Sənətdə uğur qazanmaq istedadla yanaşı böyük cəsarət tələb edir. Axı hər bir aktyor kinonu sevdirə, ekran obrazlarına nəfəs, can verə, eləcə də milyonların könlünə yol tapa bilməz. Bu mənada Azərbaycan kinosunda öz yeri olan, oynadığı rolları məntiqi cəhətdən mənalandıran, təsvir olunan hadisələrə yaradıcılığı vasitəsilə estetik münasibət bildirən unudulmaz aktrisamız, respublikanın Xalq artisti Amaliya Pənahovanın anadan olmasının 75 illiyi ərəfəsində sənət yoluna, yaradıcılığına nəzər salmağı özümüzə borc bilirik.
Tükənməz sənət eşqi
Amaliya Pənahovanın adı çəkiləndə Azərbaycan teatr, kino sənətinin ən yaddaqalımlı, bədii cəhətdən yüksək keyfiyyətli səhnə və ekran əsərləri yada düşür. Lirik-psixoloji aktyor məktəbinin yaradıcılarından biri olan aktrisa əsl sənət fədaisi idi. Onun sənətə gəlişi, ələlxüsus da milli kinomuzda rol alması tamaşaçılar üçün bir ərməğan, töhfə oldu.
Sənət uydurulmur, yaşayaraq, hiss edilərək yaradılır. Belə yaradıcılığa isə cəmiyyət həmişə hörmət və ehtiramla yanaşır, pərəstiş edir. Çünki ibrətamiz sənət mühüm həyat məsələlərinin həllini bilavasitə təhlil vasitəsinə çevirir, həmçinin ictimaiyyətin mühakiməsinə verir. Yaradıcılığı rəğbətlə izlənilən sənət fədailəri qəlblərdə əbədiləşir.
XX əsrin ikinci yarısında Azərbaycan dramaturgiyasında yeni tipli, müxtəlif xarakterli, müasir dövrün qadın obrazları (əsasən də romantik-poetik üslubda) yaranırdı. Tamaşaçılar tərəfindən maraqla izlənilən, həyat eşqi güclü olan, arzularını, xəyallarını böyük coşqu ilə dilə gətirən həyatsevər, həmçinin əməlpərvər personajların bir çoxu məhz Amaliya Pənahovanın ifasında sevilir, rəğbətlə qarşılanırdı. Anşlaqla izlənilən tamaşaların (“Təhminə və Zaur”, “Nişanlı qız”, “Unuda bilmirəm”, “Mənim günahım”, “Büllur sarayda” və digər) uğurunda 60-cı illərdən etibarən səhnə ulduzuna çevrilən Amaliya xanımın rolu danılmazdır, əvəzsizdir.
Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində sənət sirlərinə (1962-1966) yiyələnən istedadlı aktrisa hələ tələbə olarkən, 1964-cü ildən etibarən Akademik Dram Teatrının səhnəsində oynanılan “Sən həmişə mənimləsən” lirik-psixoloji pyesindəki Nargilə rolu ilə minlərlə tamaşaçının qəlbini ovsunladı. Tez bir zamanda məşhurluq qazanan aktrisanın teatr fəaliyyətindəki uğurları ardıcıllıq təşkil etsə də, təəssüflər olsun ki, kinematoqrafçılar gənc istedad sahibinin bacarığından bir müddət xəsisliklə istifadə etdi.
“Əhməd haradadır?” filmində epizodik debütü (Məsmə) ilə kinosevərlərin görüşünə gələn xanımın sənət sevincinə növbəti bir sevinc də əlavə olundu. Çünki ailə-məişət mövzusunda çəkilən, sevilən kinokomediyanın aktyorları siyahısında o da vardı. Bundan sonra “Cazibə qüvvəsi” (idmançı) və “Sən niyə susursan?” (uşaqlı qadın) filmlərində kiçikplanlı rolların öhdəsindən bacarıqla gələn aktrisa “Həyat bizi sınayır” (1972) ekran əsərində bir qədər geniş planlı (Münəvvər) rolu ilə kinonun arzulanan sakini olacağını bir daha vurğuladı. Bu filmdən sonra teatr yaradıcılığı ilə tamaşaçıların qəlbini fəth edən sənət kraliçası kinosevərlərin də könlündə taxt qurdu.
Kinonun sevilən siması
Amaliya Pənahovanın filmoqrafiyasına müxtəlif rolları oynadığı və qəhrəmanları səsləndirdiyi 50-dək film daxildir. Aktrisanın ekranda canlandırdığı rollarını göz önünə gətirdikcə orijinal ekran obrazlarının fərqliliyinə heyran qalırsan. Rollar təkcə formaca yox, məzmun və təqdimat baxımından da cəzbedici, yaşarı, real təsir bağışlayır.
Bu onun ilk baxışda asan görünən, əslində isə olduqca çətin bir sənətin dərinliklərinə, qəliz sənət texnikasına yaxşı bələd olmasından, düşüncələrini tamamilə sənətinə sərf etməsindən irəli gəlirdi.
Ümumiyyətlə, kinonun ilkin mərhələsindən etibarən ən məşhur teatr aktyorları belə filmlərə çəkilməyə can atıblar. Çünki tanıtım imkanları geniş olan kino yaradıcı insanlara daha emosional və uğurlu sənət nailiyyətləri qazandırıb. Təbii ki, bu kimi imkandan Amaliya Pənahova da məharətlə istifadə edib. Teatrda həyat hadisələrini şərtiliklər fonunda (dekorasiya, səhnə və s.) tamaşaçılara şərh edən xanım kinonun çoxşaxəli imkanlarına əsasən ekran obrazlarının yaşarılığına, dolğunluğuna daha çox nail olurdu. Bu mənada aktrisanın yaratdığı neçə-neçə tarixi, psixoloji, faciəvi, dramatik kino obrazları ümumilikdə Azərbaycan kinosunun nailiyyətinə çevrilirdi.
Aktrisanın “Xatirələr sahili” filmində Xalidə, “Qərib cinlər diyarında” nağıl-filmində Zərri, “Arxadan vurulan zərbə”də Ziba, “Babək” tarixi-bioqrafik filmində Zərnisə, “Qəribə adam”da Fəridə, “Mən nəğmə qoşuram”da Sonanın anası, “Gözlə məni” tarixi filmində Fəxrəndə, “Cavad xan” tarixi-bioqrafik filmində knyaginya Darya və başqa rolları bu gün də kinosevərlər tərəfindən böyük maraqla izlənilən dolğun, koloritli ekran personajlarıdır. Göründüyü kimi, janr müxtəlifliyi fonunda mürəkkəb xarakterlərin öhdəsindən ustalıqla gələn aktrisanın zəngin kino yaradıcılığını kinorejissorların ona olan inamı, rəğbəti ilə əlaqələndirmək olar.
Kinorejissor Xəyyam Abdullayev quruluş verdiyi (rejissor Elməddin Alıyevlə birgə, 2007) “Nəfəs” filmində Amaliya xanımın canlandırdığı (Ağabəyim) rolunu və sənət sevgisini dərin rəğbət hissi ilə xatırlayaraq deyir: “Nəfəs” filmi debüt filmimiz idi. Yaradıcılığımızın başlanğıcında o, bizə çox dəstək oldu. Onun bu filmdə çəkilməsi, bizimlə olması bizə onu öyrətdi ki, növbəti işlərimizdə də hansı insanlarla çalışmaq lazımdır ki, nəticəsi gözəl olsun. Biz ondan çox şey öyrəndik”.
Rejissor qeyd edir ki, Amaliya xanımı “Nəfəs” filminə dəvət edəndə o, 15 ilə yaxın idi ki kinoya çəkilmirdi: “Ssenari haqqında ona danışdım. Baxmayaraq ki, qısametrajlı film idi, yenə də çəkilməyə razılıq verdi. Bu bizim üçün böyük dəstək idi. Çəkilişlər İsmayıllı rayonunun Talıstan kəndinin yaxınlığında aparılırdı. Hava çox soyuq, yağışlı, yer palçıqlı idi. Çətinliklərə baxmayaraq, Amaliya xanım heç bir xüsusi imtiyaz tələb etmədən hamı ilə bərabər çəkilişlərə can yandırırdı. Onunla bağlı bəzi maraqlı məqamlar heç yadımdan çıxmır. Bir gün gecə saat ikiyə qədər çəkiliş apardıq. İş prosesindən sonra Amaliya xanımı rayon mərkəzində qaldığı mehmanxanaya yola saldıq. Gecə saat dörd olardı telefonum zəng çaldı. Bu Amaliya xanım idi. Mən narahat oldum ki, görəsən, nə olub. O, narahatlığımı səsimdən duyub dedi ki, Xəyyam narahat olma, mən qayıdandan sonra ssenariyə bir də baxdım, gördüm ki, bu gün çəkdiyiniz epizodlarda mən dialoqlardakı bir neçə sözü deməmişəm. Mən onu sakitləşdirdim ki, Amaliya xanım siz narahat olmayın, o epizodların montajını düşünmüşəm, sözlərə ehtiyac yoxdur, çünki həmin ifadələri hərəkətlərinizlə əvəz edəcəm. Onunla olan söhbətimiz yaddaşımda çox dərin iz buraxdı. O mənada ki, belə soyuq havada o, gedib dincələ də bilərdi, baxmayaraq ki, bu film onun yaradıcılıq filmoqrafiyasında o qədər də böyük əhəmiyyət kəsb etmirdi, ancaq o, bu işə ciddi yanaşmışdı, gecənin yarısında, çəkilişdən qayıtdıqdan sonra belə çəkilən epizodları hafizəsində bir daha incələmişdi.
Amaliya xanım yaxşı xüsusiyyətləri ilə bizi çox təəccübləndirirdi. Filmdə belə bir epizod var ki, o, (Ağabəyim) əlində dəhrə ilə gəlinini (aktrisa Vəfa Zeynalova) təqib edir. Yer xəzəllə örtülmüşdü, təbii ki, hamar deyildi. Birdən Amaliya xanım yıxıldı. Biz tez hamımız onu qaldırmaq üçün qaçdıq, ancaq biz çatana kimi o özü qalxdı. Çatanda soruşdum ki, nəsə olub, dedi yox heç nə olmayıb. Amma gördüm ki, əlini sıxıb. Biz həmin epizodu çəkib bitirdik. Mən epizod çəkildikdən sonra yenə ona yaxınlaşdım ki, Amaliya xanım əlinizə, deyəsən, nəsə olub. O, yavaş səslə bildirdi ki, Xəyyam ciddi bir şey yoxdu. Amma əlini açdıqda gördüm ki, dəhrənin uc hissəsi əlində çox dərin bir yara açıb. Biz tez lazımi tibbi yardım göstərdik”.
Aktrisanın şəxsiyyət tamlığından, qürurlu davranışından heyranlıqla danışan rejissor maraqlı bir nüansı da qeyd etməyi özünə borc bildi: “Filmdə bir köpəyi də çəkirdik. Belə bir epizod vardı ki, Amaliya xanım köpəyi tutub gətirməli idi, onunla bir neçə epizodda çəkilməli idi. Amaliya xanım İsmayıllıya həyat yoldaşı Yusif müəllimlə birgə gəlmişdi. O, maşından düşəndə gördüm ki, bir dolu çanta çıxardı və bildirdi ki, Xəyyam bu kolbasa, sosiskalardı, bunları evdən it üçün gətirmişəm. O, həmin epizod çəkilənə qədər iti özünə öyrədirdi, çalışırdı ki, it onu tanısın, çəkiliş vaxtı heç bir problem yaranmasın. Bu mənada o, işini sevən, bilən, son dərəcə məsuliyyətlə yanaşan bir xanım idi. Bir daha qeyd edirəm ki, böyük sənətkar, nümunəvi şəxsiyyət idi və onunla işləmək bizə zövq verirdi”.
Dublyajın ecazkar səsi
Kinonun ayrılmaz hissəsi olan dublyaj sənətinin filmlərin bədii keyfiyyətini, uğurunu artırması faktdır. Bu mənada dublyaj fəaliyyəti ilə kinoya dolğunluq gətirən aktyorların zəhməti əvəzsizdir. Amaliya Pənahovanın yerli və xarici filmlərin səsləndirilməsində, bir çox ekran əsərlərinin geniş tamaşaçı auditoriyasına sevdirilməsində rolu böyükdür. Ümumiyyətlə, Amaliya xanımın dublyaj fəaliyyəti ayrıca tədqiqat mövzusudur. Aktrisa filmlərimizdə rol alan azərbaycanlı aktrisalarla yanaşı əcnəbi aktrisaların rollarını da olduqca peşəkar səsləndirib.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “İstintaq davam edir” detektiv filmində Tatayana Ostapenko (aktrisa Lyudmila Şlyaxtur), “Gün keçdi”də Əsmər (Leyla Şıxlinskaya), “Var olun, qızlar”da Sona (Yelena Çuxray), “Bizim küçənin oğlanları” filmində Elmira (Sədaqət Dadaşova), “Dədə Qorqud”da Selcan (İnarə Quliyeva), “Alma almaya bənzər”də Aişə (İnarə Quliyeva), “Qızıl uçurum”da Ağbəniz (Yelena Qabets) və digər kino obrazlarının hiss və həyəcanlarını, tərəfdaşlarına olan münasibətlərini aktrisa səsindəki özünəməxsus coşquyla, canlı, emosional ifayla təqdim edib. Sözügedən rolların bəzən titrək, bəzən mülayim, bəzən həyəcanlı, bəzənsə həzin səs tonlarını yada saldıqca onların xarakterinə uyğunlaşdırılmış intonasiyaların sehrinin və ekran personajlarının uğur səbəbini bir daha anlayırsan. Bəli, məhz bu mənada kino kollektiv əməyin məhsuludur. Amaliya Pənahova kimi sənət aşiqləri isə sənətin bütün sahələrinə yüksəliş, keyfiyyət, alilik gətirən korifeylərdir.
Əməkdar artist, dublyaj fəaliyyəti ilə çoxsaylı tamaşaçı rəğbəti qazanan teatr və kino aktrisası Hüsniyyə Mürvətova sənət və həyat müəlliminin onlara olan qayğısını kövrələrək qeyd edir: “Mən onun haqqında sakit danışa bilmirəm. Onun məşqlərə gəlməyi bizim üçün bayrama çevrilirdi. Həmişə bizə böyük stimul verirdi və deyirdi ki, Bakı Bələdiyyə Teatrının aktyorları – siz hamınız çox istedadlısınız, gözəlsiniz. Həmişə özünüzü qürurlu aparın, özünüzlə də qürur duyun. Qastrollara gedəndə bölgələrdə də, xaricdə də bizi çox yüksək səviyyədə qarşılayırdılar. Hər şeyin ən yüksək səviyyəsi olurdu bizdə. O özü necə gözəl həyatı yaşayırdısa, onunla bərabər olanda bizə də o gözəllikləri yaşadırdı. Çox şən insan, etibarlı yol yoldaşı, məsuliyyətli sənətkar, qayğıkeş ana, gözəl xanım idi. O bir məktəb idi. Yeri gələndə sərt də olurdu, mülayim də. Amma heç vaxt ana qayğısını bizdən əsirgəmirdi. Valeh idik biz o xanıma. Mən ona bir aktrisa kimi də, bir şəxsiyyət kimi də pərəstiş edirdim. Onun hər hərəkəti mənim üçün örnək idi. Sənətinə gəldikdə isə o, bizim əfsanəvi aktrisamızdır və mən ona həmişə teatr Kraliçası deyirəm”.
Şəhla ƏMİRLİ
kinoşünas
14.06.2020