Kinorejissor Həsən Seyidbəylinin doğum günüdür

Azərbaycan kinosunda xüsusi dəst-xəttinə, lirik-poetik, səmimi yaradıcılıq üslubuna malik olan Həsən Seyidbəylinin kino fəaliyyəti göz önündə canlananda ərsəyə gətirdiyi filmlərin məzmun və mahiyyəti yada düşür, əziz xatirəsi minnətdarlıq hissi ilə xatırlanır.

Müdrik təfəkkürə, üstün mənəvi keyfiyyətə, etik davranışa malik olan rejissorun zəngin daxili dünyasının mövcudluğu dərin məzmunlu filmlərin ərsəyə gəlməsinə, müdrik mesajlarının ictimaiyyətə çatdırılmasına imkan yaradıb.

40 ilə yaxın bir müddət ərzində Azərbaycan kinosunda çoxşaxəli fəaliyyət göstərən, məzmunlu ədəbi əsərləri ilə geniş oxucu auditoriyasının rəğbətini qazanan, zəngin təfəkkürü sayəsində maraqlı ekran əsərlərinə baxımlılıq gətirən, çəkdiyi filmlərlə peşəkar  aktyor nəslinin yetişməsinə səbəb olan görkəmli kinorejissor Həsən Seyidbəylinin bu mənada Azərbaycan kinosunun inkişafında xidmətləri əvəzsizdir.

Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olub. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatoru fakültəsində bir il oxuduqdan sonra 1943-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya Komitəsinin rejissorluq fakültəsini, əvvəlcə Sergey Eyzenşteynin, sonra isə Qriqori Kozinsevin emalatxanasını, daha sonra həmin institutun nəzdində Ali ssenari kurslarını bitirib.

Müharibə illərində və müharibədən sonrakı vaxtlarda kinostudiyada film qıtlığı olduğu üçün sənət ixtisası üzrə bir müddət iş tapa bilmədiyinə, həmçinin çəkiliş üçün ədəbi materialların olmadığına görə ədəbi işlə məşğul olmağa qərar verib. Məqalələr, ssenarilər, povestlər yazıb. Əsərləri oxucular və ədəbi tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Həyat və yaradıcılığı zəngin olan görkəmli kino ustasının ədəbi fəaliyyəti sonradan inkişaf etdirdiyi kino yaradıcılığında mühüm rol oynayıb. İstedadlı nəsr ustasının qələmindən çıxan “Kənd həkimi”, “Bizim Astarada”, “Telefonçu qız” povestləri,  “Cəbhədən cəbhəyə”, “İllər keçir”, “Uzaq sahillərdə” (son ikisi İmran Qasımovla birgə), “Tərsanə”, “Çiçək” romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün yaşayırsan?” (hər ikisi İmran Qasımovla birgə) pyesləri, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “On beş gün Yaponiyada”, “Gördüyüm yerlər” yol qeydləri, publisistik məqalələri, oçerkləri ədəbi tənqidin diqqət mərkəzində olub, bir çox xarici dillərə tərcümə edilib.

Yazıçı, dramaturq, publisist kimi tanınan Həsən Seyidbəylinin ədəbi fəaliyyəti Azərbaycan kinosuna mühüm töhfələr verib. Ssenariləri əsasında “Doğma xalqımıza” (bədii-sənədli), “Qızmar günəş altında”, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”,  “Yolda əhvalat” (hər ikisi İ.Qasımovla birgə) qısametrajlı bədii, “Toral və Zəri”, “Sağ ol, dostum” animasiya,  “Sovet Azərbaycanı” (N.Yarovaya ilə birgə, I ser., TV), “Kamillik” sənədli filməri yaradılıb.

Bundan başqa, “Ömrün səhifələri” kinoalmanaxında intermediyanın müəllifi, “Onun bəlalı sevgisi” filminin bədii rəhbəri olub. “Xidmət lifti” hekayəsinin motivləri əsasında “Liftçi qız” qısametrajlı filmi çəkilib.

Rejissor kimi ilk dəfə 1947-ci ildə “Bakıdan Göygölədək” (ilk rəngli sənədli Azərbaycan filmi), ardınca isə 1949-cu ildə “Quba bağlarında və Tərtərçay vadisində” (həm də ssenari müəllifi), “Böyük yol” kinooçerklərini çəkib.

Çoxşaxəli yaradıcılığında insan psixologiyasını, davranış qaydalarını təbliğ edən kinorejissor fərqli təsvir üslubu ilə ekranlaşdırdığı mövzularda yüksək mənəvi əxlaqi dəyərlərin üstünlüyünü təbliğ edib. Rejissor kimi səkkiz tammetrajlı bədii filmə quruluş verib. Bunlardan altısının həm də ssenarisini yazıb. 1962-ci ildə eyniadlı povesti əsasında çəkdiyi ilk bədii filmi – “Telefonçu qız” Azərbaycan kino sənətində mühüm mərhələ olub.

Bundan sonra Xəzər dənizində salınmış əfsanəvi dəniz şəhəri – Neft daşlarının əmək adamlarına – neftçilərə, onların əməyinə, məişətinə həsr olunmuş “Möcüzələr adası” filminə quruluş verib. Çəkdiyi filmlərdə ictimai, sosial və mənəvi problemlərə mühüm yer verən sənətkarın yaradıcılığında əsasən qəhrəmanların mənəviyyatı tədqiq edilib, insanların əməyindən, mənəvi-əxlaqi saflığından bəhs olunub. “Cazibə qüvvəsi” kinonovellasında, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” bədii filmlərində aktual ailə-məişət problemləri bədii həllini tapıb. Uğurlu ekran taleyini yaşayan “Nəsimi” tarixi-bioqrafik filmi isə Azərbaycan kino tarixində böyük hadisəyə çevrilib.

Xalqın, müasirlərinin  həyatını çoxşaxəli yaradıcılığında təhlil edən sənətkar ictimai xadim kimi respublikamızda, eləcə də keçmiş SSRİ məkanında böyük hörmət qazanıb, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik edib, 1963-1975-ci illərdə İttifaqın I katibi, 1975-1980-ci illərdə sədri işləyib, milli kinematoqrafiyamızın tərəqqisi naminə əvəzsiz xidmətlər göstərib.

Dövlət Film Fondu