Mustafa Mərdanov – 130

İnsanların həyat mövqeyinin, düşüncəsinin formalaşmasında sənətin rolu böyükdür. Azərbaycan teatr, kino sənətinin inkişafında mühüm xidməti olan Mustafa Mərdanov da müxtəlif xarakterli obrazlarının təfsirində cəmiyyətdə baş verən neqativ halları qınaq obyektinə çevirib, yüksək mənəvi dəyərləri təbliğ edib.

Aktyorun müxtəlif xarakterli, koloritli rolları sənət biliciliyini dönə-dönə təsdiqləyib, teatr və kino obrazları sənətsevərlərin yaddaşına iz salıb.

Mustafa Mərdanov cəmiyyətin sənətə, maariflənməyə böyük ehtiyacı olan bir vaxtda aktyorluq peşəsinə yiyələnib, ömrü boyu sevdiyi, böyük məsuliyyət və yüksək sənətkarlıqla təqdim etdiyi məsləyinin keşiyində durub. Aktyorun milli kinomuzda 20-yə yaxın filmdə özünəməxsus ştrixlərlə canlandırdığı maraqlı, koloritli obrazları prototiplərin xarakterlərini açmaqla yanaşı, dövrlərin mühiti, ab-havası haqqında ətraflı məlumatlanmağımıza, müasirlərinin (tərəf-müqabillərinin) düşüncə və psixologiyasını aydınlıqla anlamağımıza imkan yaradıb.

1894-cü il fevralın 28-də Təbrizin şimal-qərbində yerləşən Mərənd şəhərində anadan olan Mustafa Mərdanovun uşaqlıq illəri Tiflisə keçib. O, hələ kiçik olarkən ailəsi ilə birlikdə Tiflisə köçüb, 1924-cü ilə qədər orada yaşayıb.

30 yaşına qədər Tiflisdə yaşayan Mustafa Mərdanovun həyatında Tiflisin mədəni mühitinin böyük rolu olub. Oradakı gimnaziyanı bitirən gənc sənətsevər teatra böyük maraq göstərib. Şəhərin müsəlman dram dərnəklərində (1910-cu ildən) çıxış edib.

Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyib. Buna görə də o, 1917-ci ildə Rostova gedib, oradakı Tibb Universitetinə daxil olub. Teatra olan həvəsi günü-gündən artan Mustafa Mərdanov orada dram studiyasında çalışıb. Rostov mühitinə alışa bilmədiyindən 1918-ci ildə yenidən Tiflisə qayıdıb.

1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb.

1924-cü ildə Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Həmin ildə   Bakıya gəlib, burada Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Teatrın səhnəsində yerli və xarici ədiblərin əsərləri əsasında hazırlanan tamaşalarda xarakterik rollar canlandırıb. Paralel olaraq filmlərə dəvət alıb.

Debüt rolunu (muzdur Qulu) “Bismillah” (1925) filmində edən aktyor bundan sonra “Müxtəlif sahillərdə” filmində Abbas, “Hacı Qara”da Kərəməli, “Sevil” kinodramında Atakişi, “Lətif”də Ələsgər, “Bakılılar” tarixi-inqilabi filmində menşevik, “Kəndlilər”də Təhməz; menşevik, “Yeni horizont”da trest müdiri,  “Səbuhi” tarixi-bioqrafik filmində  akademiya rəisi, “Fətəli xan” tarixi dramında Şirin kişi, “Görüş” kinokomediyasında Əsgər, “Qara daşlar”da Dəmirov, “O olmasın, bu olsun” kinokomediyasında Həsən bəy, “Səhər” tarixi-inqilabi filmində Əhməd kişi, “Əhməd haradadır?” kinokomediyasında Məmməd kişi, “Qanun naminə” kinodramında müstəntiq Murtuz Murtuzov və digər filmlərdə çəkilib.

Mustafa Mərdanovun uzun illər tetatr səhnəsində böyük təcrübə toplaması, görkəmli sənətkarlarla çiyin-çiyinə çalışması, yüksək aktyorluq texnikasına, incə yumor hissinə malik olması, obrazlarını özününküləşdirmə məharəti kinoda yaratdığı irili-xırdalı rollarını yaddaşlara yazmağa, rejissorların istək və məqsədlərini dolğun çatdırmasına səbəb olub.

Görkəmli kinorejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Qara daşlar” filmində Dəmirov obrazı aktyorun kino fəaliyyətində diqqətçəkən personajlardandır. Kinopovestdə dənizdə neft axtaran geoloqların irəli sürdükləri cürətli təşəbbüslərdən, əmək fədakarlıqlarından və onların ideyalarına mane olmağa çalışan, elmi axtarışlarına inanmayan Dəmirov kimi köhnə fikirli “elm adamları”nın respublika əhəmiyyətli layihələrin həyata keçməsinə mane olmasından bəhs edilir.

“Azərneft”in rəisi vəzifəsində çalışan Xəlilovla (Adil İsgəndərov) əlbir olan   Dəmirov belə hesab edir ki, Azərbaycanda yeni neft yataqları ancaq Xəlilovun kəşf etdiyi Ceyran düzü adlandırılan məkanda aşkarlana bilər. Buna görə də onlar əməkdaşlarına dənizdə neft axtarışları aparmalarına, mədən salmalarına mane olur, layihələrinin həyata keçməsinin qarşısını almağa çalışırlar.

Vəzifəsindən istifadə edərək yalnız öz fikirlərini, ideyalarını həyata keçirmək istəyən, elmi axtarışlarının uğursuzluğunu ört-basdır etməyə çalışan Xəlilova hər bir çirkin niyyətində dayaq olan Dəmirov zəhmətkeş insanların əməyini puç etməyə səy göstərir, tərəflər arasında ziddiyyətləri kəskinləşdirir, hadisələrin ağırlaşmasına səbəb yaradır. Neft axtarışları uğurlu nəticə verən əməkdaşlarının əzmkarlığı, iradəsi Dəmirovun səriştəsizliyinə, səhv qərarlarına qalib gəlir, məkrli, hiyləgər xislətinin ifşasına səbəb olur.

Mustafa Mərdanovun rolun qəliz xislətinə, qərəzli davranışlarına uyğunlaşdırdığı davranış və jestləri səmimi, inandırıcı təqdimatda verilib. Öz mənafeyi üçün ətrafındakılara ziyan vuran, həyatın inkişafına mane olan meşşan, xudbin insanların mənəvi keyfiyyətsizliyi yüksək sənətkarlıq xüsusiyyəti ilə tənqid hədəfinə çevrilib. Aktyorun bu və ya digər rolları filmlərin məzmununun aydınlıqla çatdırılmasına imkan yaradıb.

Aktyorun uğurlu ekran personajlarından biri də “Əhməd haradadır?” kinokomediyasındakı Məmməd obrazıdır. Obrazın saf niyyətinin, avam xüsusiyyətinin komik nüanslarla gülüş hədəfinə çevrilməsi, qonşusu Şirin kişi ilə gizli saziş bağlayaraq övladlarının taleyini onlardan xəbərsiz həll etmək cəhdi, qızının razılaşmadığı halda pərt və gülüş vəziyyətdə qalması aktyor tərəfindən maraqlı ştrixlərlə işlənilib. Dövrünün məişətinin, xoşagəlməz, bəzi hallarda ailə dramlarına səbəb ola biləcək adət-ənənəsi incə yumorla gülüş hədəfinə çevrilib. Bu və ya digər vacib, ciddi məsələlər aktyorluq sənətinin fövqündə həllini tapıb, cəmiyyətin düşüncəsinin, zövqünün formalaşmasında mühüm rol oynayıb. Bu isə əsl sənətkarlıq qüdrəti, minlərlərlə insanın düşüncəsində, qəlbində ziyalı, müdrik sənətkar kimi qalmaq məharətidir.

1968-ci ilin 12 dekabr tarixində Bakıda vəfat edən Mustafa Mərdanov ömrünə yazılan 74 ilin 60 ildən çoxunu milli teatr və kino sənətimizin inkişafına sərf etdi. Sənətini daim uca tutduğuna, teatr və kino obrazlarını böyük məsuliyyət hissi, sevgi, coşqu ilə yaratdığına, yaddaşlara yazdığına görə unudulmadı, sənəti və şəxsiyyəti hörmət və ehtiramla yad edildi.

Dövlət Film Fondu