27-31 iyul tarixlərində 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərində TÜRKSOY-un təşkilatçılığı ilə TÜRKSOY Sinema Forumu Hazırlıq Toplantısı keçirilir. Azərbaycanı bu tədbirdə TÜRKSOY-un Azərbaycan nümayəndəliyinin rəhbəri Elçin Qafarlı, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və şöbə müdiri Rəşad Qasımov təmsil edirlər. Tədbir TÜRKSOY-un sədri Sultan Rayevin sədrliyi və Bursa şəhər Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündarın təşkilati dəstəyi ilə keçirilir.
Tədbirdə 2023-cü il Bursa Sinema Forumunun nə vaxt keçiriləcəyi, orada hansı məsələlərin qaldırılacağı, bu məsələlərin türk dünyası ölkələrinə nə dərəcədə töhfə verə biləcəyilə bağlı məsələlər və onların kinematoqrafiya sahəsində sıx əməkdaşlığı müzakirə olunur. Forumda Azərbaycanla yanaşı, Qazaxıstandan ssenarist Baxtıgül Maxanbetova, prodüser Mayra Karsakbayeva, Qırğızıstandan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Gülbara Tolomuşeva, Türkmənistandan “Türkmənfilm”in direktor müavini Sahisaleh Bayramov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Erkin Yılmaz, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Məhəmməd Faruk Bayram iştirak edirlər.
Tədbirdə hər bir iştirakçı ölkə bir filmlə təmsil olunur. Azərbaycan tərəfdən rejissor Orman Əliyevin “Baku Media Center” və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan “Biz” filmi təqdim olundu.