Bənzərsiz yaradıcılığına görə tamaşaçıların rəğbətini qazanan, sevimlisinə çevrilən Xalq artisti Xalidə Quliyeva 71 yaşını (24.09.1952) qeyd edir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 20-dən artıq filmdə rol alan, kino fəaliyyətində bənzərsiz yaradıcılıq nümayiş etdirən, yaddaqalan ekran personajları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan, kino salnaməmizin sevimli simasına çevrilən istedadlı aktrisamızı kinosevərlər və həmkarlarımız adından ürəkdən təbrik edir, yeni yaradıclıq nailiyyətləri arzulayırıq.
1952-ci il sentyabrın 24-də Bakıda anadan olan Xalidə Quliyeva Bakının Nizami rayonundakı 62 №-li orta məktəbi bitirib. Məktəbin fəal şagirdlərindən biri olub. Hələ ibtidai sinifdə oxuyarkən musiqiyə, rəqsə, teatra, kinoya maraq göstərib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna verib (indiki ADMİU), dram və kino aktyorluğu fakültəsinə daxil olub (1970). Azərbaycanın görkəmli rejissoru Adil İsgəndərovdan, Xalq artisti Elmira Şabanovadan sənətin sirlərini öyrənib. Müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanan gənc aktrisa nəzəri bilgilərə yiyələnməklə yanaşı, institutun nəzdindəki “Səda” Tədris Teatrında çalışıb, təcrübə toplayıb.
Kinoda debüt rolunu (Validə) görkəmli kinorejissor Tofiq Tağızadənin quruluş verdiyi “Qızıl qaz” (1972) filmində ifa edən aktrisa kamera qarşısındakı sərbəst davranışı, rolun daxili mənini duyaraq çatdırma bacarığı ilə rejissorların diqqətini çəkib, ardıcıl olaraq filmlərə dəvət alıb. Bundan sonra görkəmli kinorejissor Həsən Seyidbəylinin Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibəti ilə ekranlaşdırdığı tarixi-bioqrafik filmdə Fatimə rolunu canlandırıb. Obrazın fərdi xüsusiyyətlərini, düşüncə və davranışlarını bənzərsiz üslubda, məzmunlu boyalarla təqdim edib.
Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən, yaradıcılığı mühüm əhəmiyyət kəsb edən tanınmış kinorejissorlardan Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Rasim İsmayılov, Fikrət Əliyev, Muxtar Dadaşov və digərlərinin filmlərində rol alan aktrisa, ekran personajlarının təfsirində müxtəlif dövrlərin müasirlərinin həyat tərzini aydınlıqla şərh etməklə fərqli insan talelərini, münasibətlərini, həyat amalını, düşüncə tərzini, daxili aləmlərini peşəkarlıqla təqdim edib, tanıdıb.
Aktrisanın yaddaqalımlı rollarından biri də kinorejissor Muxtar Dadaşovun quruluş verdiyi “Bakıda küləklər əsir” (1974) filmindəki Solmaz obrazıdır. İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunan filmdə ön cəbhədə döyüşən azərbaycanlı qızı Solmazın mərd xüsusiyyətləri, müsbət cəhətləri, yüksək amalı, vətənpərvərliyi inandırıcı tərzdə, maraqlı mizanlarda canlandırılıb.
Könüllü olaraq cəbhəyə yollanan Solmaz döyüş bölgələrinin birində tibb bacısı kimi işləyir, yaralı əsgər və zabitlərə xidmət göstərməklə yanaşı, yeri gələndə düşmənə qarşı mübarizəyə də qoşulur, döyüşlərin birində faşistlər tərəfindən əsir götürülərək qətlə yetirilir.
Solmaz İkinci Dünya müharibəsi dövründə ön cəbhədə döyüşən və həlak olan minlərlə azərbaycanlı qızının ümumiləşdirilmiş obrazıdır. Döyüşçü qadının qorxmazlığını, mətinliyini dəqiq ştrixlərlə təqdim edən aktrisa kiçikplanlı rolu filmin aparıcı qüvvəsi kimi təqdim etməklə ekran əsərinin uğuruna uğur qatıb. Obrazın həyatı və onun kimi yüz minlərlə arzuları, istəkləri ürəyində qalan gənc qızların nakam taleyi haqqında düşündürməyə, kiçikplanlı təqdimat fonunda olsa belə kədərli həyat hekayəsini yaddaşlara yazmağa nail olub.
1976-cı ildə ekranlara çıxan “Xoşbəxtlik qayğıları” filmində isə dövrünün aztəminatlı ailələrinin birində böyüyən 5 gənc qızın həyatından, onların sağlam düşüncə tərzindən, doğru qərarlar üzərində gələcəklərini qurmaq arzularından bəhs edilir.
Həyatda öz ayaqları üstündə durmağı tərcih edən, nümunəvi keyfiyyətləri ilə diqqət çəkən insanlara üstünlük verən bacılardan biri də Xalidədir (Xalidə Quliyeva). O, gələcək həyat yoldaşını özü seçməyə, həyatını zəhməti, çalışqanlığı hesabına qazanmağa, özgüvənli şəkildə yaşamağa üstünlük verir. Buna görə də köhnə adət-ənənə aludəsi olan insanların dedi-qodusundan çəkinmir. İradəsinə, məğrurluğuna görə diqqət çəkən Xalidənin məntiqli düşüncələri nəinki müasir, hətta bütün dövrlər üçün gərəklidir. Yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğuna görə də rol uğurludur, baxımlıdır. Onu da qeyd edək ki, filmin rejissoru Həsən Seyidbəyli bu rolu məxsusi olaraq Xalidə xanım üçün yazıb, onun adı ilə də adlandırıb. Xalidə xanım özü isə obrazın onun yaradıcılıq taleyində mühüm rol oynadığını, ona böyük uğur gətirdiyini söyləyir.
Xalidə Quliyevanın geniş yaradıcılıq diapazonu rolların məramını, məqsədini dəqiq xarakterizə edir, cilalayır, məhsuldar yaradıcılığı ekran hadisələrini real həyat faktı kimi qəbul etməyimizə səbəb olur.
Aktrisanın filmin mövzusunu, dövrün mövcud vəziyyətini təhlil edən uğurlu rollarından biri də “Tütək səsi” filmindəki Milli obrazıdır. İkinci Dünya müharibəsi illərində arxa cəbhədəki insanların ağır həyat şəraitini əks etdirən filmdə insanların ağır güzəranı, gənclərin puç olmuş arzuları yer alır. Kənddə poçtalyon işləyən Milli də həmyaşıdları kimi müharibənin acı həqiqətləri ilə üz-üzədir. O, ön cəbhədən gələn qara kağızları insanlardan gizlətməyə məcburdur. Çünki atalarını, ərlərini, oğullarını ön cəbhəyə yola salan qız-gəlinlər onların da yerinə işləyib, sidq-ürəklə əzizlərinin qayıdacağına və müharibədə qələbə çalacaqlarına inanırlar. Kənd sakinlərinə bəd xəbərləri çatdırmaq istəməyən Milli qara kağızları gizlətməklə sanki doğmalarının ölüm xəbərini eşidən sakinlərin ümidlərinin qırılmasının, psixoloji sarsıntılar keçirmələrinin, ümidlərinin puça çıxmasının qarşısını alır.
Onun fikrincə, həmin illərdə hər bir evin qapısını döyən bu bəlanın açıqlanması onsuz da aclıqdan, böhrandan əziyyət çəkən insanların ruh düşkünlüyünə, ölümünə səbəb ola bilər. Odur ki, o, çantasında gəzdirdiyi pünhan məktublarda sanki bütün kəndin yükünü daşıyır.
Xalidə Quliyevanın digər ekran personajlarından olan Sona müəllimə (“Asif, Vasif, Ağasif”), Nazlı (“Qoca palıdın nağılı”), Bənövşə (“Çətirimiz buludlardır”), Əsli (“Qocalar, qocalar”), Xalidə (“Əlavə təsir”) və başqa obrazları da məzmunlu təqdimatına görə baxılan, sevilən rollarındandır.
Aktrisanın istedadı İran kinematoqrafçılarının da diqqətindən yayınmayıb, bir neçə filmə dəvət alıb. Kinorejissor Həsənağa Nəcəfinin çəkdiyi iki filmdə (“İtkin pay”, “Səkkizinci göy”) baş rolda çıxış edib, ana obrazlarını canlandırıb. Onu da qeyd edək ki, “Səkkizinci göy” filmindəki ana obrazı da məxsusi olaraq Xalidə Quliyeva üçün yazılıb.
İstedadı və bacarığı sayəsində tamaşaçıların böyük sevgisi ilə əhatələnən aktrisanın yaradıcılığı Dövlət tərəfindən də yüksək qiymətləndirilib. Kinoda göstərdiyi xidmətlərə görə 2008-ci ildə Respublikanın Əməkdar artisti, 2019-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Dövlət Film Fondu