“Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunan “Haqq aşığı” sənədli filminin premyerası keçirilib.
Oktyabrın 20-də Nizami Kino Mərkəzində geniş tamaşaçı auditoriyasına təqdim olunan filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırıb.
Filmin çəkilişlərinin bir hissəsi Türkiyənin Qars şəhərində, həmçinin Bakı, Gədəbəy, Qazax, Kəlbəcər və digər yerlərdə aparılıb. Filmdə Dədə Ələsgər ocağının nümayəndələrinin müsahibələri yer alır.
Sənədli filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, montaj rejissoru Mübariz Nağıyev, xətt prodüseri Rəşad Qasımov, icraçı prodüseri Azad Axundov, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Salim, prodüseri Nazim Hüseynovdur.