Fevralın 28-də Nizami Kino Mərkəzində “Oğul” sənədli filminin təqdimatı keçirilib.
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” filmi 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Tədbirdə yaradıcı heyətlə yanaşı, Natiq Qasımovun ailə üzvləri də iştirak ediblər.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev azərbaycanlıların Xocalı faciəsini heç vaxt unutmayacağını bildirib. Nazir müavini qeyd edib ki, Birinci Qarabağ müharibəsindən bəhs edən filmdə azərbaycanlı hərbi əsirdən bəhs edilir. 1992-ci ildə Xocalıda törədilən qətliam düşmənin əsl mahiyyətini üzə çıxardı. Ermənilər törətdikləri hadisələrə görə üzr istəmək haqqında düşünmürlər. Biz bu faciəni bütün dünyaya çatdırmalıyıq.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan fotoqraf Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.