Kinonun vacib sahələrindən biri də səs rejissorluğu sənətidir. Səs rejissorlarının birinci növbədə sənətə olan sevgisi və diqqəti ətraf aləmin səslərini həssaslıqla dinləməyə, onları olduğu kimi, inandırıcı, yüksək keyfiyyətli səslərlə filmə daxil etməyə imkan verir. Bir sözlə ədəbi əsərlərə can, ruh verən səs sistemi ilə işləmək istedadla yanaşı bacarıq, diqqət, zəhmət tələb edir.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 150-dən artıq filmdə (bədii, sənədli, “Mozalan”) çalışan, imza atdığı hər bir işində peşəkarlıq nümayiş etdirən tanınmış səs rejissorlarından biri, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Əsəd Əsədovun 75 yaşı tamam olur. Kino ictimaiyyətinə yaxşı tanış olan yubilyara məqam düşmüşkən, təbriklərimizi çatdırmağı, yaradıcılıq yoluna bir daha nəzər salmağı özümüzə borc bilirik.
Əsəd Fərrux oğlu Əsədov 1947-ci il mart ayının 1-də Bakıda anadan olub. Kinoya olan marağına görə 1965-ci ildə sənədlərini Leninqrad Kino Mühəndisləri İnstitutuna verib, 1970-ci ildə institutu bitirib. Həmin ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında mühəndis işləyib, bir müddət sonra hərbi xidmətə gedib. 1974-cü ildə ordudan tərxis olunduqdan sonra yenə də kinostudiyanın dublyaj şöbəsində səs rejissoru kimi fəaliyyətə başlayıb, ilk dəfə “Nənələr və nəvələr” adlı Gürcüstan filminin dublyajında çalışıb. Həmçinin uzun müddət İncəsənət Universitetində (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib, kino sənətinin maraqlı, məsuliyyətli sahəsi olan məsləyini gənclərə tədris edib.
“Səs rejissorluğu filmdə olduqca vacib sahədir. Bu sahənin də özünəməxsus maraqlı tərəfləri var. Montaj prosesi bitdikdən sonra filmin səsləndirilməsi başlayır. Filmdə çəkilən aktyorların səsini hansı aktyorun səsləndirməsini ölçüb-biçirik, qərar veririk. Bu iş prosesi zamanı həyata keçirilir. Kinoda birinci adam filmin quruluşçu rejissorudur. Onun dediyinə mütləq əməl olunmalıdır. Mən həmişə rejissorlarla fikir mübadiləsi aparmışam, istəkləri ilə də qarşılıqlı anlaşmamız olub. Filmlərdə təkcə səs yox, operator, montaj işi, ümumiyyətlə, hamısı önəmlidir. Səsləndirmə prosesi ən axırda gedir. Həmişə çalışmışıq ki, filmdə səslənən həm musiqi, həm kənar səslər, həm də aktyorların səsi maraqlı olsun. Bunun üçün də çalışqanlıqla yanaşı, böyük səbir tələb olunur” deyən səs rejissoru yaradıcılığı boyu bir çox bədii və sənədli filmin, həmçinin “Mozalan” satirik kinojurnalının süjetlərinin səs rejissoru olub. “Yaramaz” filminə görə Dövlət mükafatına (1990), “Ailə” filmindəki işinə görə isə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl çıraq” mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci il tarixində Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Sənətini daim sevən, böyük məsuliyyət hissi ilə yanaşan Əsəd müəllimi bir daha yubiley yaşı (75) münasibəti ilə təbrik edirik və cansağlığı, daim sevdiklərinin əhatəsində olmağı arzulayırıq.
Dövlət Film Fondu