil edən fəhlənin ağır güzəranını təhlil edib.
Aktyorun zəngin sənət təcrübəsi kamera qarşısındakı sərbəstliyinə, əsasən də mimika cizgilərindən, məqsədini bəyan edən jestlərdən məharətlə istifadə etməsinə səbəb olub. Kinonun səssiz mərhələsində mühüm olan bu kimi amillərə görə də Əhməd rolunun uğurlu alınmasına, inandırıcı olmasına zəmin yaradıb.
Bu filmdən sonra aktyor “Lətif” (1930) filmində kolxoz sədri obrazını yaradıb. Səssiz kinonun məhdud imkanları filmin ideya məzmunun təsdiqini məhz aktyor ifasına yükləyib. Ələsgər Ələkbərovun sözsüz kadrlardakı ekran görünüşü belə ağ-qara təsvirlərin lal sükutuna əlvanlıq gətirib, rəng qatıb. Aktyorun böyük məsuliyyətlə prototipin həyat mövqeyini, ətrafdakılara münasibətini çatdırmasını izlədikcə sənət sevgisini, peşə biliciliyini görmək mümkündür.
Kolxoz sədri kəndə gətirilən traktorun insanların ağır əmək şəraitinə kömək edəcəyinə şaddır və kənd təsərrüfatı texnikasının kəndə göndərilməsinin əhəmiyyətini gözəl bilir. Bu münasibətlə də kəndlilərin sevincinə ürəkdən şərik olur, onlarla bərabər şənlənir, qol açıb oynayır. Bir-birini əvəzləyən kadrlarda kolxoz sədrinin kənd sakinləri ilə olan ünsiyyətində onların xarakterlərini tanıdan münasibətini aktyorun mimika cizgilərində, baxışında ironik ifadələrdə görürük. Pantomim jestlərin 48 dəqiqəlik təsvirində əsasən həmin dövrün faciəsini, sivilizasiyanın təkamül prosesinin necə çətinliklə həyata keçməsini, boz, sıxıcı dünyanın təsvirləri fonunda müasir dövrün qiymətini bilmək kimi vacib mesajları da alır və anlayırıq. Aktyorun kinodakı növbəti uğurlarının sirri də səssiz kinonun məhdud imkanlarını aşan potensial çoxluğudur.
Aktyor “Almaz” (rejissorlar: Ağarza Quliyev, Qriqori Braginski) kinodramındakı Fuad rolu ilə istedadını bir daha təsdiqlədi. Rejissorların doğru seçimi kiçikplanlı rolu tamaşaçıya filmin aparıcı qüvvəsi kimi qəbul etdirdi. Ələsgər Ələkbərovun bəxti onda gətirib ki, kinorejissorlar ona ilk rolundan etibarən müsbət xarakterləri canlandırmağı həvalə ediblər.
Azərbaycan kinosunda 13 filmdə çəkilən, özünəməxsus dəst-xətti ilə geniş tamaşaçı rəğbəti qazanan aktyor “Fətəli xan” tarixi-bioqrafik filmində Fətəli xan, “Kəndlilər”də Aşıq Göydəmir, “Qara daşlar”da Qüdrət İsmayılzadə, “Kölgələr sürünür”də Rəşid Sərdarlı, “Uzaq sahillərdə” hərbi-vətənpərvərlik filmində Ferrero, “Ögey ana”da Hüseyn dayı, “Leyli və Məcnun”da Şeyx Əmiri və başqa filmlərdə maraqlı rollar yaradıb. Əsasən teatr fəaliyyəti üstünlük təşkil edən aktyorun istedadından məqam tapdıqca bəhrələnən, istedadını kinoya yansıdan kino rejissorları “Qızmar günəş altında” filmində Nadirov (aktyor İsmayıl Əfəndiyev), “Matteo Falkone” kinodramında Matteo Falkone (aktyor Nodar Şaşıqoğlu) rollarını da Ələsgər Ələkbərovun səsində təqdim etməyə nail olublar. Bununla belə, qüdrətli səhnə ustasının kino və dublyaj fəaliyyətinin azlığı təəssüf doğurur.
Ələsgər Ələkbərovun “Səhər” (1960) tarixi-inqilabi filmində oynadığı Rəhim bəy surəti uğurlu ekran personajlarındandır. Neftxudaların ümumiləşdirilmiş obrazı kimi xarakterizə olunan rolun təfsirində XX əsrin əvvəllərində insanların əməyini istismar edən bəzi sahibkarların həyat tərzi, düşüncə və psixologiyası təsdiqini tapır. Kino yaradıcılığının ilk dövründən neft mədənlərində çalışan fəhlə, mühəndis rolunu oynayan aktyorun illər sonra canlandırdığı neft sahibkarı obrazı müsbət xarakterlər ustasının yaradıcılığında fərqli olduğu qədər də amplua çərçivəsinin olmadığını təsdiqləyir.
Aktyorun kino rollarının inandırıcı olmasının əsas səbəblərindən biri də personajları ürəkdən canlandırmasıdır. Dram, faciə rollarının məşhur ifaçısı olan aktyorun kino obrazları teatra gələn gənc nəsil aktyorlar üçün nümunəvi məktəbdir.
Aktyorun kinoda sonuncu rolu “Böyük dayaq” filmindəki Rüstəm kişi obrazıdır. Aktyorun bu və ya digər ekran personajları (Göydəmir, Fətəli xan, Ferrero, professor Sərdarlı və s.) yüksək mənəvi dəyərləri, şəxsiyyət tamlığını, tükənməz həyat eşqini, mənəvi gözəlliyin, üstünlüyün vacibliyini, böyüklüyünü əks etdirir.
İstedad və zəhmətinə, sənətdəki peşəkarlığına görə nəsillərin sevimlisinə çevrilən görkəmli aktyor Ələsgər Ələkbərovun əziz xatirəsi hələ illər sonra belə hörmətlə anılacaq, yaradıcılığı unudulmayacaq.
Dövlət Film Fondu