“Bakılı oğlanlar” KVN komandasının üzvü kimi məşhurlaşan, şoumen, aktyor, publisist, naşir kimi çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Əməkdar artist Bəhram Bağırzadə maraqlı kino obrazları ilə də tamaşaçıların diqqətini çəkib, sevgisini qazanıb.
Özünəməxsus ifa tərzi, duzlu-məzəli söhbətləri ilə ərsəyə gətirdiyi ekran obrazlarını yaddaşlara yazan tanınmış aktyor bu il 50 yaşını (04.09.1972) qeyd edir. Kinosevərlər və əməkdaşlarımız adından yubilyarı təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Bakıda ziyalı ailəsində anadan olan Bəhram Bağırzadə 189 saylı (1979–1989) orta məktəbi bitirib. Sənətə olan sevgisinə görə 1989-cu ildə sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib və 1994-cü ildə həmin institutu bitirib. 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvü olan gənc aktyor 1992-ci ildə ŞHK-nun çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci ildə ŞHK “Əsrin çempionu” olub.
MDB ŞHK yığmasının üzvü 1992-ci ildən karikatura çəkir. Karikaturaları “Kirpi” satirik jurnalında çap olunub. O, respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən “Qalereya” jurnalının naşiridir.
2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür. FECO-nun (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. “Qorod” jurnalının naşiridir. 2012-ci il ildə Kitab nominasiyasında “Humay” milli mükafatına layiq görülüb.
90-cı illərin sonundan etibarən müxtəlif mövzulu filmlərdə rol alan aktyor, əsasən, komik rollar təqdim edib. Bəhram Bağırzadənin özünəməxsus tərzdə yaratdığı ekran obrazlarından milis kapitanı (“Hər şey yaxşılığa doğru”), milis işçisi (“Yerlə göy arasında”), Akif (“Yuxu”), radio jurnalisti (“Milli bomba”), kommersant (“Adam”), Əfqan (“Vəkil hanı?”), Qafur bəy (“Qorxma, mən səninləyəm! 1919”), Bəhruz (“Axırıncı dayanacaq”) və digər rolları mövzunun mahiyyətinin çatdırılmasına kömək edir, filmin koloritini, baxımlılığını artırır.
İctimai həyatda və məişətdə baş verən neqativ halların, xoşagəlməz insan xüsusiyyətlərinin gülünc tərəflərini tənqid etmək, gülüş hədəfinə çevirmək aktyordan xüsusi bacarıq tələb edir. Bəhram Bağırzadə də ekran personajlarının təfsirində prototiplərin müəyyən gülüş doğuran xüsusiyyətlərini incə yumorla çatdırmağa nail olub.
Peşəkar kinorejissorlardan Şamil Mahmudbəyov, Vaqif Mustafayev, Fikrət Əliyev, Yuli Qusman və digərlərinin filmlərində irili-xırdalı rollar yaradan, ekran hadisələrinin baxılmasında və sevilməsində əməyi olan sevimli aktyorumuza yeni yaşında böyük yaradıcılıq sevincləri, tükənməz tamaşaçı sevgisi arzulayırıq.
Dövlət Film Fondu