Sentyabrın 22-də Azərbaycan Dövlət Film Fondunda “Doku Baku” Beynəlxalq Sənədli Filmlər Festivalı çərçivəsində tanınmış Rusiya və Qazaxıstan rejissoru, Kann Beynəlxalq Film Festivalının laureatı Sergey Dvortsevoyun “Xoşbəxtlik” və “Qaranlıqda” sənədli filmlərinin təqdimatı baş tutdu.
Nümayişdən sonra Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun yaradıcılığı haqqında tamaşaçılara məlumat verdi. Sonra Sergey Dvortsevoy azərbaycanlı tamaşaçıları “Dostlar” müraciəti ilə salamlayaraq filmlərinin Bakıda ilk dəfə göstərildiyini qeyd etdi. Nümayiş etdirilən iki sənədli filmin çəkilişləri haqqında xatirələrini bölüşdü, tamaşaçıların suallarını cavablandırdı.
Sergey Dvortsevoy çıxışında Azərbaycan Dövlət Film Fondu haqqında da təəssüratlarını bölüşdü: “Mən arxivə heyran oldum. Mənə bu barədə danışdılar və buranı ziyarət etdim. Burada unikal insanlar fəaliyyət göstərirlər. Tamamilə unikal kolleksiyalar toplayırlar.”
Rejissor tədbirdən sonra Film Fondunun xatirə kitabına ürək sözlərini yazdı.