Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin fotosərgisinin açılışı oldu

Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin fotosərgisi açılıb.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar artist, kinorejissor Elxan Qasımov Azərbaycan kinematoqrafiyasının keçdiyi uzun və zəngin yaradıcılıq yolunda Pərviz Quliyevin əvəzsiz xidmətlərindən danışdılar.

Sonra tədbir iştirakçıları XX əsrdə lentə alınmış Azərbaycan filmlərinin kadrarxası fotolarından ibarət sərgi ilə tanış oldular.

Əməkdar mədəniyyət işçisi, fotoqraf-rəssam Pərviz Quliyevin yaradıcılığını əks etdirən sərgi iki gün müddətində ziyarətçilərin ixtiyarında olacaq.