Kinorejissor Lətif Səfərovun doğum günüdür

Kino bir çox sənət xadimlərimizin həyatının nicatı olduğu kimi onu da ağuşuna aldı, həyatda qalmasına, tanınıb, sevilməsinə imkan yaratdı. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Lətif Səfərovun enişli-yoxuşlu ömür yoluna nur saçan kino yaradıcılığının məzmunu da məhz bu mənada diqqətçəkəndir, maraqlıdır. Kim bilir, bəlkə də o, kiçik yaşlarından tanınmış sovet kinorejissoru Leo Murun “Gilan qızı” filminin çəkilişi zamanı yaradıcı heyətlə qarşılaşmasaydı, taleyinə daha acı həyat hekayələri yazılacaqdı. Amma hər bir halda onu bacardığı qədər qoruduğuna, istedadını üzə çıxardığına, elinə, obasına xeyirli vətəndaş kimi tanıtdığına, milyonların sevimlisinə çevirdiyinə görə Azərbaycan kinosuna minnətdarıq.

Milli kinomuzda uşaq rolunun ifaçısı kimi məşhurlaşan Lətif Səfərov həyatın mürəkkəb tərəflərini, çətinlikləri, insanların qəliz xüsusiyyətlərini uşaq yaşından gördüyünə görə kino fəaliyyətində (aktyor və rejissor kimi) komik situasiyalardakı dramatizmə gətirib çıxara biləcək məqamları (quruluş verdiyi “Bəxtiyar” filmi), gərgin vəziyyətlərdəki insan xarakterinin (“Qızmar günəş altında”) gülüşə səbəb olan nüanslarını tamaşaçıya çatdırıb, hər hansı bir həyat hadisəsi daxilindəki dramatik situasiyalardan ehtiyat etməli mesajını verib.

“Lətif” filmində (1930) kasıb bir ailədə yaşayan balaca Lətifin ögey anasından, ətrafdakılardan gördüyü təzyiqlərə, yaşadığı çətinliklərə rəğmən özündə güc tapıb həyatda qalması, uşaqdakı bir çox mənəvi (cəsarət, düzgünlük, zəhmətkeşlik) keyfiyyətlərin üstünlüyü tamaşaçıda obraza heyranlıq, rəğbət hissi yaradır. Bir qarın çörək üçün səhərdən axşama qədər çobanlıq edən Lətif təkcə özünün və yaşıdlarının ətalət içində boğulan həyat hekayəsini danışmır, həmçinin ətrafında baş verən hadisələrə müdaxilə etməklə dövrün dramatik hadisələrinin mənbəyini, onu yaradan səbəbləri açıqlayır.

Kinematoqrafiya ilə ilk dəfə 1927-ci ildə tanış olan Lətif Səfərov ona olan vurğunluğuna görə həyatını bu sənətə bağlayıb. Həmin il “Gilan qızı” filminin natura çəkilişləri üçün Şuşaya gedən çəkiliş qrupunun üzvləri onu görüb bəyənib, həmin filmdə Gülgül roluna çəkib. Bunun ardınca “Sevil” filmində Gündüz, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli və “Qızıl kol” filmlərində epizodik rollara çəkilib.

Uşaqlığını, demək olar ki, kinostudiyada yaşayan Lətif Səfərov 1937-ci ildə burada əmək fəaliyyətinə başlayıb. Əvvəlcə dublyaj şöbəsində “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda” və digər bu kimi dövrünün siyasi-tarixi filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor və rejissor köməkçisi işləyib, kinonun müxtəlif sahələrində çalışaraq peşə bilgisini artırıb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino təhsilini davam etdirməklə sənətin nəzəri biliklərinə dərindən yiyələnib.

İnstitutu bitirib vətənə qayıdan kinematoqrafçı rejissor kimi əmək adamlarının həyat yoluna həsr olunan, həmçinin ictimai-sosial mövzulu (10-a yaxın) sənədli film  ekranlaşdırıb. Səməd Mərdanovun quruluş verdiyi “Kəndlilər” filmində rejissor köməkçisi olub, kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Yeni horizont” filmində  rejissor assistenti vəzifəsini icra edib. Növbəti illərdə müstəqil olaraq “Bəxtiyar” (1955), “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961)  filmlərini ekranlaşdırıb.

Lətif Səfərovun müxtəlif janrlarda quruluş verdiyi filmlərin məzmunu tamamilə bir-birindən fərqlənsə də, ideya baxımından hər üç filmdə həyat problemlərinin həllində  (xeyirlə-şərin mübarizəsində) mərd ürəkli, haqqın tərəfini tutan əməlpərvər, yüksək mənəviyyatlı insanların (Bəxtiyar, Eldar, Aydın həkim, Qeys, Nofəl, Zeyd və s.) həyat prinsipinin tədqiqat obyektinə çevrilməsi faktı filmlərin illərlə sevilməsinə, ürəklərə yol tapmasına səbəb olub. Kinomuzun qızıl fonduna daxil olan hər üç filmin bu gün də maraqla baxılmasına səbəb olan amillərdən biri də mənəvi yüksəlişə xidmət edən ekran obrazlarının tamaşaçılara məhz sadə dillə çatdırılmasıdır.

Azərbaycan milli kino ənənələrini yaradıcılığında layiqincə yaşadan, dərin sənət bilgisi olan Lətif Səfərov ömrü boyu həsrətində olduğu, arzuladığı, bütün zamanların tələbi, ehtiyacı olan vacib dəyərlərə həssas həyat duyğusu ilə yanaşdı, dəqiq müşahidəsinə əsasən çəkdiyi filmlərini (ailəyə, sevgiyə dəyər, dostluğa, insanlığa hörmət) hər kəsin anlayacağı forma və üslubda ekranlaşdırdı. Zəhmətkeşliyinə, istedadının böyüklüyünə görə də unudulmadı, xatirəsi hörmətlə anıldı.

Dövlət Film Fondu