Əjdər Həmidov – 70

Hər bir insan istedadla doğulur. Lakin onu vaxtında hiss edib, doğru səmtə istiqamətləndirmək hər insana nəsib olmur. Buna görə də istedad və bacarığını səmərəli, gərəkli iş əmsalına çevirənlər xoşbəxtdirlər desək, yanılmarıq. Azərbaycanın teatr, kino aktyoru, Xalq artisti Əjdər Həmidov da məsləyində bacarıq nümayiş etdirdiyinə, rəngarəng ekran obrazları yaratdığına görə sevilən, xatirəsi dərin ehtiramla anılan sənətkarlarımızdadır. Yaddaşlarda iz salan istedadlı aktyorun anadan olmasının 70-ci ildönümündə (28.09.1953) əziz xatirəsini dərin ehtiramla yad edirik, kino fəaliyyətinə qısa nəzər salırıq.

Ömrünün 40 ildən çoxunu sənətə həsr edən, 20-dən çox filmdə və serialda irili-xırdalı rol oynayan, əsasən də faciəvi kinokomediyalarda çəkilən, yaradıcılıq qismətinə düşən obrazlarının təfsirində dövrlərin, mühitin ab-havasını, müasirlərinin istək və məqsədini dəqiqliklə çatdıran aktyorun rol aldığı filmlər məzmun tamlığına görə bu gün də maraqla izlənilir, düşündürür.

“Kino həyatımın bir hissəsidir” deyən Əjdər Həmidov sənətə atası Qüdrət kişinin istəyi ilə gəlib. Buna baxmayaraq, məsləyinə böyük hörmət və məsuliyyətlə yanaşıb, mühüm nailiyyətlərə imza atmağı bacarıb. Aktyorun sənətə gəlməsi haqqındakı fikirlərindən: “Mən rəssam olmağı arzu edirdim. Bu sənətə hələ uşaq yaşlarımdan həvəsim var idi. Lakin atam bunu biləndə qətiyyən etiraz etdi. Bildirdi ki, sən mütləq aktyor olmalısan, başqa söz eşitmək istəmirəm. Kişi sözünün üstündə elə dayanmışdı ki, mənim başqa yolum yox idi. Buna görə də sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdim (indiki ADMİU), institutun dram və kino aktyorluğu fakültəsinə qəbul oldum, uğurla da bitirdim (1979). Təyinatımı Sumqayıt Dövlət Musiqili Dram Teatrına verdilər. Orada hazırlanan tamaşalarda böyük məmnuniyyətlə çıxış edirdim. Hərdən fikirləşirəm ki, elə bil atam sənətdə uğur qazanacağımı əvvəlcədən duymuşdu və  mənə doğru məsləhət vermişdi. Məncə heç nə təsadüfi deyil.

Teatrda çalışdıqdan bir müddət sonra kinoya dəvət aldım. Kinorejissor Cahangir Mehdiyev mənə “Kişi sözü” filmində baş rolu həvalə etdi. Qəribədir ki, ilk kino obrazım olan Qasımın peşəsi baytar idi. Axı mənim atam da kənddə baytar işləyirdi. Bu rolu sevərək oynadım və mənim üçün heç də çətin olmadı. Təəssüflənirəm ki, atam mənim yaxşı günlərimi, uğurlarımı görmədi”.

Əjdər Həmidovu kinorejissor Cahangir Mehdiyevin kinoda uğurlu kəşfi adlandıra bilərik. 1987-ci ildə ekranlara çıxan “Kişi sözü” musiqili kinokomediyasında sadə kənd adamlarının gündəlik həyatından, kənd sakini Qasımın sevgisinə qovuşmaq üçün etdiyi  cəhdlərindən söhbət açan lirik kinokomediyada meşşan həyat tərzinə meyilli gənclərin düşüncə və davranışları, bəsit prinsipləri incə yumor hissi ilə gülüş hədəfinə çevrilir, qınanılır.

Filmin baş qəhrəmanı Qasım sevdiyi qıza – Solmaza qovuşmaq arzusu ilə yaşayır və atasının – Nəbi kişinin (aktyor Əfrasiyab Məmmədov) məsləhəti ilə baytarlıq peşəsinə yiyələnir. Kəndə qayıtdıqdan sonra bütün həyatının dəyişəcəyini, Solmaza qovuşacağını  zənn edir. Məzəli davranışları, yersiz fikir və hərəkətlərinin müqabilində isə kənd sakinlərinin və Solmazın ailəsinin qınağına səbəb olur.

Sözünün ağası olmağın vacibliyini vurğulayan Qasım cəmiyyət içində sayılıb-seçilməyi xarakter tamlığında deyil, yalnız sözünün üstündə durmaqda, vədinə xilaf çıxmamaqda görür.

Mənəvi duyğularını, hisslərini Solmaza ironik ifadə və replikalarla bildirən, həyat məsələrinin həllini əmək qabaqcıllığında, fərdi keyfiyyətlərin üstünlüyündə deyil, yalnız sözün yerinə yetirilməsinə görən Qasımın sevgisi cavabsız qalır. Nəhayət, bir gün ailə xoşbəxtliyini təmin etmək üçün doğru seçim etmədiyini anlayan Qasım sonda xəyallardan ayrılaraq real həyat prinsipləri ilə yaşamağa qərar verir, əsl xoşbəxtliyin ətrafında olan insanlara dəyər verməkdə, özünə və zəhmətinə güvənməkdə olduğunu başa düşür.

Məzəli hadisələrin, ironik münasibətlərin aydınlaşması üçün orijinal priyomlardan istifadə edən Əjdər Həmidovun rola uyğunlaşdırdığı ifadə və jestləri personajın xüsusiyyətlərinin dəqiqliklə çatdırılmasına, kinokomediyanın mahiyyətinin açılmasına səbəb yaradıb. Bu filmdən sonra ardıcıl olaraq bədii filmlərə və seriallara dəvət alıb, kinoda daha çox faciəvi komik obrazlar canlandırıb. Bu barədə isə müsahibələrinin birində deyib: “Teatr maskasında komediya və faciənin simvolları var. Həmin maskadakı kədərli simvolu mənim simama bənzədirlər. Üzümdə həmişə kədər var, amma mən özüm xasiyyətcə nikbin insanam. Həmişə məndən niyə kədərli olduğumu soruşurlar. Mən də and içirəm ki, heç də kədərli deyiləm. Sadəcə olaraq simam kədərli görürünür. Yəqin buna görədir ki, rejissorlar çox vaxt mənə faciəvi-komik rolları həvalə ediblər. Rollarım da mənə uğur gətirib”.

Aktyor digər filmlərdə oynadığı ekran personajları ilə də (Əhməd – “Lətifə”, Əsgərov – “Gənc qadının kişisi”, Qasım – “Dünən, bu gün, sabah”, Əjdər – “Girişmə, öldürər!”, Kərəməli – “Hacı Qara”, zabit – “Hər şey yaxşılığa doğru”, Məmməd – “Milli bomba”, Səftər – “Şirin bülbül”, Kamil Şabanov – “Təlatüm”, Argentina Murtuz – “Azarkeş”, Habil – “Yoxlama”, Sabir – “Aramızda qalsın” və s.) yaradıcılıq potensialının genişliyini, dolğunluğunu təsdiqləyib, peşəkarlığına görə filmlərin baxımlılığını təmin edib.

Faciəvi komediya janrlarının xüsusiyyətini, mahiyyətini, kino üçün əhəmiyyətini  müxtəlif xarakterli obrazlarının təfsirində məharətlə vurğulayan aktyor, daha çox kinorejissorlardan Cahangir Mehdiyev və Vaqif Mustafayevin filmlərində rol alıb, ekran  personajlarının səciyyəvi cəhətlərini maraqlı nüanslarla çatdırıb. Kinonu sevdirən aktyor kimi də rəğbət qazanıb, çoxsaylı tamaşaçı auditoriyasının sevimlisinə çevrilib, unudulmayıb.

Sənətdə göstərdiyi xidmətlərə görə Azərbaycanın Əməkdar artisti (2002), Xalq artisti fəxri adlarını alıb (2018). 2014-cü ildən ömrünün sonunadək (2020) Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub.

Dövlət Filım Fondu